İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti ölkənin şimal-qərbində yerləşir. Əlverişli coğrafi mövqeyi, gözəl təbiəti, qədim tarixi və zəngin mədəni irsi Şərqi Azərbaycan Vilayətinin əsas səciyyəvi cəhətlərindəndir. Son illər sənaye və aqrar sahənin dinamik inkişafı, xüsusilə xarici ticarət əlaqələrinin genişlənməsi buranı İranın ən əhəmiyyətli və inkişaf etmiş bölgələrindən birinə çevirmişdir.
45 min 491 kvadratkilometr ərazisi olan bu vilayətdə 3 milyon 807 min nəfər əhali yaşayır. Ərazisinə görə ölkənin 13-cü böyük vilayəti olan Şərqi Azərbaycanda 20 əyalət, 24 rayon, 62 şəhər, 142 kənd və 3079 kiçik yaşayış məntəqəsi vardır. Bölgədə sənayenin sürətli inkişafının nəticəsidir ki, hazırda əhalinin 40,8 faizi bu sahədə, 20,5 faizi kənd təsərrüfatı və 38,7 faizi isə xidmət sahəsində fəaliyyət göstərir.
Vilayətin mərkəzi olan Təbriz tarixən elm və mədəniyyət şəhəri olmuşdur. Məhəmmədhüseyn Şəhriyar, Şəms Təbrizi, Qətran Təbrizi və digər tanınmış ədiblər bu torpağın yetirmələridir. Bu ədiblər fars dili ilə yanaşı, doğma Azərbaycan dilində də dəyərli əsərlər yaratmış, şeiriyyətin və ədəbiyyatın inkişafına öz töhfələrini vermişlər. Bu gün Təbriz şəhərinin əhalisi Azərbaycan dilində danışır.
Şərqi Azərbaycan Vilayətində, xüsusilə də mərkəz Təbriz şəhərində elmin və təhsilin inkişafına xüsusi diqqət yetirilir. İstər tarixən mövcud olmuş təhsil ənənələri, istərsə də yaradılan müasir şərait burada ali təhsil ocaqlarının inkişafı üçün geniş imkanlar açmışdır. Təbriz Universiteti, Təbriz Tibb Elmləri Universiteti və digər təhsil müəssisələri böyük elmi potensiala malikdir. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, 2013-2014-cü tədris ilində Şərqi Azərbaycan Vilayətində 215 min 542 nəfər tələbə 139 ali təhsil müəssisəsində təhsil almışdır ki, onların da 52,7 faizi dövlət təhsil müəssisələrinin payına düşür.
İran İslam Respublikasının əsas iqtisadi mərkəzlərindən olan Şərqi Azərbaycan Vilayətinin inkişafını şərtləndirən amillərdən biri də onun tranzit mövqeyə və yüksək iqtisadi potensiala malik olmasıdır. Burada 4 gömrük məntəqəsi – Culfa, Təbriz, Səhəlan və Marağa, eləcə də böyük tutuma malik olan anbarlar fəaliyyət göstərir. Bu da vilayətin strateji əhəmiyyətini xeyli artırmış, onu beynəlxalq ticarət mərkəzinə çevirmişdir. Bu mənada ərazidə mövcud olan Araz Azad Ticarət və Sənaye Zonasını xüsusilə qeyd etmək lazımdır.
51 min hektar ərazisi olan Ticarət və Sənaye Zonası Təbrizdən 137, Tehrandan isə 761 kilometrlik məsafədə yerləşir. Mühüm coğrafi şəraitə malik yük dəhlizi üzərində yerləşməsi, istehsal olunan məhsulların ixrac imkanları, uzunmüddətli vergidən azadolma, sənaye maşınlarının və xammalın idxalında gömrük rüsumlarının alınmaması daxili və xarici investorların bu zonaya axınının əsas səbəblərindəndir. Sənaye, xidmət, anbarçılıq, kənd təsərrüfatı, ticarət, avtomobil xidmətləri sahələrində 310 şirkətin fəaliyyət göstərdiyi Araz Azad Ticarət və Sənaye Zonasını sahibkarlar şəhəri də adlandırmaq olar. Burada 96 bina sahibkarların ixtiyarına verilmişdir. Hazırda zonada Türkiyə, Cənubi Koreya, Hindistan, Çin və Qazaxıstandan olan 22 xarici şirkət fəaliyyət göstərir və 100-dən artıq müxtəlif xarici ölkə vətəndaşı çalışır.
Araz Azad Ticarət və Sənaye Zonasında aqrar sektorun inkişafı üçün də geniş imkanlar mövcuddur. Ərazidə 22 min 590 hektar əkinəyararlı torpaq sahəsi mövcuddur və bu torpaqlardan səmərəli istifadə olunur. Hazırda 190 hektar sahədə istixanalar fəaliyyət göstərir. Digər 22 min 400 hektarı isə müxtəlif meyvə bağları və əkin sahələridir. Bu bağlar və əkin sahələri, əsasən, dövlətin və özəl bölmənin investisiyası ilə ərsəyə gəlmişdir. Əlavə olaraq, illik gücü 148 min ton benzin, ağ neft, dizel və mazut istehsalı olan neftayırma zavodu da tikilib istifadəyə verilmişdir. Burada elektrik enerjisi istehsalı üçün də əlverişli şərait vardır. Hazırda xarici investisiya hesabına 500 meqavat gücündə elektrik stansiyasının tikilməsi gələcəkdə enerji ixracatının həcminin artırılmasına öz töhfəsini verəcəkdir.
Araz Azad Ticarət və Sənaye Zonasında təhsilin inkişafına da böyük önəm verilir. Bu gün zonada İranın 6 böyük ali təhsil müəssisəsinin nümayəndəlik və şöbələri fəaliyyət göstərir. Tehran, Təbriz, Təbriz Tibb Elmləri, Azad və Pəyame Nur universitetlərinin nümayəndəlikləri burada müxtəlif sahələrdə tələbə qəbulu və tədrisi ilə məşğuldurlar. Hazırda 4 min tələbə ali təhsilin müxtəlif pillələrində təhsillərini davam etdirir.
Şərqi Azərbaycan Vilayətində iqtisadiyyatın bütün sahələrinin inkişafı, xüsusilə də istehsal müəssisələrinin fəaliyyətinin stimullaşdırılması, yeni müəssisələrin yaradılması diqqət mərkəzindədir. Burada sənayenin və kənd təsərrüfatının müxtəlif sahələri sürətlə inkişaf etdirilir. Kənd təsərrüfatının inkişafında başlıca yeri meyvəçilik və tərəvəzçilik tutur. Şərqi Azərbaycan Vilayətinin kənd təsərrüfatı imkanları onun ölkənin “taxıl anbarı” kimi tanınmasına səbəb olmuşdur. Vilayətdə taxıl bitkiləri ilə yanaşı, paxlalı bitkilər, kartof, soğan, qarğıdalı və digər məhsullar istehsal olunur, alma, armud, şaftalı, ərik və digər meyvələr yetişdirilir. Ərazinin dağlıq bölgədə yerləşməsi arıçılığın da inkişafına stimul vermişdir. Həmçinin Şərqi Azərbaycan Vilayətində quşçuluq və balıqçılıq da inkişaf etdirilir.
Bütün bunlara baxmayaraq, bölgə iqtisadiyyatında başlıca yeri sənaye tutur. İran İslam Respublikasının əsas sənaye bölgələrindən biri hesab olunan vilayətdə maşınqayırma sənayesi, xüsusən də kənd təsərrüfatı texnikaları istehsalı inkişaf etmişdir. Burada traktor, avtomobil, dərman, kafel-seramika, petrokimya zavodları və 5715 kiçik sənaye müəssisəsi fəaliyyət göstərir. 35 sənaye şəhərciyinin və 17 sənaye rayonunun mövcud olması da bu sahənin inkişafını şərtləndirən başlıca amillərdəndir. 11 xarici ölkənin investorlarının fəaliyyət göstərdiyi və 151 binadan ibarət xarici investorlar şəhərciyi bu mənada mühüm əhəmiyyət daşıyır. Digər bir tərəfdən ərazidəki zəngin mədən yataqları mədən sənayesinin inkişafına səbəb olmuşdur. Haliyədə vilayətdə 628 mədəndən istifadə olunur. Porlit, diyatomit, neflin sinit, kaulin, qızıl və bahalı daşlar mədənləri həm İranda, həm də dünyada bu sahə üzrə sayılıb-seçilən istehsal müəssisələridir.
İqtisadiyyatın inkişafı, ən əsası da ticarət əlaqələrinin genişləndirilməsi burada beynəlxalq tədbirlərin keçirilməsi üçün geniş imkanlar yaratmışdır. 200 hektar əraziyə malik Təbriz Beynəlxalq Sərgi Salonu bu baxımdan xüsusilə qeyd olunmalıdır. Təbriz-Tehran magistralından 5 kilometr aralıda tikilən mərkəzdə hər birinin sahəsi 15 min kvadratmetr olmaqla, 7 örtülü və sahəsi 10 min kvadratmetr olan açıq salon mövcuddur. Burada investorların cəlb olunması, sərmayə imkanlarının araşdırılması və sərmayədarların qarşılaşdıqları problemlərin həlli məqsədilə xidmət mərkəzi də yaradılmışdır.
İranın Şərqi Azərbaycan Vilayətinin nəqliyyat sistemi də müasir tələblər səviyyəsində qurulmuşdur. Hazırda yaşayış məntəqələrini birləşdirən rahat yollar, eləcə də geniş tranzit imkanlarına malik yol şəbəkələri bölgənin inkişafına töhfə verməkdədir. Tehran-Ankara dəmir yolu vilayətin mərkəzi Təbriz şəhərindən keçir. Şərqi Azərbaycan Vilayətində Təbriz Beynəlxalq və Səhənd aeroportları da fəaliyyət göstərir. Gələcəkdə Təbriz-Avropa-Təbriz, Təbriz-Türkiyə birbaşa təyyarə reyslərinin açılması da nəzərdə tutulmuşdur.
İran İslam Respublikası və Azərbaycan Respublikası iki qonşu ölkə olmaqla, yüksək səviyyədə dostluq əlaqələrinə malikdirlər. Son illər münasibətlər ikitərəfli formatda uğurla inkişaf etdirilir. Bu əlaqələrin tərkib hissəsi kimi, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasındakı münasibətlər də məmnunluq doğurur. Ölkələrimiz arasında siyasi və iqtisadi sahədə əlaqələrin uğurla davam etdirilməsi, xüsusilə də ikitərəfli rəsmi səfərlər əlaqələrin gələcək inkişafı üçün geniş perspektivlər açır.