Əfsanəyə dönən ömürlər
Vətən məhəbbəti insanda ilk məktəb illərindən formalaşmağa başlayır. Belə insanlar istər təhsildə, istərsə də ictimai həyatda başqalarından seçilirlər. Ürəklərinin dərinliklərində saxladıqları fikirlərini heç vaxt hər yerdə nümayişkaranə bildirmir, hər şeyi ölçüb-biçməyi bacarır və lazım olan yerdə nəyə qadir olduqlarını büruzə verirlər.
Söhbət açacağımız qəhrəmanımız məhz belə Vətən övladlarından biri idi. O istər orta təhsil aldığı məktəbdə, istərsə də yaşayıb boya-başa çatdığı məhəllədəki dostları arasında yüksək şəxsi keyfiyyətləri ilə fərqlənirdi; həmişə yoldaşları ilə anlaşılmaz məsələlərdə özünü irəli verər, haqlının yanında olmaqla ədaləti yerinə qoymağa çalışardı.
Haqqında danışdığım bu sarıbəniz, hündürboy, qamətli, cəsur və İkinci Qarabağ müharibəsində öz şücaəti ilə bütün Azərbaycan gənclərinə nümunə olan şəhid, mayor Sadiq Həsənovdur. Onun haqqında keçmiş zamanda danışmaq ağır olsa da, o Sadiqdən bəhs edəcəyik ki andına sadiq qalaraq Vətənin müdafiəsi üçün, torpaqların geri alınmasından ötrü illərlə erməni faşizminə qarşı ürəyindəki nifrəti döyüş meydanında deməyə, göstərməyə yollandı. Onu və onun kimi oğulları Vətən çağırmış, Sadiq də digər igid döyüş yoldaşları kimi Vətənin qisasını düşməndən almağa getmişdi.
İlk döyüşə girdiyi gün onun 34 yaşı yenicə tamam olmuşdu. Ailəsi ilə son görüşü isə həmin gündən cəmi 5 gün sonra olacaqdı...
Sadiq 1986-cı ilin sentyabr ayında Naxçıvan şəhərində anadan olmuşdu, 1992-2000-ci illərdə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə, 2000-2003-cü illərdə Cəmşid Naxçıvanski adına Naxçıvan Hərbi Liseyində, 2003-2007-ci illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almışdı. Ali Hərbi Məktəbdə motoatıcı ixtisasını bitirən Sadiq 2007-ci ilin iyul ayından 2008-ci ilin iyun ayınadək Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində dinləyici kimi iştirak edərək leytenant rütbəsi ilə həmin ildən başlayaraq Silahlı Qüvvələrin müxtəlif hissələrində motoatıcı taqım komandiri, tank əleyhinə taqım komandiri, nizami hissə rəisi, qərargah rəisinin şəxsi heyəti-uçotu üzrə köməkçisi, xüsusi təyinatlı hərbi hissədə qərargah rəisinin köməkçisi və nəhayət, 2020-ci ilin aprel ayından “N” hərbi hissədə təlim-tərbiyə işləri üzrə rəis müavini kimi qulluq etmişdi.
İkinci Qarabağ müharibəsinin başlandığı gündən rəhbərlik etdiyi xüsusi təyinatlı taqımı ilə döyüşlərə qatılaraq düşmənə qarşı böyük şücaətlər göstərirdi. Çalışırdı ki, döyüşçü yoldaşları hər bir tapşırığa gedərkən yüksək əhvali-ruhiyyədə olsunlar. Bunun üçün onlarla lazımi söhbətlər aparır, vəzifələrini onlara izah edir, özlərini qorumalarını təkrar-təkrar tapşırırdı.
Sadiq Füzulinin, Cəbrayılın, Zəngilanın düşmən işğalından azad edilməsində əsl zabit şücaəti göstərmişdir. Xudafərin körpüsünə üçrəngli, ay-ulduzlu bayrağımızı sancanlardan biri də o olmuşdur.
Keçdiyi döyüş günlərində ailəsinin ondan narahat olduğunu bilirdi. Bilirdi ki, iki körpə qız balası – Lalə və İnci onun yolunu səbirsizliklə gözləyirlər. Böyük qardaşı Toğrulla tez-tez telefon əlaqəsi saxlayırdı. Sadiqin atası Əli Həsənov uzun müddət Naxçıvan Şəhər Elektrik Şəbəkəsində qüsursuz fəaliyyət göstərmiş təqaüdçüdür, anası Şövkət xanım 2019-cu il sentyabr ayında vəfat etmişdir. Həyat yoldaşı Sona xanım Naxçıvan Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərir.
Sadiqin son döyüşü oktyabrın 20-də olub. Həmin gün ağır döyüşlər aparan taqımı ilə düşmənin çoxsaylı canlı qüvvəsini məhv edir və kəndlərimiz Sadiq və Sadiq kimi igid eloğullarımızın qəhrəmanlığı hesabına düşməndən azad olunur. Lakin son anda qəhrəmanlıqla şəhid olur.
Hərbi vəzifəsini yerinə yetirdiyi illər ərzində döyüş və ictimai hazırlıqda əldə etdiyi yüksək nailiyyətlərə görə və hərbi hissənin yaradılmasının 20 illiyi münasibətilə fəxri fərmanla, 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı” ilə, 2015-ci ildə isə nazirlik tərəfindən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunan Sadiqi bir vaxtlar öz yaxınları tanıyırdısa, bu gün bütün Azərbaycan tanıyır.
Bu gün ailəsi də, qohum-əqrəbası da, təhsil aldığı məktəblərin kollektivləri də qürur duyurlar ki, leytenant kimi hərbi qulluğa başlayan, mayor kimi dünyasını dəyişərək şəhidlik zirvəsinə ucalan Sadiq Vətən qarşısında öz andına sadiq qaldı. Bununla da digər şəhidlərimiz kimi sübut etdi ki, o, əsl Azərbaycan oğludur, öz doğma yurdunun azadlığı, ərazi bütövlüyü onun üçün ən qiymətli sərvətdir.
İgid eloğullarımız xalqımızı 30 illik həsrətdən vüsala qovuşdurmaqla ruhları başımız üstdə gəzən Sadiq və Sadiq kimi qəhrəman övladlarımızın arzuları artıq çin olub. Ruhları şad olsun.
Kəmaləddin AXUNDOV