12 Yanvar 2025, Bazar

Fevralın 12-də Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yaradılmasının 15 ili tamam olur. Ötən dövrdə muxtar respublikada müasir vergi xidmətinin yaranması, yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində ardıcıl işlər görülmüşdür.

Ölkəmizdə vergi sisteminin yaradılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ali hakimiyyətə ikinci qayıdışından sonra vergi sistemində də köklü dəyişikliklər aparılmış, onun müasir standartlar əsasında formalaşdırılması zərurət kimi qarşıya qoyulmuşdur. “Əgər biz müstəqil dövlətiksə, müstəqil inkişaf etmək istəyiriksə, biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də vergi orqanlarının işinə daha çox diqqət yetirməliyik”, – deyən ümummilli lider Heydər Əliyev vergi siyasəti sahəsində köklü islahatlar aparmışdır. Dahi rəhbərin 2000-ci il 11 fevral tarixli Fərmanına əsasən, Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Azərbaycan Respublikası Vergilər Nazirliyi yaradılmışdır. Beləliklə, dövlət vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılması təmin edilmişdir.

Bundan başqa, ölkəmizdə vergi qanunvericiliyi bazasının yaradılması prosesi uğurla həyata keçirilmiş, beynəlxalq təcrübə nəzərə alınaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi qəbul edilmişdir. Bu məcəlləyə əsasən, vergi növlərinin sayı və dərəcələri aşağı salınmış, aksizə cəlb olunan malların siyahısı azaldılmış, vergi orqanı və vergi ödəyicilərinin hüquq və vəzifələri dəqiqləşdirilmiş, vergi nəzarətinin həyata keçirilmə forması və üsulları müəyyən edilmişdir.
Ümummilli liderimizin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə, o cümlədən vergi siyasəti sahəsində də uğurla davam etdirilir. Dövlət başçısının 2005-ci il 12 sen­tyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005-2007-ci illər)” Vergilər Nazirliyinin ölkə iqtisadiyyatının inkişafı sahəsində vəzifə və məsuliyyətinin gələcək istiqamətlərini müəyyən etmişdir. Dövlət proqramının uğurlu icrası nəticəsində vergi inzibatçılığının formalaşdırılmasına nail olunmuş, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində mühüm nəticələr əldə edilmişdir. Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin işə salınması vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi sistemində sənəd dövriyyəsinin elektron formata keçirilməsinə, operativ və çevik vergi nəzarətinin qurulmasına səbəb olmuşdur.
Ölkəmizin vergi sistemində aparılan islahatlar muxtar respublikada da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 12 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi yaradılmış, nazirliyin Əsasnaməsi təsdiq edilmişdir. Fəaliyyət göstərdiyi 15 il ərzində nazirlik böyük inkişaf yolu keçmiş, maddi-texniki bazası xeyli gücləndirilmiş, nazirlik və onun rayon şöbələri, Naxçıvan Şəhər Vergilər İdarəsi üçün müasir standartlara cavab verən binalar tikilərək istifadəyə verilmiş, əməkdaşlar üçün hərtərəfli iş şəraiti yaradılmışdır. Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində vergi daxilolmalarının ahəngdarlığına nail olunmuş və proqnoz tapşırıqlar hər il artıqlaması ilə icra olunmuşdur.
Ölkə Prezidentinin sərəncamına əsasən, 2008-ci il yanvarın 1-dən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatı “bir pəncərə” prinsipi ilə həyata keçirilir. Sahibkar­lıq mühitinin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyan bu dəyişik­lik muxtar respublikada da sahibkar­lıq sektoruna marağın güclənməsinə və biznesin inkişafına təkan vermişdir. 2008-2014-cü illər ərzində muxtar respublika üzrə 189 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına, 10 min 510 fiziki şəxs isə sahibkarlıq uçotuna alınmışdır. Ötən dövr ərzində muxtar respublikada əlverişli investisiya mühiti yaradılmış, iş adamlarına öz bizneslərini inkişaf etdirmək üçün güzəştli kreditlər ayrılmış, yeni istehsal və xidmət sahələri istifadəyə verilmişdir. Bunun nəticəsində özəl sektor dinamik inkişaf edərək muxtar respublika iqtisadiyyatının əsasını təşkil etmiş, son 15 il ərzində özəl sektordan vergi daxilolmaları 8,5 faizdən 63,3 faizədək yüksəlmişdir.
Dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan yeni metodların tətbiqi vergi sisteminin daha etibarlı fəaliyyətinə və vergi ödəyicilərinin rahatlığına təminat verir. Bu mənada “Elektron bəyannamə” sistemi vergi orqanları ilə vergi ödəyiciləri arasında əlaqələrin tam şəffaf prinsiplər üzərində qurulmasına şərait yaradır. Hazırda muxtar respublikada vergi ödəyiciləri tərəfindən bəyannamələr elektron formada təqdim olunur. Həmin bəyannamələr operativ olaraq kameral vergi yoxlamalarından keçirilir və qanunauyğun tədbirlər görülür. 2014-cü il ərzində vergi ödəyiciləri tərəfindən təqdim olunmuş 22 min 824 vergi bəyannaməsinin vergi orqanlarında kameral və analoji qaydada yoxlanılması nəticəsində 355 vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamələrdə vergilərin düzgün hesablanmaması aşkar edilmiş, 89 min 781 manat məbləğində vergi yenidən hesablanaraq büdcəyə ödənilmişdir.
Muxtar respublikada vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Belə ki, vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsini təmin etmək məqsədilə 2010-cu il mart ayının 1-dən etibarən “onlayn kargüzarlıq” sisteminin tətbiqinə başlanılmışdır. Bu sistem sayəsində vətəndaşlar vergi orqanına göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini “onlayn” rejimdə izləyə bilirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq, hazırda vergi orqanlarında reqlament üzrə nəzərdə tutulmuş 35 elektron xidmətdən 31-nin icrası təmin edilmişdir.
Aqrar sahənin inkişafı ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Ona görə də bu sahədə tətbiq edilən stimullaşdırıcı tədbirlərdən biri də vergi güzəştlərinin verilməsidir. Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları 2014-cü il yanvarın 1-dən başlayaraq 5 il müddətinə torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilmişlər.
İnsan resurslarının idarə edilməsi həmişə üstün istiqamət hesab edildiyindən Vergilər Nazirliyi bacarıqlı və bilikli kadrların işə qəbulunu diqqət mərkəzində saxlayır, əməkdaşların peşəkarlığı artırılır. Bu sahədə görülən işlərin nəticəsidir ki, 2009-2014-cü illər ərzində 45 nəfər test imtahanından keçərək vergi orqanlarında xidmətə qəbul edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov vergi orqanları əməkdaşlarının qarşısında mühüm vəzifələr qoyaraq demişdir: “Muxtar respublikamızda dövlət vergi siyasətinin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, vergi orqanlarının fəaliyyətinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Ona görə də muxtar respublikanın vergi orqanlarında çalışanlar öz işlərini qanunvericiliyin tələblərinə uyğun qurmalı, hüquqi və fiziki şəxslər tərəfindən vergilərin vaxtlı-vaxtında ödənilməsi, vergi ödəyicilərinə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi və vətəndaşlar arasında maarifləndirmə işlərinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmalıdır”.
Vergilər Nazirliyinin kollektivi qarşıya qoyulan bu tapşırıqların icrasını bundan sonra da layiqincə yerinə yetirəcək, muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfəsini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR