29 Mart 2024, Cümə

Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük şanlı Qarabağ müharibəsində özünü daha bariz şəkildə göstərdi. Əsrlərin sınağından çıxmış, türk əcdadlarımızın bizlərə miras qoyduğu torpaqlarımızın ərazi bütövlüyü uğrunda apardığımız haqq savaşında qəhrəman oğullarımız düşmənin məkrli siyasətini məhv edərək tariximizin səhifələrinə adlarını qızıl hərflərlə yazdırdı. Torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda fədakarlıq göstərən qəhrəmanlarımızın, o cümlədən Vətən müharibəsində fəal iştirak edən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun şəhidlik məqamına yüksələn hərbçilərinin xatirəsi isə dövlətimiz, xaqımız tərəfindən hər zaman əziz tutulur, onların mənalı ömür yollarının hər bir gəncə örnək olması üçün tədbirlər təşkil edilir. Bu silsilə tədbirlərin davamı kimi dünən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində şəhid polkovnik-leytenant Anar Əliyevin və şəhid kapitan Nihad Babayevin xatirəsinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Mirməcid Seyidov qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun qazandığı zəfər, tariximiz üçün böyük önəm daşımaqdadır.
Vurğulanıb ki, Vətən müharibəsində məğlub edilən düşmən Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı birləşmələrinin gücünə “Günnüt əməliyyatı”ndan bələd idi. Hərbi qulluqçularımız “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarı ilə irəliləyərək düşmənin bir çox canlı qüvvəsini, texnikasını məhv edib bayrağımızı Şuşa şəhərində dalğalandırdı və dövlətimizə, xalqımıza əbədi zəfər gətirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızın azadlığı uğrunda həyata keçirdiyi əks-hücum əməliyyatında öz şücaəti ilə seçilərək şəhidlik məqamına yüksələn qəhrəman Vətən oğullarının əziz xatirəsi daim böyük hörmət və ehtiramla yad edilir, şəhid ailələri və qazilərimiz dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr və 15 dekabr tarixli sərəncamları ilə şəhid polkovnik-leytenant Anar Əliyevə və şəhid kapitan Nihad Babayevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, eyni zamanda onlar “Vətən uğrunda” medalı ilə təltif olunublar. 2021-ci il iyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adının döş nişanı və vəsiqəsi, “Vətən uğrunda” medalları şəhidlərimizin ailə üzvlərinə təqdim edilib.
Daha sonra şəhidlərimizin xidmət yoldaşları polkovnik Rüstəm Cavadov, polkovnik Haqverdi Dadaşov, mayor Əlqəm Gözəlov, kapitan Əli Kərimov və şəhid polkovnik-leytenat Anar Əliyevin qohumu Vüsal İsmayılov şəhidlərimiz haqqında öz xatirələrini bölüşüblər. Tədbirdə hərbçilərimiz və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru tərəfindən vətənpərvərlik mövzusunda şeirlər bədii qiraət olunub.
Sonda Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifasında Xüsusi Təyinatlılar Marşı səsləndirilib.

 Məcid RƏŞADƏTOĞLU

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR