“Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2014-cü il tarixli Sərəncamına əsasən, dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Səxavət Salmanov açıb.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra xidmətin rəisi bildirib ki, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər silahlı qüvvələrimizin də hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu gün Azərbaycanın, eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyini təmin edən müasir və güclü ordumuz vardır.
Ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişaf etməsi ordumuzun istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu göstərir. Silahlı qüvvələrimizin muxtar respublikada yerləşən hərbi hissələrində maddi-texniki bazanın yüksək səviyyədə təminatı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına göstərilən diqqət, xidmət üçün yaradılmış hərtərəfli şərait çağırışçı gənclərin də böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola salınmasına şərait yaradır.
Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Heydər Heydərov, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək bu əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Fərman Babayev övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini deyib, ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Polad Abdullayev Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını can-başla yerinə yetirəcəklərinə söz verib.
Analoji tədbir Sədərək və Şahbuz rayonlarında da keçirilib.
Xəbərlər şöbəsi