Dünən Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvan Qarnizonunun Zabitlər evində hərb tariximizin tanınmış simalarından olan Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Hərbi Lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Azad Cəfərov açaraq bildirib ki, görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 9 aprel tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər planına əsasən, muxtar respublikada hərb tariximizin unudulmaz simalarından olan Cəmşid Naxçıvanskinin 120 illik yubiley tədbirləri keçirilir. Bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə keçirilən yubiley tədbiri də bu qəbildəndir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev bildirib ki, hərb tariximizin yetirdiyi görkəmli şəxsiyyətlər sırasında Naxçıvanskilərin öz yeri var. Kəngərlilər nəslinin davamçılarından olan Naxçıvanskilər həm dövlətçilik, həm də hərbi sahədə mühüm xidmətlər göstərərək adlarını milli tariximizin səhifələrinə yazdırıblar. Onlardan biri də sonuncu Kəngərli generalı Cəmşid Naxçıvanskidir. Cəmşid Naxçıvanskinin ömür yolu bu gün gənclərimiz, eyni zamanda hərb peşəsinin incəliklərini öyrənən kursantlarımız üçün əsl nümunədir.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev çıxış edərək bildirib ki, Cəmşid xan Naxçıvanski 1895-ci ildə anadan olub. O, 12 yaşınadək evdə və Naxçıvan şəhər qəza məktəbində təhsil alıb. Onun mənsub olduğu Kəngərli tayfasının əksəriyyətinin hərbçi, xüsusilə süvari döyüşçü olması, həmçinin atası Cəfərqulu xanın və əmilərinin adlı-sanlı hərbçi sərkərdələr kimi tanınmaları onu Tiflisdəki hərbi məktəbə – kadet korpusa gətirib çıxarıb. 1914-cü ilin martında Cəmşid xan Tiflis Kadet Korpusunda yeddiillik təhsilini başa vurub. 1914-cü il avqustun 1-də Yelizavetqrad Süvari Hərbi Məktəbinə gələn Cəmşid xan həmin məktəbə oxumağa qəbul edilib. O, 1915-ci ilin mart ayında tatar (azərbaycanlı) süvari polkunda həqiqi hərbi xidmətə başlayıb. 1920-ci ildə Cəmşid xan ikinci Qarabağ süvari polkunun komandiri təyin edilib. Ona böyük bir riskli iş tapşırılır: Qarabağdakı Əsgəran qalasını erməni daşnaklarından təmizləmək. O, aprel ayının 12-dək Ağdamı və Xankəndini, eləcə də Şuşanı erməni quldurlarından təmizləyib. Cəmşid xan Naxçıvanski 1921-ci ildə Azərbaycanın ilk milli atıcı diviziyasını yaradıb və həmin diviziyaya komandir təyin olunub.
Qeyd olunub ki, 1923-cü ildə Moskvadakı fəhlə-kəndli ordusunun Hərbi Akademiyasına birillik kursa oxumağa göndərilən Cəmşid xan yenidən Bakıya qayıdıb atıcı diviziyasına komandirlik edib. 1931-ci ildən isə M.V.Frunze adına Hərbi Akademiyanın xüsusi qrupunda təhsilini davam etdirib. Sonra isə həmin akademiyanın ikinci kurs rəisi kimi yüksək vəzifədə çalışıb. Lakin ötən əsrin 30-cu illərinin repressiya burulğanı Cəmşid Naxçıvanskidən də yan keçməyib. 1938-ci ildə antisovet millətçisi, sovet hökumətinin düşməni kimi qondarma ittihamlarla həbs edilərək güllələnib.
Vurğulanıb ki, görkəmli hərb xadiminin adı xalqına ulu öndərimiz Heydər Əliyev tərəfindən qaytarılıb. 1971-ci ildə Moskvanın əsassız cəhdlərinə baxmayaraq, Bakı şəhərində respublika hərbi təyinatli orta internat məktəbi yaradılıb və Cəmşid Naxçıvanskinin adı bu məktəbdə əbədiləşdirilib. Sonralar bu məktəb hərbi liseyə çevrilib. Böyük sərkərdənin adına indi ölkəmizdə hərbi lisey, ev-muzeyi və tam orta məktəb var.
Sonra kursantlar Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.
Səbuhi Həsənov