05 Yanvar 2025, Bazar

Xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizdə müəyyənləşdirdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbiətin qorunmasına və zənginləşdirilməsinə, ekoloji problemlərin həllinə ciddi diqqət yetirən ölkə başçısı demişdir: “Azərbaycanda elə bir sahə yoxdur ki, sürətlə inkişaf etməsin... Bütövlükdə, ölkəmiz yeniləşir, müasirləşir, zənginləşir, bununla bərabər, təbii ki, sürətli inkişaf istər-istəməz ətraf mühitə təsir göstərə bilir. Məhz buna görə də biz çalışırıq ki, öz ekoloji tədbirlərimizi geniş kontekstdə həyata keçirək”.
Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsidir. Ötən dövr ərzində diyarımızda ətraf mühitin mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində mühüm işlər görülmüş, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, bəzək kolları, həmişəyaşıl, həmçinin meşə ağaclarının əkilməsi, müntəzəm olaraq onlara qulluq edilməsi diqqət mərkəzində saxlanılmış, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılması istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilmişdir.

Cari ildə də bu tədbirlər davam etdirilməkdədir.
Mart ayının 15-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu. Naxçıvan şəhərinin sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri bu tədbirdə fəallıq göstərmişlər. Həmin gün Uzunoba Su Anbarı yaxınlığındakı yeni salınmış 2 hektarlıq  meyvə bağında 1500 ədəd meyvə ağacı əkilmiş, Naxçıvan-Sədərək və Naxçıvan-Batabat magistral yolunun sağ və sol hissələrindəki yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, yaşıllıqlar suvarılmışdır.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri də, əvvəlki iməciliklərdə olduğu kimi, əzmkarlıq nümayiş etdirmişlər. İməcilikdə Sərxanlı kəndi yaxınlığındakı bağda 500 ədəd meşə, Dizə-Gümüşlü yolunun kənarındakı bağda 2300, rayonun Qarxun, Tumaslı, Vərməziyar, Mahmudkənd, Zeyvə və Yuxarı Daşarx kəndlərində yol kənarlarına bərpa məqsədilə 1000 ədəd meyvə ağacı əkilmişdir.
Həmin gün Babək rayonunun ərazisində də fəallıq müşahidə edilmişdir. Rayon sakinləri Naxçıvan-Batabat magistral yolunun Vayxır kəndindən keçən hissəsində 550 ədəd çinar, Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarlarında 0,5 hektarlıq sahədə bərpa məqsədilə 350 ədəd meyvə, Şıxmahmud kəndi ərazisində 273 ədəd həmişəyaşıl ağac əkmişlər.
Bağlar diyarı Ordubadda da iməciliklər mütəşəkkilliklə keçirilmişdir. Sabirkənddəki məktəbin yaxınlığında 2 hektarlıq yeni salınmış bağda 500 ədəd, Qazi massivində bərpa məqsədilə 250 ədəd, rayonun bütün kənd mərkəzlərində isə 1200 ədəd müxtəlif növ meyvə ağacı əkilmiş, Naxçıvan-Ordubad magistral yolunun Dəstə kəndindən keçən hissəsində yol kənarlarındakı bağlarda təmizlik işləri aparılmış, ağaclar suvarılmışdır.
Culfa rayonunun Camaldın kəndində 0,3 hektarlıq sahədə 150 ədəd, Milax kəndində 0,2 hektarlıq sahədə 140 ədəd, Yaycı kəndində 0,5 hektarlıq sahədə 200 ədəd meyvə, Naxçıvan-Ordubad magistral yolunun kənarındakı 0,5 hektarlıq yeni salınmış sahədə 200 ədəd meşə, bərpa məqsədilə rayonun bütün bağlarında 300 ədəd meyvə, 500 ədəd meşə ağacı əkilmişdir.
Kəngərli Rayon Mərkəzi Xəstəxanasının həyətində yeni salınmış 1 hektarlıq bağda 400 ədəd müxtəlif meyvə ağacı, 200 ədəd həmişəyaşıl ağac, 300 ədəd gül kolu, Naxçıvan-Sədərək magistral yolunun Böyükdüz kəndindən keçən hissəsindəki bağlarda bərpa məqsədilə 100 ədəd meyvə ağacı əkilmişdir.
Şahbuzlular Daylaqlı kəndi ərazisində yeni salınmış 1,6 hektarlıq meyvə bağında 1170 ədəd, rayonun Kükü, Qızıl Qışlaq, Güney Qışlaq, Ayrınc, Ağbulaq və Gömür kəndlərində, ümumilikdə, 1,5 hektarlıq sahədə 1060 ədəd meyvə ağacı, şəhərin park və xiyabanlarında 110 ədəd həmişəyaşıl ağac, 460 ədəd gül kolu əkmişlər.
Sədərək rayonunun sakinləri Qaraağac kəndində yeni salınmış 4 hektarlıq bağda 1800 ədəd meyvə ağacı, Heydərabad qəsəbəsindəki park və xiyabanlarda 60 ədəd həmişəyaşıl ağac, 250 ədəd gül kolu əkmişlər.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR