10 Yanvar 2025, Cümə

İnşaat obyektlərinə “Duzdağ ömrü” bəxş edən müəssisələrdən biri –
Naxçıvan Sement Zavodu

Uzun illərdir, Avropada yaşayan, biznes fəaliyyəti ilə məşğul olan dostum Tahirin Türkiyəyə gəldiyini eşidib telefon əlaqəsi saxladım.
– Sabah gəlirəm Naxçıvana. Darıxmışam doğma şəhərimiz, kəndimiz üçün. Dünyanın işini bilmək olmaz, – deyib xudahafizləşdik.
Ertəsi gün Sədərək gömrük-keçid məntəqəsində onu qarşıladım. Mobil telefonla danışırdı. Bir az gözləməli oldum. Söhbətini yekunlaşdırıb: – Dayımla danışırdım. Deyir ki, Naxçıvan şəhəri tanınmaz dərəcədə dəyişib. Bizim evi isə heç tanımayacaqsan. Sən gördüyün ikimərtəbəli yastı-yapalaq binanın yerində indi çoxmərtəbəli bina ucaldılıb. Elə biz sakinlərə də burada hər cür şəraitə malik gözəl mənzillər verilib. Şəhərə çatan kimi bizə gəlin. Bir stəkan çayımızı için. Sonra da şəhəri gəzər, qohum-əqrəba ilə hal-əhval tutarsınız. Mən də ağsaqqal kişinin sözünü yerə salmadım, – dedi.
– Dayın haqlıdır. Naxçıvanın siması tanınmaz dərəcədə dəyişib. İnsanda xoş ovqat yaradan, müasir memarlıq üslubu ilə göz­oxşayan, bir-birindən yaraşıqlı inzibati və ictimai yaşayış binaları həyata vəsiqə alıb. Şəhərimizin gözəlliyinə xələl gətirən, istismar müddəti başa çatmış ictimai yaşayış binalarının yerində çoxmərtəbəli binalar ucaldılıb. Sakinlər daha gözəl, ən başlıcası isə təhlükəsiz mənzillərlə təmin ediliblər, – dedim.

Beləcə, Naxçıvan-Sədərək magistral avtomobil yolu ilə üz tutduq Naxçıvan şəhərinə. Şərur və Kəngərli rayonlarının yol kənarında yerləşən ayrı-ayrı yaşayış məntəqələrindəki quruculuq ərməğanlarını heyranlıqla seyr edən dostum, – bu layihələrin həyata keçirilməsi üçün min tonlarla sement tələb olunar. Bu qədər sement haradan alınıb gətirilir? – deyə soruşdu.
– Elədir, müxtəlif layihələrin həyata keçirilməsi üçün inşaat materialı kimi sementə tələbat artıb. Əvvəllər bu binalar xaricdən alınıb gətirilən sementlə tikilirdi. “Görəsən, keyfiyyəti necədir?” sualı ilə baş-başa qalırdıq. Naxçıvan Sement Zavodunun tikilib istifadəyə verilməsi ilə bu problem aradan qaldırılıb.
– Nə? Naxçıvanda Sement Zavodu tikilib?
– Bəli, düz eşitdin. İndi Naxçıvan sement idxal edən bölgədən sement ixrac edən bölgəyə çevrilib.
Elə söhbətimizin bu əsnasında Kəngərli rayonunun Böyükdüz massivində salınmış sənaye şəhərciyinə yaxınlaşdıq. Maşını yolun kənarına çəkib saxladım. Bu da haqqında danışdığımız Naxçıvan Sement Zavodu, – dedim.
Duzdağın ətəyində ucaldılan, özü də sovet hökumətinin 70 ildə qura bilmədiyi sənaye müəssisələrini seyr edən dostum həyəcanla dedi: – Bu ki nəhəng zavodlardır.
– Bəs necə? Naxçıvanda elə-belə iş görülməz. İş görüləndə də nəhəng işlər görülər.
Yolçu yolunda gərək, – deyib əyləşdik maşına. Artıq hava qaralmaqda idi. Duzdağ yoluna qalxdıqda görünən Naxçıvan şəhərini, gözoxşayan, sayrışan ulduzları xatırladan elektrik lampalarının bərq vurduğu ecazkar bir mənzərəni seyr edən dostum:
– Mən bura gələndə gördüyüm zülmətə qərq olmuş, ümidi çıraq işığına qalmış Naxçıvan indi dünyanın ən gözəl şəhərlərinə bənzəyir. Bu, inanılmazdır. Gərək mən də ata yurdumda bu gözəlliyə yaraşan bir fərdi ev tikdirəm. Doğrusu, yadımdan çıxdı soruşam, sementin qiyməti, keyfiyyəti necədir?
– Narahat olma. Naxçıvan sementinin münasib qiymətinə, keyfiyyətinə də söz ola bilməz. Bu, sən gördüyün “sovet sementi – təndir külü” deyil ki, tikdiyin uçub tökülsün. El dili ilə desək, bir araba sementə beş araba qum qatıb tikirsən. Özü də sonra bir çimdik belə qopara bilmərsən. Necədir?
– Daha bunu soruşmazlar, – dedi.
Beləcə, dostum Tahirlə iki gün müddətində Naxçıvanın bütün bölgələrini gəzdik. Amma hər şey zamana baxsa da, zaman heç nəyə baxmır, – deyiblər. Onun burada olacağı müddət başa çatdı. Sədərək gömrük-keçid məntəqəsindən yola salarkən:
– Ay Tahir, çalış qohum-əqrəbaya vaxt ayır, tez-tez baş çək, – dedim.
Beləcə, dostumla xudahafizləşib üz tutdum nəhənglərin qərar tutduğu ünvana – qədim Duzdağın ətəyində salınmış sənaye şəhərciyinə. Nəhənglərdən biri – Naxçıvan Sement Zavodunda görüşdüyüm mütəxəssislərin söylədiklərindən:
– “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının mütəxəssisləri tərəfindən sement istehsalı üçün xammal mənbələrinin müəyyən olunması məqsədilə geoloji axtarışlar aparılıb. Yataqlarda lazımi xammal aşkar olunduqdan sonra onun tərkibi Türkiyənin Sement İstehsalçıları Birliyi tərəfindən və Çin Xalq Respublikasının bu sahə üzrə ixtisaslaşmış laboratoriyalarında yoxlamadan keçirilib. Laboratoriyalardan müsbət rəylər alındıqdan sonra Kəngərli rayonunda 150,6 hektarlıq ərazidə yeni zavodun tikintisinə başlanılıb, 2012-ci ildə Naxçıvan Sement Zavodunun tikintisi uğurla başa çatdırılıb. Öz əhəmiyyətinə və çəkilən xərclərin miqyasına görə son 20 ilin ən böyük layihələrindən olan zavodun inşası “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının təcrübəli mütəxəssisləri və inşaatçıları tərəfindən həyata keçirilib. Burada istehsal sahələri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, inzibati və iaşə xidməti binaları tikilib, Naxçıvan-Sədərək magistralından zavodadək 2 kilometr məsafədə yeni avtomobil yolu çəkilib, asfalt-beton örtük salınıb, yüksəkkeyfiyyətli məhsul istehsalı ilə yanaşı, hazır məhsulun daşınmasına da hərtərəfli şərait yaradılıb.
2012-ci il mayın 30-da muxtar respublikamızda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Sement Zavodunun açılış mərasimində iştirak edib.

Müasir quru üsulla sement istehsal edilən zavod

Ç in və Türkiyə istehsalı olan avadanlıqların quraşdırıldığı ağır sənaye müəssisəsində 18 əsas istehsal bölməsi mövcuddur. Bütün xammal növləri muxtar respublikanın yataqlarından əldə olunur. Əsas xammal olan əhəngdaşı, mergel və köməkçi xammallar – dəmirli gil Kəngərli rayonunun Çalxanqala, kvars Şərur rayonunun Gümüşlü, gips isə Babək rayonunun Nehrəm kəndləri yaxınlığındakı yataqlardan çıxarılır. Məlumat üçün qeyd edək ki, zavodda sement müasir quru üsulu ilə istehsal edilir. Region ölkələrində bu üsulla sement istehsal edən çox az müəssisə var. Quru üsulla sement istehsalı zavodun yanacaq sərfini minimuma endirir. Keyfiyyət göstəriciləri ilə seçilən bu yerli məhsulun tanıdılması istiqamətində tədbirlər həyata keçirilir, Naxçıvan sementi ölkəmizin müxtəlif regionlarına, eləcə də Türkiyəyə və Gürcüstana göndərilir.

Zavod “CE” keyfiyyət nişanına layiq görülüb

İ stehsal prosesinin konveyer üsulu ilə təşkil edildiyi müəssisədə texnoloji proseslərə ciddi əməl edilir. Blok şəklində müəssisəyə daxil olan xammal müxtəlif mərhələlərdən keçməklə kiçik ölçülərdə doğranıb qarışıqlarla birlikdə 1400-1600 dərəcə istilikdə bişirilir. Hazır məhsul sonrakı mərhələdə üyüdülüb 50 kiloqramlıq kisələrdə qablaşdırılaraq “Naxçıvan sement” tanıtım nişanı ilə satışa çıxarılır. Naxçıvan Sement Zavodu “CE” keyfiyyət nişanına layiq görülüb. Bu keyfiyyət nişanı məhsulun Avropa tələblərinə uyğunluğunun göstəricisidir. Yeri gəlmişkən bildirək ki, keyfiyyət nişanı Avropa Birliyində akkreditasiyadan keçmiş Türk Standartlar İnstitutunun mütəxəssisləri tərəfindən istehsal prosesindəki avadanlıqlar, keyfiyyətə nəzarət cihazları, istehsal prosesində əməyin və ətraf mühitin mühafizəsi nəzərə alınaraq qiymətləndirilib. Eyni zamanda Türk Standartlar İnstitutu tərəfindən keyfiyyətin yoxlanılmasında istifadə edilən bütün ölçü cihazlarının və avadanlıqların da kalibrlənməsi aparılıb. Onu da qeyd edək ki, Avropa tələblərinə uyğunluğun göstəricisi olan bu keyfiyyət nişanının verildiyi hər bir müəssisənin məhsulu Türk Standartlar İnstitutu tərəfindən 6 aydan bir həmin institutun tikinti materialları laboratoriyasında kimyəvi və fiziki keyfiyyət göstəriciləri baxımından yoxlanılır.

Keyfiyyətə nəzarət müasir tələblər səviyyəsində qurulub

Zavodda istehsal xəttinə daxil olan xammalın, qatqı maddələrinin, istehsal olunan məhsulun keyfiyyətinə nəzarət müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyada həyata keçirilir. Burada quraşdırılan avadanlıqlarla istehsalat xəttindən saatda bir dəfə nümunələr alınaraq kimyəvi, fiziki və mexaniki analizlər aparılır. Bu analizlərin nəticəsi həm istehlakçıya verilir, həm də zavodun arxivində saxlanılır. Hər iki aydan bir klinkerlərin laborator analizləri Türkiyə Respublikasında həyata keçirilirdisə, yeni avadanlıqların quraşdırılmasından sonra bu problem aradan qaldırılıb, laboratoriyada Almaniya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb, mikroskopik analizlərin zavodda fəaliyyət göstərən laboratoriyada aparılması təmin edilib.

Zavodun istehsal gücü artırılıb

Y üksək keyfiyyət göstəriciləri ilə seçilən yerli inşaat materialı obyektlərin, ayrı-ayrı beton zavodlarının vaxtında və keyfiyyətli sementlə təmin olunmasına əlverişli şərait yaradıb. Daxili və xarici bazarda Naxçıvan sementinə artan tələbatın ödənilməsi məqsədilə zavodda yeni bir layihənin həyata keçirilməsi zərurəti yaranıb, istehsal xəttində klinker (hazır məhsul) çənləri ilə üyütmə bölməsi arasında yeni bölmə yaradılıb. Layihəyə uyğun olaraq, zavodda yeni bölmə üçün bina inşa olunub. Dünyada sement zavodları qurmaq sahəsində qabaqcıl təcrübəyə malik Almaniyanın “KHO”, “Polysims”, Danimarkanın “Flsm.dth” firmalarını soba, daşqırıcılar və üyüdücülərlə təmin edən Çin Xalq Respublikasının “Jiangsu Pengfei Group Co.LTD” şirkətindən müasir texnoloji avadanlıqlar alınıb, həmin şirkətin mütəxəssisləri tərəfindən quraşdırılıb. Yeni bölmənin istifadəyə verilməsi istehsal prosesinin daha da təkmilləşdirilməsinə səbəb olub, klinkerlərin daha kiçik formada parçalanmasına və üyütmə prosesinə müsbət təsir göstərib, yeni çeşiddə sement istehsalına və zavodun istehsal gücünün artmasına imkan verib. Gündəlik istehsal gücü 800 tondan 1300 tona çatdırılan zavodda hazırda tələbata uyğun məhsul istehsal olunub satışa çıxarılır.

Ekoloji tarazlığın qorunması diqqət mərkəzində saxlanılıb

Z avodun ətraf mühitə mənfi təsirinin minimum səviyyəyə endirilməsi üçün də bütün vacib tədbirlər həyata keçirilib. Bunun üçün burada dünya standartlarına uyğun avadanlıqlar quraşdırılıb. İstehsalat xəttində qırma, üyütmə və nəql kimi fiziki, bişirməyə hazırlıq üçün ilkin isitmə, ilkin kalsinasiya və yekun bişirmə kimi kimyəvi proseslər nəticəsində əmələ gələn toz və tüstü xüsusi tutucularla zərərsizləşdirilir.
Zavodun ətrafındakı ərazilərdə geniş yaşıllaşdırma tədbirləri həyata keçirilib. Bu məqsədlə 12 hektarlıq əraziyə 20 minə yaxın ağac əkilib, abadlaşdırma işləri aparılıb.
Yeni istehsal müəssisəsi əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Zavoddakı işçilərin əksəriyyəti muxtar respublika sakini olan gənclərdir. Müəssisədə texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğından mühafizə qaydalarına ciddi əməl edilir. Burada çalışanlar üçün normal iş şəraiti yaradılıb, onlar yüksək əməkhaqqı, xüsusi geyim formaları və servis xidməti ilə təmin olunublar.

Kərəm Həsənov

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR