Blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikamızda insanların rahat yaşaması, onların rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə tədbirlər içərisində ilin bütün fəsillərində əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunmasını xüsusi qeyd etmək lazımdır. Qış fəslində elektrik enerjisinə və təbii qaza tələbat bir qədər də artır. Üstəlik də muxtar respublikanın quru kontinental iqlimə malik olması bu mövsümə daha ciddi hazırlaşmağı zəruri edir. Buna görə də hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilir, müşavirədə görülən işlər təhlil olunur, qarşıda duran vəzifələr müəyyənləşdirilir, aidiyyəti qurumlara payız-qış mövsümünü mütəşəkkil surətdə başa vurmaq üçün tapşırıqlar verilir.
Ötən il avqust ayının 28-də keçirilən müşavirədə də qış mövsümünü mütəşəkkil keçirmək üçün görülən işlər müzakirə edilib, görüləcək işlər müəyyənləşdirilib. Qeyd olunub ki, muxtar respublikanın bütün yaşayış məntəqələrinin elektrik enerjisi və təbii qazla tam təchiz olunması əvvəlki illərdə üzləşilən çətinlikləri aradan qaldırıb. Bu da imkan verib ki, qış aylarında mənzillər, inzibati binalar, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin fəaliyyətində fasilələr yaranmasın.
Qış mövsümünə vaxtında hazırlıq işləri aparılmasının nəticəsidir ki, muxtar respublikanın ən böyük rayon mərkəzlərindən biri olan Şərur şəhərində də heç bir çətinlik müşahidə olunmur. Mövsümün uğurla başa çatdırılmasına məsul olan aidiyyəti qurumların fəaliyyəti belə deməyə əsas verir ki, həmin qurumlar qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək üçün yaradılmış imkanlardan səmərəli istifadə ediblər.
Şərur Şəhər Mənzil-İstismar Sahəsindən aldığımız məlumatda bildirilir ki, 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar olaraq Şərur şəhəri ərazisində yerləşən ictimai yaşayış və inzibati binaların, fərdi evlərin daxilində su-kanalizasiya və istilik xətlərinin təmiri, xətlərin yararlı vəziyyətdə saxlanılması, həmçinin yaşayış məhəllələrində sanitar-təmizlik işlərinin görülməsi diqqət mərkəzində saxlanılıb. Mənzil-İstismar Sahəsinin kollektivi şəhərin Heydər Əliyev, K.Seyidov prospektlərində, N.Nərimanov, H.Cavid, M.Müşfiq, M.Ə.Sabir, Nizami, S.Vurğun küçələrində yerləşən binaların istifadəyə yararsız giriş qapılarının, sıradan çıxmış şiferlərin dəyişdirilməsini vaxtında başa çatdırıb, çardaq örtüklərində təmir işləri aparıb. Digər zəruri tədbirlərin də həyata keçirilməsinin nəticəsidir ki, havalar soyuq keçsə də, şəhər sakinləri ciddi çətinliklərlə üzləşmirlər. Mənzil-İstismar Sahəsində yaradılmış reyd briqadası müntəzəm olaraq ictimai və inzibati binalara baxışlar keçirir.
Rayon Suvarma Sistemləri İdarəsi də mövsümə ciddi hazırlaşıb. Əhalinin ekoloji cəhətdən təmiz suya olan tələbatının fasiləsiz şəkildə təmin edilməsi üçün xeyli iş görülüb. İçməli su mənbələrində əsaslı və cari təmir işləri aparılıb. Ehtiyac duyulan su quyularında təzə nasoslar qoyulub, bir neçə artezian quyusu bərpa edilib. İdarənin balansında olan subartezian quyularının təmiri üçün kifayət qədər sarğı materialı, müxtəlif diametrli su borusu ehtiyatı yaradılıb. İçməli su mənbələrinə müntəzəm olaraq baxışlar keçirilir, müəyyən edilən nöqsanlar yerindəcə aradan qaldırılır.
Qış mövsümünün uğurla davam etdirilməsində rayon Elektrik Şəbəkəsi kollektivinin də əməyi böyükdür. Məlumat üçün bildirək ki, rayon üzrə elektrik hava xətlərinin ümumi uzunluğu 1458 kilometrdir. Elektrik enerjisindən qənaətlə istifadə olunması, israfçılıq hallarının qarşısının alınması üçün görülən tədbirlər, keçirilən yoxlama-reydlər, əhali arasında elektrik enerjisindən istifadə və təhlükəsizlik qaydaları haqqında aparılan maarifləndirmə işləri öz bəhrələrini verməkdədir. Elektriklər rayon ərazisində, ümumilikdə, 203 transformatorda, 342 kilometr uzunluqlu müxtəlif kilovoltluq hava xətlərində təmir işləri aparıblar. Şəbəkə tərəfindən 14 yeni transformator qurulub, 45 kilometr uzunluqda yeni xətt çəkilib. Sıradan çıxmış elektrik dirəkləri, dəmir konstruksiyalı dayaqlar dəyişdirilib, 590 metr kabel yenilənib. Təbii ki, bu tədbirlərin bir qismi Şərur şəhərini əhatə edib. Şəhər ərazisinin müxtəlif ünvanlarında aparılan tikinti-quruculuq tədbirləri ilə əlaqədar olaraq görülən işlər qış mövsümündə yarana biləcəyi ehtimal olunan çətinlikləri aradan qaldırıb. Bu təşkilatda da kifayət qədər mal-material ehtiyatı yaradılıb.
Rayonun rabitəçiləri qış mövsümündə şəhər əhalisinin bu xidmət növündən səmərəli istifadə etməsi üçün üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çalışırlar. Şəhərdə 1690 abonent telefon rabitəsindən istifadə edir. Xidmətin səviyyəsini yüksəltmək üçün tədbirlər həyata keçirilib, təmir işləri aparılıb, müxtəlif tutumlu kabellər yeniləşdirilib, rabitə şəbəkəsinin demontaj və montaj işləri yerinə yetirilib.
Qış mövsümü, demək olar ki, öz ömrünün yarısını başa vurmaqdadır. Bu dövrdə Şərur şəhərində də havaların soyuq keçməsi vaxtında hazırlıq tədbirləri görülməsi hesabına sakinləri qorxutmayıb, onları problemlərlə üz-üzə qoymayıb. Şərurlular əmindirlər ki, mövsüm beləcə də başa çatacaq.
Muxtar Məmmədov