10 Yanvar 2025, Cümə

Qədim abidələri ilə tanınan yurd yeri

Rayon mərkəzindən 13 kilometr aralıda yerləşən Aşağı Yaycı kəndi Şərurun qədim yaşayış məskənlərindən biridir. Yaycılılar qədim türkdilli tayfalardan biri hesab olunur. Aşağı Yaycı kəndinin cənub tərəfindən aşkar olunmuş Yaycı nekropolundan tapılmış ox ucluqları və yaylar, kənddəki abidələr, tapılan saxsı qablar Tunc və Dəmir dövründən xəbər verir. Yaycılılar əvvəlcə dağlar qoynunda, yəni indiki Yuxarı Yaycıda, Ağbulaq adlanan ərazinin ətrafında məskən salmışlar. Əhali artdıqca sakinlərin bir hissəsi nisbətən aşağıda, Arpaçayın sahilində məskunlaşmışdır. Beləliklə, ikinci kənd də yaranmış və bura Aşağı Yaycı adlandırılmışdır.
Aşağı Yaycı kəndi Uzunqaya dağ silsiləsinin Arpaçaya endiyi yerdə yerləşir. Arpaçay vadisi, Mayılxan düzü dağlarla əhatə olunmuşdur. Buradakı daş divarların qalınlıqlarını e.ə. II-I minilliklərə aid etmək olar. Fərhad arxı öz başlanğıcını Qız qalasının yaxınlığından, Arpaçaydan götürür. Uzunluğu 30 kilometr, eni 2,4, dərinliyi 2-3 metrdir. Kanal qədim zamanlarda Şərur düzünün şimalında və cənubunda olan əkin sahələrini suvarmaq üçün istifadə edilmişdir. Kənddəki Qalacıq arxı da e.ə. II minilliyin ortalarında qazılmış ölkə əhəmiyyətli arxeoloji abidə hesab olunur. Aşağı Yaycı həm də qədim abidələri ilə məşhurdur.

 Yaşlı sakinin dedikləri

Ta qədimdən Yaycıda kişilər dulusçuluq, dəmirçilik, dülgərlik, ovçuluq, bənnalıqla, qadınlar isə toxuculuq və xalçaçılıqla məşğul olmuşlar. 1941-1945-ci illər müharibəsi dövründə sənətkarlığın bu sahələrinə diqqət azalmışdır. Kəndin kişiləri cəbhəyə yollanmış, qadınların ev, məişət qayğıları ilə yanaşı, gecə-gündüz arxa cəbhədə ağır təsərrüfat işləri ilə məşğul olması onları toxuculuq peşəsindən ayırmışdır. Bu haqda mənə sinni 80-i aşmış Xədicə nənə danışdı. Onu da deyim ki, Xədicə nənə çox qıvraq, gümrah qalıb. Bunun səbəbini soruşdum. Cavabı belə oldu:
– Nə bilim, ay oğul, bu yaşacan bir iynə vurdurmamış, bir dərman atmamışam. Sapsağlam olmağımın səbəbini daha çox süd-qatıq, per-pencər yeməyimdə görürəm. Dağlarımızda nələr bitmir? Ələyəz, əvəlik, cincilim, qazayağı, quzuqulağı, quşdili, xatınbarmağı, tərə, çaşır, bolu, cacıq, unnuca, südləyən, acıqıcı, gicitkən... saymaqla qurtarmaz, oğul. Qış yeməklərim isə bunlardır: tərhalva, hörrə, hərsə, xəşil, quymaq, ərik qaysavası, əriştə və qovurmalı umac aşı.

