05 Yanvar 2025, Bazar

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində Babək qəsəbə və Qoşadizə kənd tam orta məktəbləri şagirdlərinin iştirakı ilə açıq dərs keçilib. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə keçilən açıq dərsdə Qoşadizə kənd tam orta məktəbinin tarix müəllimi Cəfərqulu Quliyev “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda danışıb. Bildirilib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası həm tarix və mədənilik baxımından, həm də yerləşdiyi geostrateji mövqeyinə görə həmişə maraq dairəsində olub. Bu səbəbdən bu qədim diyar tarixin müxtəlif dövrlərində işğal xarakteri daşıyan hücumlara məruz qalsa da, bütün çətinliklərə sinə gərib və öz varlığını qoruyub saxlaya bilib.

Vurğulanıb ki, sovet rəhbərliyi tərəfindən qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi nəticəsində Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşüb. Qədim diyarın muxtariyyət statusu məsələsində görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, məsələ ilə bağlı Moskvada apardığı danışıqlar, 1921-ci il martın 1-də V.İ.Leninə göndərdiyi məktub, nəhayət, Rusiyanın Naxçıvan məsələsinə münasibətini müsbət istiqamətdə dəyişməsinə səbəb oldu. Nəticədə, Naxçıvan muxtar statusu RSFSR ilə Türkiyə arasında imzalanan Moskva müqaviləsində təsbit edildi. Elə həmin il oktyabrın 13-də RSFSR ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə arasında imzalanmış Qars müqaviləsinə əsasən, Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirildi. Həmin müqavilələrlə Rusiya, Türkiyə və Cənubi Qafqaz respublikaları Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat verdilər.
Qeyd olunub ki, muxtar qurumlar yaranma əsaslarına görə milli-ərazi və inzibati-ərazi əlamətlərinə ayrılır. Naxçıvan Muxtar Respublikası dövlətin əsas ərazilərindən tam təcrid olunmuş vəziyyətə, geosiyasi əsasa görə yaranıb. Belə coğrafi-siyasi əlamət tarixi zərurət kimi Naxçıvana muxtar hüquqların verilməsini şərtləndirib və qismən özünüidarə hüququnun tanınmasına yol açıb. Çünki Zəngəzur mahalının Ermənistana verilməsi ilə Naxçıvan diyarı Azərbaycanın əsas ərazilərindən aralı düşüb, nəticədə, muxtariyyət məsələsi gündəliyə gəlib.
“Naxçıvanın Azərbaycan SSR-in tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevralınadək ləngidildi”, – deyən Cəfərqulu Quliyev bildirib ki, həmin il fevralın 9-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekretinə əsasən, Naxçıvan muxtar ölkəsi Azərbaycan SSR tərkibində muxtar respublikaya çevrildi. Bununla da, qədim diyarın statusu qəti şəkildə müəyyənləşdi.
Babək qəsəbə tam orta məktəbinin tarix müəllimi Möhsün Həsənov “Naxçıvan müstəqillik illərində” mövzusunda danışaraq bildirib ki, ötən əsrin sonlarında, bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, beləliklə də, Azərbaycanın tarixi ərazisinin qorunub saxlanılmasına imkan yaradıb. Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm amil olub. Bu status ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvanın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizədə xüsusi əhəmiyyət kəsb edib.
Sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR