Muzeylər elə ünvanlardır ki, buraya üz tutanlar mənsub olduqları xalqın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında mütləq yeni məlumatlar əldə etmək imkanı qazanırlar. Bu amil nəzərə alınaraq muxtar respublikada keçirilən “Muzey günləri”ndə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, müxtəlif təşkilatların əməkdaşları muzeylərə gedir, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi özündə əks etdirən eksponatlarla tanış olurlar.
İyunun 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyində olmuşlar. Məlumat verilmişdir ki, son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, mədəni irsimizin qorunması işinə diqqət artırılmışdır. Muxtar respublikada xalçaçılıq sənətinin yaşadılması istiqamətində görülən işlər bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin edilmiş, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulmuşdur. Hazırda muzeydə 3292 eksponat vardır.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Naxçıvan Şəhər Məhkəməsinin və ixtisaslaşdırılmış məhkəmələrin kollektivləri də Naxçıvan Dövlət Xalça Muzeyində olmuşlar.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, Rabitə və Yeni Texnologiyalar və Səhiyyə nazirliklərinin kollektivləri Heydər Əliyev Muzeyində, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin, Ədliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və struktur qurumlarının kollektivləri Ədəbiyyat Muzeyində, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Maliyyə və Vergilər nazirliklərinin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyində, İqtisadiyyat və Sənaye, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin kollektivləri Dövlət Bayrağı Muzeyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin kollektivləri isə C.Naxçıvanskinin ev-muzeyində olmuşlar.
Muxtar respublikanın rayonlarında fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların nümayəndələri də muzeyləri ziyarət etmişlər.
“Şərq qapısı”