Aşağı Yaycı Şərurun müasir yaşayış məntəqələrindən biridir

Kəndin mərkəzində müasir binalar inşa edilmişdir. İkimərtəbəli, yaraşıqlı məktəb binası diqqətimi cəlb etdi. Aşağı Yaycı kənd tam orta məktəbinin direktoru Yeganə Məmmədova ilə görüşmək qərarına gəldim. Onu yaxından tanıyırdım. YAP Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Onun dediklərindən:
– 2008-ci ilə qədər köhnə binada fəaliyyət göstərmişik. Təbii ki, belə şəraitdə yüksək uğur qazanmaqdan danışmaq da mümkün deyildi. Muxtar respublikada təhsil sahəsinə göstərilən qayğının getdikcə artdığını görəndə inanırdıq ki, nə vaxtsa bizim kənddə də yeni məktəb binası tikiləcək. Çox gözləməli olmadıq. Zəngin kitabxanası, fənn kabinələri, laboratoriyaları, geniş, işıqlı sinif otaqları olan bu məktəb binası yaxşı işləmək əzmimizi də, məsuliyyətimizi də artırıb. 224 şagird yerlik məktəb binasında hazırda 133 şagird oxuyur. Onların təlim-tərbiyəsi ilə 20 müəllim məşğul olur. Məktəbdə hər 12 şagirdə bir kompüter düşür. Şagirdlərin Vətənə məhəbbət ruhunda tərbiyə edilməsinə, dövlətçiliyimizə sadiq gənclər kimi yetişməsinə çalışan kollektiv göstərilən qayğıya əməli işlə cavab verməyə səy göstərir. Elə bunun nəticəsidir ki, məktəbi bitirən gənclərimizin ali məktəblərə qəbul faizi də ildən-ilə yüksəlir. Təkcə bu il 12 məzunumuzdan 7 nəfəri ali məktəb tələbəsi adını qazanmışdır. Onlardan 2 nəfəri 500-dən çox bal toplamışdır.
Kənd əhalisinin, demək olar ki, heç bir çətinliyi yoxdur. Müxtəlif dərman bitkiləri və yabanı meyvələrlə dolu əsrarəngiz təbiətimiz, bol meyvəli bağlarımız bizə ata-babalarımızdan miras qalan kəndimizi dərin məhəbbətlə sevdirir. Bir də insana öz doğma yurdundan əziz nə ola bilər? Müasir tələblərə cavab verən və hər cür avadanlıqlarla təchiz olunan məktəb binası ilə yanaşı, kənd mərkəzinin, həkim ambulatoriyasının, ticarət mərkəzinin inşa olunması, Naxçıvan-Sədərək avtomagistralından başlayıb Aşağı Yaycı kəndindən keçməklə Gümüşlüyədək uzanan 14 kilometrlik yola asfalt döşənməsi, kəndin hər bir evinə mavi yanacağın verilməsi biz sakinlərə göstərilən böyük qayğıdır. Bu qayğı qarşımıza mühüm vəzifələr qoyur.
Yurd yerimizdə əmin-arxayın yaşayırıq. Ona görə ki, əzəmətli dağların zirvələrində, səngərlərdə Vətən oğulları torpaqlarımızı layiqincə qoruyur, ayıq-sayıq xidmət göstərirlər. Sərhədlərimiz etibarlı əllərdədirsə, deməli, insanlar da rahat, firavan yaşaya bilərlər.

