28 Mart 2024, Cümə axşamı

Hər il avqust ayının 30-u Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü kimi qeyd olunur.

 

Qardaş Türkiyə xalqı 1919-cu ildə öz dövlətçiliyini qoruyub saxlamaq və Vətəni işğaldan azad etmək uğrunda mübarizəyə başladı. 1920-ci il 23 apreldə Anadoluda Türkiyə Böyük Millət Məclisi təsis edildi, xalqın iradəsinə əsaslanan, xalqı təmsil edən hökumət quruldu, bütün cəbhələrdə düşmənlərə qarşı uğurlu hərbi əməliyyatlar başlandı. İlk qələbələr Şərq cəbhəsində erməni quldur dəstələri üzərində qazanıldı. 1921-ci ilin avqust-sentyabr aylarında Sakarya müharibəsində yunan qoşunlarının məğlub olması ilə Türk ordusu müdafiə mövqeyindən hücum mövqeyinə keçdi. Görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün rəhbərliyi altında qurtuluş savaşı aparan türk ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci il avqustun 30-da böyük zəfər qazandı. Həmin gün Türkiyə tarixinə Zəfər Bayramı kimi daxil oldu. Qurtuluş savaşında Azərbaycan xalqı da qardaş Türkiyə xalqına dəstək oldu, döyüşlərdə iştirak edərək şəhidlər verdi.

Azərbaycan-Türkiyə əlaqələri böyük tarixi köklərə malikdir. Həmin əlaqələrin əsasında möhkəm dostluq, qardaşlıq və etibarlı strateji tərəfdaşlıq münasibətləri dayanır. Qardaş türk xalqının öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamları Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ifadə edir. Bu konsepsiya hər iki dövlətin rəsmi mövqeyinin əsasında dayanır, qarşılıqlı əlaqələrin qədim tarixi köklərini, eləcə də siyasi, iqtisadi və mədəni əməkdaşlığın təməl prinsiplərini müəyyənləşdirir.
Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə – 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmış, Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılmışdır. Həmin il mayın 28-də Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə isə qardaşlıq münasibətləri daha da genişləndirilmiş, Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirilmişdir.
Bu gün Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi iqtisadi layihələr hər iki dövlətin dünyada nüfuzunu getdikcə artırmaqdadır. Ölkə prezidentlərinin iradəsinə uyğun olaraq ikitərəfli münasibətlərimiz yeni mərhələyə qədəm qoymuşdur. 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstək Azərbaycanın haqq işinin qazanılmasında böyük rol oynadı. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbə eyni dil, din və tarixi köklərə malik olan qardaş ölkələrin həm də hərbi-siyasi əməkdaşlığına, iqtisadi əlaqələrinə və diplomatik gücünə, Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsinə töhfə verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bu bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə, bəlkə də, ən yüksək səviyyədədir”.
2021-ci ilin iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzaladılar. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişafını təmin edəcəkdir. Eyni zamanda Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Bununla yanaşı, tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri də Bəyannamədə qeyd olunmuşdur. Sənəddə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin açılması və bunun davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi nəqliyyat-kommunikasiyalarının intensivləşməsinə töhfə kimi dəyərləndirilmişdir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasındakı uğurlu əməkdaşlıq da ölkələrimiz və xalqlarımız arasındakı strateji tərəfdaşlığa öz töhfəsini verməkdədir. Ordu quruculuğu, iqtisadi-ticarət, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur. Xüsusilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsindəki əməkdaşlıq ilbəil genişləndirilir. Ənənə halını almış birgə hərbi təlimlər uğurlu əməkdaşlığın nəticəsidir. Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın 2019-cu ildə Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlməsi dostluq və qardaşlıq münasibətlərinin günü-gündən gücləndiyini bir daha təsdiq etdi.
Azərbaycan-Türkiyə dövlətlərarası münasibətləri getdikcə daha da inkişaf edəcək, möhkəmlənəcək, ölkələrimiz daha böyük zəfərlər qazanacaqlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına mühüm töhfədir. Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir”.

“Şərq qapısı”

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR