25 Aprel 2024, Cümə axşamı

Naxçıvan Biznes Mərkəzində Dövlət Miqrasiya Xidməti və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında əmək fəaliyyəti ilə məşğul olmasının hüquqi tənzimlənməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Anar Əhmədov və Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elnur Məmmədov çıxış edərək bildiriblər ki, bu gün müasir müəssisələrin, yeni iş yerlərinin açılması, məşğulluğun təmin olunması sahəsində sistemli tədbirlərin həyata keçirilməsi, investisiya fəallığının güclənməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması, eyni zamanda təhlükəsizliyin və ictimai-siyasi sabitliyin mütləq surətdə təmin edilməsi əməkçi miqrantların muxtar respublikamıza olan marağını və səfər etmə niyyətini daha da artıraraq sahibkarlığın formalaşmasına güclü təkan verib, miqrasiya proseslərini daha da sürətləndirib.

Dövlət Miqrasiya Xidmətinin inspektoru Həmid Muxtarlı diqqətə çatdırıb ki, bu gün muxtar respublikada dövlət miqrasiya siyasətinin uğurla həyata keçirilməsini şərtləndirən amillərdən biri də mühüm əhəmiyyətə malik olan Dövlət proqramlarının vaxtında və dəqiq icrasıdır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində əcnəbilərin də muxtar respublikamızda əmək fəaliyyəti ilə məşğul olması daim diqqət mərkəzində saxlanılıb, əməkçi miqrantların muxtar respublikada qanunsuz olaraq əmək fəaliyyətinə cəlb edilməsinin qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparılıb, bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilib.
Sonra İqtisadiyyat Nazirliyinin əməkdaşı Xudakərim Məmmədov muxtar respublikada məşğulluğun artırılmasında sahibkarlığın rolu barədə geniş məlumat verib.
Əmək miqrasiyası sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə inzibati məsuliyyət məsələsinə toxunan xidmətin baş inspektoru Tural Bayramov bildirib ki, muxtar respublikada iş icazəsi əsasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, habelə bu sahədə qanunvericiliyin tələblərinin pozulması hallarının vaxtında aşkarlanması və zəruri tədbirlərin görülməsi xidmət tərəfindən uğurla icra edilməkdədir.
Tədbirdə əcnəbilərə iş icazəsinin verilməsi və müddətinin uzadılması, həmçinin əmək miqrasiyası kvotası ilə bağlı ünvanlanan suallar cavablandırılıb, məlumatlar slayd vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda sahibkarlara bukletlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR