03 Yanvar 2025, Cümə

Muxtar respublikamızda taxılçılıq kənd təsərrüfatının aparıcı və ən vacib sahələrindən biridir. Bu əkinçilik növü ərzaq təhlükəsizliyinin təmin olunmasında, həm də heyvandarlıq təsərrüfatlarının yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır.
Torpaq-iqlim şəraiti əlverişli olan qədim diyarımızda intensiv becərmə texnologiyalarına üstünlük verməklə əkin sahələri ilbəil genişləndirilir, kənd təsərrüfatına az yararlı torpaqlar əkin dövriyyəsinə qatılır, məhsuldar toxum sortlarından istifadə olunur, suvarma şəbəkələri genişləndirilir, sahibkarlar texnika ilə təmin edilirlər. Görülən işlər taxıl istehsalının da xeyli artırılmasına kömək edir.
Qeyd edək ki, muxtar respublikamızda bu ilin məhsulu üçün 33 min 308 hektar sahədə taxıl əkilib. 1 iyul 2019-cu il tarixə olan məlumata əsasən Naxçıvan Muxtar Respublikası üzrə 12 min 11 hektar taxıl sahəsi biçilib, məhsul istehsalının həcmi 36 min 319 ton, məhsuldarlıq isə 30,2 sentner təşkil edib.

İyunun 25-də “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gələrək taxıl biçininin gedişi ilə maraqlanan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində görülən işlər öz nəticəsini verir. Yaradılan şərait, xüsusilə taxıl və qarğıdalının alış qiymətlərinin artırılması həm məhsul istehsalına, həm də bu yolla əhalinin məşğulluğunun təmin olunmasına stimul verir. Muxtar respublikada taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, taxıl əkini sahələri və məhsuldarlıq artırılmalı, tələbat 100 faiz yerli istehsal hesabına ödənilməlidir”.
Muxtar respublikamızın digər bölgələri kimi, Babək rayonunda da taxıl sahələrində biçin davam edir. Məlumat üçün bildirək ki, taxılçılıq üçün əlverişli iqlim və torpaq şəraitinə malik olan bölgədə bu ilin məhsulu üçün ötən ilin payızında və cari ilin yazında 10 min 610 hektarda taxıl əkilib. Sahələrə vaxtında aqrotexniki qulluq göstərildiyindən bol məhsul yetişdirilib. Bunu biçinin gedişi də göstərir. Belə ki, iyul ayının 1-dək 3951 hektar sahədən 12 min 177 ton taxıl tədarük olunub, məhsuldarlıq 30,8 sentner təşkil edib.
Rayonun Cəhri kənd sakini, torpaq mülkiyyətçisi Nüsrət Qurbanovla həmsöhbət olduq. O bildirdi ki, yaradılan şərait, texnika və kombayn təminatı biçin kampaniyasının itkisiz aparılmasına imkan verir. 85 hektar sahədə taxıl əkini həyata keçirən müsahibim dedi ki, bu günədək 45 hektar sahənin məhsulu tədarük edilib.
Nüsrət Qurbanov təsərrüfat işlərində istifadə olunan texnikaları güzəştli kredit hesabına “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən alıb.
İllərdir, taxılçılıqla məşğul olan torpaq mülkiyyətçisi bildirir ki, yüksək məhsuldarlığa nail olmaq üçün bütün aqrotexniki tədbirlər, yəni sahənin əkin üçün seçilməsindən başlamış biçinə qədər olan bütün texnoloji proseslər vaxtında və keyfiyyətlə yerinə yetirilir.
Müsahibim onu da bildirdi ki, dövlətimiz tərəfindən hər il güzəştli qiymətlərlə verilən mineral gübrələr, əkilən sahələrdə ziyanvericilərin qarşısını almaq üçün dərman vasitələri, məhsul istehsalçılarına yanacaq və motor yağlarına görə yardımlar becərmə işlərinin səmərəliliyini daha da artırır, məhsuldarlıq getdikcə yüksəlir.
Taxıl strateji məhsuldur və onun istehsalı kənd təsərrüfatının inkişafına bir töhfədir. Sevindirici haldır ki, taxılçılıqda aparılmış islahatlar öz bəhrəsini verməkdədir. Bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin bol məhsul yetişdirmələri üçün dövlət hər cür şərait yaradıb. Əkin sahələrinin su və mineral gübrələrlə təminatının ildən-ilə yaxşılaşdırılması, kreditlər ayrılması, dövlət tərəfindən hər hektar üçün subsidiyalar ödənilməsi torpaq mülkiyyətçilərinə stimuldur. Nüsrət Qurbanova da 175 hektar torpaq sahəsi üçün subsidiya verilib.
Göründüyü kimi, muxtar respublikamızda taxıl biçini mütəşəkkil aparılır. İndiyədək əldə olunmuş nəticələr belə deməyə əsas verir ki, bu il də taxılçılarımızın əməyi hədər getməyəcək.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR