14 Yanvar 2025, Çərşənbə axşamı

Bu mövzuda Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında keçirilən tədbiri giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev açmışdır.
YAP Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova, Dəmirçi kənd tam orta məktəbi ilk partiya təşkilatının sədri Həbib Ələkbərov, rayon Statistika İdarəsi ilk partiya təşkilatının sədri Ramiz Rəsulov və Kürçülü kənd tam orta məktəbi ilk partiya təşkilatının sədri Zülfiyyə Məmmədova çıxış etmişlər.
Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldiyi vaxt respublikamız iqtisadi durğunluq, siyasi və mənəvi tənəzzül vəziyyətində idi. Azərbaycan milli gəlirin artım sürətinə görə keçmiş SSRİ-dəki bəzi respublikalardan xeyli geri qalırdı. Həmin dövrdə xalqımızın böyük oğlu Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikada yaranmış sosial-iqtisadi durum hərtərəfli təhlil olunmuş, geriliyin səbəbləri aşkara çıxarılmış və qısa müddətdə onun aradan qaldırılması yolları müəyyənləşdirilmişdir. İqtisadiyyatın hərtərəfli inkişafı və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq pro­qramlar işlənib hazırlanmış və bütün sahələri əhatə edən yeni sosial-iqtisadi inkişaf mərhələsi başlanmışdır.

Dahi rəhbər yaxşı bilirdi ki, müstəqil yaşamaq üçün, birinci növbədə, ölkə iqtisadi asılılıqdan qurtulmalı, hər cəhətdən özünü təmin etmək imkanı olmalıdır. Buna görə də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və digər mühüm sahələrdə qısa müddətdə misilsiz işlər görülmüşdür.
Vurğulanmışdır ki, respublikamızda hərəkətə gətirilən potensial Şərur rayonunun da hərtərəfli inkişafına böyük təkan vermişdir. Geniş üzüm plantasiyaları və meyvə bağları salınmış, istehsal olunan məhsulun ilkin emalı üçün 6 şərab zavodu, o vaxtadək keçmiş SSRİ-də analoqu olmayan konserv zavodu, yağ-pendir zavodu tikilmiş, dəmir-beton konstruksiyaları zavodu, qum-çınqıl emalı müəssisəsi, asfalt zavodu işə salınmışdır. Ümumilikdə, on il ərzində rayonda irili-xırdalı iyirmidən artıq istehsal müəssisəsi yaradılmışdır. Ötən əsrin 70-ci illərində Arpaçay Su Anbarının, bu anbardan qidalanan sağ və sol sahil kanallarının istismara verilməsi ilə 40 min hektardan artıq torpaq sahəsinə yeni həyat verilmişdir. Respublika rəhbəri tərəfindən aqrar sahənin inkişafına göstərilən diqqət və qayğının nəticəsi idi ki, rayonda hər il 100 min tondan çox üzüm, xeyli taxıl, tütün, meyvə, tərəvəz, heyvandarlıq məhsulları istehsal olunurdu.
Bildirilmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik qazanmış ölkəmizi vətəndaş müharibəsi təhlükəsi bürüyəndə, milli dövlətçiliyimiz məhv olmaq, respublikamız parçalanmaq təhlükəsi ilə üz-üzə qalanda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı bütün bəlalardan qurtarmışdır. Ulu öndərimiz parçalanmaq təhlükəsi ilə üzləşən, ictimai-siyasi, hərbi və mənəvi böhran içində çabalayan ölkəni yenidən qurmuş, onu məhv olmaqdan, dağılmaqdan xilas etmişdir.
Qeyd olunmuşdur ki, günü-gündən tərəqqi edən Azərbaycanımız, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu inkişaf sosial-iqtisadi və mədəni həyatın bütün sahələrini əhatə edir. Bu gün böyük qürur hissi keçiririk ki, ulu öndərin Naxçıvanın dünəni, bu günü və daha xoşbəxt gələcəyi naminə müəyyənləşdirdiyi strategiya uğurla həyata keçirilir. Son 20 ildə aparılan ardıcıl və uğurlu siyasət nəticəsində muxtar respublikanın sosial-iqtisadi sahədə qazandığı uğurları saymaqla bitməz. Artıq xarici bazarlardan asılılıq minimuma endirilmişdir. İşsizliyin aradan qaldırılması, məşğulluğun təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində hər il minlərlə yeni iş yerləri yaradılır. Yaşayış məntəqələrinə fasiləsiz elektrik enerjisi və qaz verilir. Yol-nəqliyyat kompleksi yenilənir, ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına təmin edilir, ümumtəhsil məktəblərinin şəbəkəsi yeni istifadəyə verilən obyektlər hesabına ildən-ilə genişlənir. Sevindirici nəticələrdən biri də odur ki, əhalinin artımında və məskunlaşmasında hər il yüksək rəqəmlər qeydə alınır.
Tədbirdə bir daha nəzərə çatdırılmışdır ki, bütün bölgələri hərtərəfli inkişafda olan bugünkü qüdrətli Azərbaycanı bir dövlət kimi ulu öndər Heydər Əliyev qurmuş və onun uzun müddətə hesablanmış gələcək inkişaf perspektivlərini müəyyənləşdirmişdir. Təqdirəlayiq haldır ki, əsası ümummilli liderimiz tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi və siyasi strategiya onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Azərbaycan bütün dünyada demokratik, dünyəvi və hüquqi dövlət kimi tanınır. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan Azərbaycan dövlətində mövcud olan siyasi sabitlik, yüksək inkişaf xarici əlaqələrimizin də genişlənməsinə müsbət təsir göstərir. Ulu öndərin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyərək yüksək dəyərləndirdiyi möhtərəm Prezidentimiz bu ümidləri doğruldur, doğma Azərbaycanımızı Heydər Əliyev ideyalarının nurunda daha xoş, daha işıqlı gələcəyə aparır.

Elman MƏMMƏDOV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR