Bu gün muxtar respublikada baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün hər cür imkanlar var
Baramaçılıq qədim tarixə malik gəlirli təsərrüfat sahələrindən biridir. Arxeoloji qazıntılar bu sahənin eramızdan 5 min il əvvəl mövcud olduğunu deməyə əsas verir. Baramaqurdu əsasında ipəkçilik qədim zamanlardan Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, İran, Türkiyə, Orta Asiya və Cənubi Qafqaz ölkələrində inkişaf edib. VII əsrdən isə ipəkçilik Azərbaycanda inkişaf etməyə başlayıb. Buna ölkəmizin əlverişli iqlim şəraiti, xüsusən bol Günəş işığı, tarixi əmək vərdişləri imkan verirdi.
XI-XII əsrlərdə Azərbaycanın müxtəlif bölgələrində istehsal edilən ipək kəmiyyət və keyfiyyətinə görə bütün dünyada şöhrət qazanmışdı. XIX əsrdə Rusiyada ipək istehsalı müəssisələri, əsasən, Azərbaycandan alınan barama xammalı hesabına işləyirdi. Sovetlər İttifaqı dövründə ölkəmizdə istehsal olunan ipək parça təkrar emal üçün SSRİ-nin ipək parça kombinatlarına göndərilirdi. Bu kombinatların sayı 250-ni ötmüşdü. Ötən əsrin sonlarında baş verən məlum hadisələr iqtisadi cəhətdən xeyli sərfəli olan bu təsərrüfat sahəsini də tənəzzülə uğratdı. Min hektarlarla tutluq sahələri sıradan çıxdı, istehsal sahələrindəki avadanlıqlar dağıdıldı. İnsanlar daimi iş yerlərini itirdilər.
İpəyi, adətən, qızıla bərabər tuturdular. Vaxt olub, pul əvəzinə işlənib. Tərəzinin bir gözünə ipəyi qoyurdular, birinə qızılı. Tarixin yaddaşında belə bir fakt qalır: monqollar ilk dəfə Azərbaycana gələndə onları başdan etmək üçün çoxlu daş-qaş versələr də, əl çəkməyiblər, yalnız xeyli ipək alandan sonra çıxıb gediblər.
Xeyiri, bərəkəti bilindikcə barama əhalinin gözündə daha da ucalırdı: “Cənnət qurdları”, yaxud “qızıl qurdlar” kimi tanınan barama qurdlarına qayğı artırdı. Barama bəslənən otaqlar yad baxışdan, bədnəzərdən pünhan saxlanar, haram əlli, yalan dilli, adı bədnam adamlar ora yaxına buraxılmazdı. Baramadərmə günü əsl toy-bayrama çevrilərdi...
Bugünkü ümumdünya iqtisadi böhranı fonunda ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər bu qədim və gəlirli təsərrüfat sahəsinin də aktuallığını artırıb.
İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı Azərbaycan üçün ən vacib kənd təsərrüfatı sahələrinin yaxın illərdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayarkən, bu sırada baramaçılığın da strateji məhsul kimi inkişafının vacibliyini qeyd edib, baramaçılığa da strateji sahə kimi xüsusi önəm veriləcəyini diqqətə çatdırıb: “Sovet dönəmində Azərbaycanda baramaçılıq çox geniş vüsət almışdı. Amma sonra biz gördük ki, bu sahə demək olar tamamilə dağılıb gedib. Əgər keçən il ancaq bir rayonda – Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama istehsal olunub. Yəni, 45 gün ərzində insanlar dövlətin dəstəyi ilə halal pul qazanıblar. Minlərlə insan bu 45 gündə 560 manat pul alıb və ailəyə aparıb”.
Bu sahə hələ ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dönəmində gəlirli sahələrdən birinə çevrilib. İpəkçiliyin inkişafında Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 1971-ci il 17 mart tarixli “Azərbaycanda ipəkçiliyin gələcək inkişafına dair tədbirlər” haqqında qərarının xüsusi rolu olub.
Həmin qərar əsasında ipəkçiliyin inkişafı ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib. Ayrı-ayrı rayonlarda ipək kombinatları, baramaaçan və toxuculuq fabrikləri yaradılıb. Həmin dövrün statistikasına görə, baramaçılıqda 150 min nəfər çalışıb. Respublikada 7 barama toxumu zavodu, 2 damazlıq ipəkçilik stansiyası, 30 baramaqurutma məntəqəsi, 80-ə qədər barama tədarükü və ilkin emalı müəssisəsi fəaliyyət göstərib. Hər il orta hesabla 4,3-5 min ton barama istehsal olunub. Bəhs olunan dövrdə Azərbaycan dünyada barama istehsalına görə 8-ci, SSRİ-də Özbəkistandan sonra 2-ci yeri, barama və ipəyin keyfiyyətinə görə isə 1-ci yeri tutub. Muxtar respublikamız da ölkəmizin baramaçılıqla məşğul olan ən güclü bazalarından biri kimi tanınıb.
Qayıdaq bu günə. “Azərbaycan Respublikasında İpəkçiliyin İnkişaf Konsepsiyası” layihəsində kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafı prioritet vəzifə olaraq müəyyən edilib. Konsepsiyada Naxçıvan Muxtar Respublikasında ipəkçilik məhsullarının istehsalının və emalının inkişafının dəstəklənməsinin davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, muxtar respublikamızın baramaçılığın inkişafındakı mühüm rolu “Naxçıvan tarixi”nin ikinci cildində öz əksini tapıb: “İpəkçilik... Naxçıvanın kənd təsərrüfatında vacib sahələrdən biri idi. Bölgədə ipəkçiliyin əsas mərkəzi Ordubad sayılırdı... Ordubad əyaləti İrəvan quberniyasında birinci yerdə dururdu. XIX əsrin 70-90-cı illərində bu əyalətin 46 kəndində ipəkçiliklə məşğul olurdular ki, bunların da arasında Ordubad şəhəri, Aşağı və Yuxarı Əylis, Aza, Çənnəb, Vənənd, Əndəmic, Dırnıs, Gənzə, Dəstə, Biləv kəndləri daha çox fərqlənirdi. Göstərilən 46 kəndin 41-də isə bilavasitə barama istehsalı ilə məşğul olurdular. İpəkçiliyin inkişaf etdirilməsində, əsasən, üç təsərrüfat sahəsi – tut plantasiyaları, barama istehsalı və ipəkəyirmə bir-birilə vəhdət təşkil edirdi. 1850-ci ildə Ordubad dairəsinin Aşağı Əylis, Dəstə, Biləv, Çənnəb və Ordubad ərazilərində 70 pud 20 girvənkə xam ipək hazırlanmışdı. 1862-ci ilin məlumatına görə, bu ərazilərdən 20 min puda qədər barama hasil edilmişdi... 1885-ci ildə Tiflisdə general-adyutant A.M.Dondukov – Korsakovun iştirakı ilə keçirilən ipəkçilik sərgisində 10 yaxşı ipək məhsulu nümayiş etdirilmiş, ən layiqlilər, o cümlədən Ordubad ipəkçiləri də mükafatlandırılmışdı. 1870-ci ildə Ordubadda 931 pud barama istehsal olunmuşdusa, bu rəqəm 1900-cü ildə 5 min 400 puda çatdırılmışdı. Barama istehsalı başlıca olaraq müxtəlif iri sahibkarların (Məşədi Nəsir, Kazım bəy Əsgərxanov, Kərbəlayi Bağır və sair) əlində cəmləşdiyi üçün onlar kənd burjuaziyası kimi formalaşaraq nəinki mərkəzi Rusiyanın iri toxuculuq sənaye müəssisələri ilə, habelə İtaliya, Fransa, Avstriya-Macarıstan kimi Avropa dövlətləri, eləcə də Yaponiya, Rəşt, Xorasan kimi ipəkçilik sahəsində şöhrət tapmış iri dövlət və şəhərlərlə geniş ticarət əlaqələri yaratmışdılar ”.
Tarix üzrə fəlsəfə doktoru Sara Hacıyeva yazır: “İpəkçilik ordubadlıların əsas məşğuliyyət sahələrindən biri olmaqla yanaşı, həm də həyat və güzəranı üçün gəlirli sahəyə çevrilmişdi. Ordubadda qadınlar ev şəraitində ipək parça toxuyur və ipək saplar hazırlayırdılar. Vaxtilə Naxçıvana səyahət etmiş səyyahların yazılarından məlum olur ki, o dövrdə yerli əhali həm daxili, həm də xarici bazarlar üçün yüksəkkeyfiyyətli ipəkdən müxtəlif parçalar, xalça, cecim və sair sənət nümunələri toxuyurdular. İpək və atlaz parçalardan tikilmiş paltarlar, geyimlər Naxçıvan əhalisi üçün xarakterik idi. İpəkdən hazırlanmış qadın baş örtükləri içərisində kəlağayı, müxtəlif örpəklər, örtüklər xüsusilə geniş yayılmışdı”.
* * *
1865-ci ildə Ordubad şəhərində baramaaçan (ipək) fabriki fəaliyyətə başlayır. Bu gün də Ordubadda hamının hörmətlə Ərbab kimi xatırladığı Rzaqulu Rzayev həmin fabriki yaradır və ilk direktoru olur. O, zavodu yaradarkən buraya 96 çeşməli 24 ədəd dəzgah gətirtdirir. Buraya çoxlu iş qüvvəsi cəlb edir. Qədim baramaçılıq ənənələri yenidən yaşadılmağa başlayır. Bu prosesdə digər təbii amillərlə yanaşı, tarixən qazanılmış təcrübə də mühüm rol oynayır.
1935-ci ildə baramaaçan fabriki yenidən qurulur. Fabrikə o dövr üçün müasir sayılan 42 ədəd mexaniki dəzgah gətirilir. 1969-cu ildə ulu öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlişindən sonra fabrik tamamilə yenidən qurulur. Belə ki, fabrik üçün yeni bina inşa edilir. Burada 24 ədəd avtomat baramaaçan dəzgah qurulur. Bir faktı da qeyd edək ki, 1970-ci ildə fabrikdə 860 nəfər işçi çalışıb. Bir il sonra fabrikdə toxucu sexi təşkil olunub. Burada 42 ədəd STB2-216 markalı toxucu, 39 ədəd açma və burucu dəzgah quraşdırılıb. 1985-ci ilədək fəaliyyət göstərən fabrikdə istehsal ilbəil artıb. 1980-ci ildə fabrikdə məhsul istehsalı 103 ton 823 kiloqrama, 1985-ci ildə məhsul istehsalı 115 ton 307 kiloqrama çatdırılıb.
Özüm də yaxşı xatırlayıram ki, o illərdə rayonun Aza, Dəstə, Vənənd, Düylün, Sabirkənd və digər yaşayış məntəqələrindən hər gün fabrikin ayırdığı avtobuslarla fəhlələr işə aparılıb-gətirilir, onlar birdəfəlik yeməklə təmin olunurdular. Kənd yerlərində yüz hektarlarla tutluq sahələri əkilmişdi. Bu sahələrdəki tut ağaclarından baramaçılığın, tutluqların otundan heyvandarlığın inkişafı üçün istifadə edilirdi. Baramaçılıqla məşğul olanlar yaxşı əməkhaqqı alırdılar. Baramaçılığın inkişafı həm kəndlərdə, həm də Ordubad şəhərində yaşayan adamların məşğulluğunun təmin edilməsində, onların ailə büdcəsinin formalaşdırılmasında böyük rol oynayıb. Onu da qeyd edim ki, Ordubad baramaaçan fabrikinə təkcə bu bölgədən, muxtar respublikanın digər rayonlarından deyil, ölkəmizin başqa bölgələrindən də barama gətirilir, ipək istehsal edilirdi.
Bir qədər də barama toxumu haqqında. Bununla bağlı uzun illər Ordubad barama toxumu zavodunun direktoru işləmiş Tofiq Qənbərovla həmsöhbət olduq. O bildirdi ki, Ordubadda əvvəllər barama toxumu evlərdə qadınlar tərəfindən primitiv qaydada yetişdirilirdi. Onlar yetişdirdikləri toxumdan özləri istifadə edirdilər. İqtisadi cəhətdən xeyirli olduğu üçün baramaçılığa maraq getdikcə artırdı. Təbii ki, bu da çoxlu toxum tələb edirdi. XX əsrin 20-ci illərinin sonlarında, təxminən, 1926-1927-ci illərdə Ordubad şəhərində kiçik bir otaqda barama toxumu istehsalına başlanılıb. 1932-ci ildə barama toxumu zavodu inşa olunub (həmin bina indi də Ordubad şəhərində durur).
* * *
Rayonda barama istehsalının həcmini artırmaq üçün müxtəlif tədbirlər həyata keçirilirdi. Bu tədbirlərdən biri də baramaçıların işini yüngülləşdirmək üçün böyük və bu sahə ilə daha çox məşğul olan kəndlərdə kümxana binalarının tikilməsi idi. Çünki 100-150 kiloqram barama yetişdirmək üçün bir neçə böyük otaq lazım idi. O illərdə hamının belə imkanları yox idi. Ona görə də kümxana tikilməsi zərurəti yaranmışdı. Hazırda rayonun Aza, Sabirkənd, Düylün yaşayış məntəqələrində həmin binalar qorunub saxlanılır. Bu binalarda 10-15 baramaçıya barama becərmək imkanı yaradılmışdı. Baramaçılar yüksək məhsuldarlığa nail olurdular. Onlar arasında müxtəlif dövlət mükafatlarına layiq görülən baramaçıları indi də yaxşı xatırlayıram. Mərhum Mənsurə Qurbanova, Tərlan Qurbanova, həmçinin Mehrəngiz Kazımova, Elmira Babayeva, Zivər Kazımova və başqaları təkcə Ordubadda deyil, ölkə səviyyəsində tanınmış baramaçılar idilər. Müxtəlif dövlət tədbirlərində adları çəkilirdi, onların zəhməti yüksək dəyərləndirilirdi. Bu yazını hazırlayarkən vaxtilə baramaçılıqla məşğul olan bir neçə insanla görüşdüm. Elmira Babayeva dedi ki, baramaçılıq ən gəlirli təsərrüfat sahəsidir. Bir üstünlüyü də ondadır ki, barama ən geci 35-40 günə hasilə gəlir. Bu da ilin digər vaxtlarında başqa təsərrüfat sahələri ilə məşğul olmağa imkan verir. Bu gün muxtar respublikamızda baramaçılıqla məşğul olmaq üçün hərtərəfli imkanlar var. Neçə illərdir ki, keçirilən iməciliklər dövründə əkinəyararsız torpaqlarda, pay torpaqlarının mərzlərində, yol kənarlarında əkilən tut ağacları baramaçılıq üçün xammaldır. Yaxşı haldır ki, muxtar respublikamızda əkilən tut sortları içərisində xanlar tut, firudin tut, əmin tut, sıxgöz tut, zərif tut üstünlük təşkil edir. Elə sovet dönəmindən qalma tutluq sahələri də az deyil. Belə sahələrə Ordubad, Babək, Şərur rayonlarının ərazilərində rast gəlmək mümkündür. Həmin sahələr pay torpaqları kimi əhaliyə verilsə də, insanlar bir vaxtlar onlara xeyli gəlir gətirən tut ağaclarına dəyməyiblər. Bu ünvanlardakı tut ağacları da yuxarıda dediyimiz qiymətli sortlardandır. Bu isə baramaçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün başlıca amillərdən biridir.
...Hər sahədə olduğu kimi, aqrar bölmədə də uğurla həyata keçirilən islahatlar muxtar respublikada sürətli sosial-iqtisadi yüksəlişdən xəbər verir. Ötən illərin burulğanında, bir növ, dağılıb gedən, unudulan, yaddan çıxan ənənəvi təsərrüfat sahələri tədricən bərpa olunur. Belə sahələrdən biri də ipəkçiliyin əsası sayılan baramaçılıqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da baramaçılığın inkişaf etdirilməsi nəzərdə tutulub və bu da hər birimizdə ümid yaradır ki, muxtar respublikada tezliklə baramaçılığın əvvəlki şöhrəti özünə qaytarılacaq...
Muxtar Məmmədov