Sakinlər, əsasən, heyvandarlıq və bitkiçiliklə məşğul olurlar

İnzibati ərazi dairəsi üzrə nümayəndə Mirnemət Seyidovla da söhbətləşdik. Dedi ki, bütün dağ kəndləri kimi, Aşağı Yaycıda da heyvandarlığın inkişafına maraq ildən-ilə artır, kənd adamları dədə-baba sənətini inkişaf etdirməyə ciddi önəm verirlər. Zəhmətlərinin də bəhrələrini görürlər. Bu da insanları torpağa daha sıx tellərlə bağlayır.
Aşağı Yaycının 3348 hektar ümumi sahəsi var. Aqrar islahatlar zamanı 462 təsərrüfatı, 1702 nəfər əhalisi olan kənddə 146 hektar əkinəyararlı sahə pay torpağı kimi əhalinin istifadəsinə verilib. 411 baş qaramal, 1282 baş davar bəslənilir. Mirzə Əliyevi, Əşrəf Səfərovu, Camal Həsənovu, Əsgər Həkimovu, Tofiq Mirzəliyevi kənddə təcrübəli heyvandarlar kimi tanıyırlar. Mirzə Əliyevin 150 başa yaxın iribuynuzlu heyvanı var, ildən-ilə onların baş sayını artırır. Pay torpaqlarına yonca əkib, “Aqrolizinq” xətti ilə traktor alıb, minik maşını, yük maşını var. Oğlanları Mahir və Əhməd də ataları ilə birlikdə mal-heyvan bəsləyir, var-dövlətlərini artırır, firavan yaşayırlar.
Dağ kəndinin coğrafi şəraiti ilə iqlim xüsusiyyətləri burada arıçılığın da inkişafına imkan verir. Bu gün Aşağı Yaycıda 381 arı ailəsi saxlanılır. Arıçılar İsrafil Babayev, Əhməd Mirzəliyev, Tarverdi Salahov söhbət zamanı bildirdilər ki, yaxşı qulluq edilən hər arı ailəsindən ildə 15-20 kiloqram bal götürmək mümkündür. Aşağı Yaycıda bu rəqəm bir qədər də yüksək olur. Həm də keyfiyyətinə görə aran yerlərdə istehsal olunan baldan xeyli üstündür. Odur ki, kənd adamlarının arıçılığın inkişafına marağı getdikcə artır. Çox zəhmət tələb etsə də, bu sahə ilə məşğul olanların əməyi hədər getmir, onlar istehsal olunan məhsulun satışında da heç bir problemlə üzləşmirlər.
Aşağı Yaycıda bu il təsərrüfatın digər sahələrində də yaddaqalan uğurlar qazanılmışdır. Ötən dövrdə 315 ton taxıl, 110 ton tərəvəz, 60 ton kartof, 25 ton dən qarğıdalı, 150 ton meyvə istehsal olunmuşdur.

“Dağlar dağımdır mənim...”

Payız bolluq, bərəkət fəslidir. İndi Aşağı Yaycının da yaxşı çağları, yaxşı vaxtıdır. Özü də bu fikri iki yöndə – həm təbii, həm də sosial mənada yozmaq olar. Bu yozumun istər təbiət, istərsə də sosial-iqtisadi tərəfini yuxarıda az da olsa, açıqladım. Ancaq xüsusi vurğulayım ki, Aşağı Yaycıda məskunlaşanların say artımı təkcə bu yerlərin gözəl təbiəti ilə bağlı deyil. Çünki təbiət elə 15-20 il əvvəlki təbiətdir. Sadəcə, indi Aşağı Yaycıda normal həyat tərzi, yaşayış üçün yaradılan şərait təbiətin cazibədarlığını ötüb keçib və məhz bu amil insanları Aşağı Yaycıya çəkib gətirən ən mühüm səbəbə çevrilməkdədir. Mən bu kənddə 15-20 il əvvəl də olmuşam, 10 il, 5 il əvvəl də oraya güzarım düşüb, indi də həm işimlə bağlı, həm də dağlardan ötrü darıxanda yolumu tez-tez oradan salıram. Nədənsə, mənə elə gəlir ki, əvvəllər tədricən dəyişən Aşağı Yaycı son vaxtlar köklü yeniləşmə dövrünü yaşayır və dəyişikliyin sürəti az qala zamanın gedişini qabaqlayır. Sakinlər bu yurdda yaşamaları ilə fəxr duyur, sonsuz qürur hissi keçirirlər. Onların hamısının dilinin əzbəridir bu misralar:
Dağlar dağımdır mənim,
Xoş oylağımdır mənim.
Bura mənim Vətənim,
Həm yaylağımdır mənim...

Arpaçayın layla çaldığı Aşağı Yaycının mərkəzində dayanmışam. Günəş çoxdan dağların arxasında gizlənib. Qara zurnanın səsi ərşə yüksəlib dağlarda əks-səda verir. Aşağı Yaycıda toy-büsat qurulub. Şənlik iki gün davam edəcək. Adətləri belədir. Bu kənddə toya dəvətnamə yazılmır, sakinlər özləri könüllü iştirak edirlər. Deməli, sabah gəlin köçəcək, yeni bir ailənin təməli qoyulacaq. Kənddə daha bir ocaq çatılacaq, alovlanacaq. Xoşbəxt olsunlar! Düşünürəm: nə yaxşı ki belə kəndlərimiz var. Demək, adət-ənənələrimiz də, milli dəyərlərimiz də yaddan çıxmayacaq, xalqın yaddaşında yaşayacaq. 

 Cəfər ƏLİYEV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR