25 Aprel 2024, Cümə axşamı

Gömrük orqanları ilə karqo şirkətləri arasında əməkdaşlığın artırılması istiqamətində görülən işlər müzakirə olunub. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən iclasda komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 mart 2021-ci il tarixli, 57 nömrəli Qərarına əsasən muxtar respublikada sürətli poçt xidmətlərinin təşkili, müvafiq qaydada lisenziya almış şirkətlər tərəfindən fəaliyyətin müasir dövrün tələbləri səviyyəsində təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, qısa müddətdə görülmüş məqsədyönlü işlərin nəticəsidir ki, artıq Naxçıvan Muxtar Respublikasında sürətli poçt xidmətləri müasir tələblər səviyyəsində qurulub, insanların rahatlığı təmin olunub, gömrük orqanları ilə karqo şirkətləri arasında səmərəli əməkdaşlıq platforması yaradılıb. Bu tədbirlərin davamı olaraq yeni proqram təminatı hazırlanaraq karqo şirkətləri ilə gömrük orqanları arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsinə start verilib. Funksionallığı ilə seçilən proqram təminatı bu sahədə mövcud tələblər və karqo şirkətlərinin təklifləri nəzərə alınmaqla gömrük orqanı əməkdaşları tərəfindən hazırlanıb. Bununla da gömrük orqanları ilə karqo şirkətləri arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsinə ölkəmizdə ilk dəfə olaraq Naxçıvanda başlanılıb.

Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin böyük inspektoru, gömrük xidməti leytenantı Turqut Abbasov karqo fəaliyyətinin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi ilə bağlı görülən işlərdən, sürətli poçt xidmətlərinin göstərilməsi üçün yaradılan şəraitdən danışıb. Diqqətə çatdırılıb ki, sürətli poçt göndərişləri və onların çatdırılmasına, həmçinin qanunvericiliklə qadağan olunan malların daşınmamasına dair tələblər daim diqqətdə və nəzarətdə saxlanılmalı, gömrük məqsədləri üçün mal-müşayiət sənədləri düzgün təqdim olunmalı, lisenziyasız çatdırılma xidməti göstərmək istəyən şəxslərə şərait yaradılmamalıdır.
Sonra karqo şirkətlərinin gömrük orqanları ilə elektron məlumat mübadiləsi üçün hazırlanmış proqram təminatının təqdimatı olub. Komitənin Texnoloji innovasiyalar və statistika bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Emin Eylazov yeni proqram təminatından istifadə qaydaları barədə məlumat verərək bildirib ki, sürətli poçt göndərişləri ilə bağlı məlumatların əvvəlcədən ötürülməsi sərhədkeçmənin, gömrük nəzarəti və rəsmiləşdirilməsinin sürətli formada həyata keçirilməsinə, risk analizinin düzgün aparılmasına əlverişli imkan yaradır.
Tədbirdə karqo şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.
Sonra karqo şirkətlərinin gömrük orqanları ilə elektron məlumat mübadiləsi üçün proqram təminatının hazırlanmasında əməyi olan gömrük əməkdaşları mükafatlandırılıb.
Tədbirə yekun vuran komitə sədri gömrük orqanları ilə karqo şirkətləri arasında əməkdaşlığın muxtar respublikaya sürətli poçt xidmətləri vasitəsilə gətirilən bütün mallar üzərində gömrük nəzarətinin tələb olunan səviyyədə həyata keçirilməsi, gömrük sahəsində hüquqpozma hallarına yol verilməməsi və təhlükəziliyin təmin edilməsi baxımından əhəmiyyətini qeyd edərək qarşılıqlı fəaliyyətin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR