29 Mart 2024, Cümə

Tolerantlıq Azərbaycan xalqının zənginliyinin təzahürüdür. Ölkəmizdə bütün dünyaya nümunə ola biləcək tolerantlıq və multikulturalizm ənənəsi formalaşıb. Əmin-amanlıq hökm sürür. Azərbaycanın bu nümunəvi modelini qorumaq, yeni nəsillərə ötürmək hər birimizin borcudur.
Tolerantlıq müsbət keyfiyyət olmaqla bərabər, həm də Azərbaycan xalqının həyat tərzidir. Tarix boyu Azərbaycanda yaşayan ayrı-ayrı millətlərin nümayəndələri bir ailənin üzvləri kimi qarşılıqlı hörmət şəraitində yaşamışlar.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz öz milli dəyərlərinə söykənən dövlətə çevrildi. Vətəndaşların dini etiqad və vicdan azadlığı təmin olundu, məscidlər, mədrəsələr, kilsələr yenidən bərpa olunmağa başladı. Bütün bu nailiyyətlər ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Ümummilli lider Azərbaycanda yaşayan hər bir millətin hüquq bərabərliyinin qorunması məsələsini həll etdi. “...Ölkəmizin vətəndaşları dini, irqi mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq eyni hüquqlara malikdirlər və onların hüquqları Azərbaycan dövləti tərəfindən qorunur. Əmin ola bilərsiniz ki, biz bu prinsiplərimizə daim sadiq qalacağıq və Azərbaycan vətəndaşlarının din, dil mənsubiyyətindən və siyasi baxışlarından asılı olaraq bir-biri ilə münaqişəyə girməsinə gələcəkdə də yol verməyəcəyik”.
Azərbaycanda yaşayan katoliklər, provoslavlar, yəhudilər və digər dinlərə etiqad edən insanlar öz inanclarında azaddırlar. Burada məscid, kilsə və sinaqoqlar yanaşı fəaliyyət göstərirlər. Dövlətimizin başçısının təşəbbüsü ilə burada yaşayan 20 mindən çox dağ yəhudisi üçün paytaxtın mərkəzində yeni sinaqoq inşa olunub. Dövlətimiz tərəfindən qorunub saxlanılan və Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş xristian pravoslav məbədləri, kilsələr bunların bariz nümunəsidir.
Prezident cənab İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfranslarının birində vurğulamışdır: “Bizim xalqlar sülh şəraitində yaşamalıdırlar. Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır.”
İtirilmiş Azərbaycan torpaqlarının geri qaytarılması tarixi bir hadisə oldu. Eyni zamanda xalqımızın toletantlığını, vətənpərvərliyini, dövlətinə, millətinə bağlılığını bir daha nümayiş etdirdi. Ona görə də işğal altında olan torpaqların Azərbaycanın nəzarətinə qaytarılmasında müxtəlif xalqların nümayəndələri iştirak etdilər. Müxtəlif millətlərə mənsub olan Azərbaycan vətəndaşları könüllü olaraq cəbhəyə yollandılar, dəmir yumruq kimi sıx birləşərək düşməni darmadağın etdilər. 44 günlük müharibədə qəhrəman igidlərimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında unudulmaz tarix yazdılar. Yazılan bu tarixi hadisəyə görə yüksək dərəcədə tolerant, başqa millətə və başqa dinə mənsub olan insanlara hörmətlə yanaşan Ali Baş Komandanımıza minnətdarıq.
Tolerantlıq Azərbaycan xalqının xarakterik xüsusiyyətidir. Tolerantlıq Azərbaycan xalqının tarixi uğuru olmaqla yanaşı, həm də sabitliyinin təminatıdır. Deməli, Azərbaycan xalqının gələcəyi üçün bu uğuru həmişə qoruyub saxlamalı və möhkəmləndirməliyik.

Qızıllı ƏLİYEVA
Naxçıvan Müəllimlər İnstitutunun dosenti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR