29 Mart 2024, Cümə

Mən Nuh Peyğəmbərin Dünya tufanından sonra burada yenidən həyat binə etməsinə şahidəm. İgid-ərən babalarınızın bu yerlərdə at çapıb, qılınc oynatdığı zamanların tarixiyəm. Dədə Qorqudun qopuz çalıb, söz qoşub oğuz igidlərinə ad qoyduğu, öyüd-nəsihət verdiyi dövrlərin yaşıdıyam. Mən burada Xürrəmilərin üsyanlarını, Naxçıvanşahlığı görmüşəm. Atabəylər dövlətinin qurulmasına və intibahına, memar Əcəminin bu torpaqda ucaltdığı dəyərli memarlıq abidələrinin tikintisinə şahidlik etmişəm. Əmir Teymura qarşı 14 il müqavimət göstərmiş Əlincəqalanın, hürufiliyin, Fəzlullah Nəiminin müasiriyəm. Mən Şah İsmayılla Əlvənd Mirzənin Şərur düzündəki cənginin şahidiyəm. Nadir şahı taxtda, Şah Abbası qundaqda görmüşəm. Naxçıvan xanlığının binə edilməsini, Ağa Məhəmməd şah Qacarın bu torpağa hücumlarını görmüşəm. Araz-Türk Respublikasının qurulmasının, Naxçıvan diyarının muxtariyyət qazanmış, nəhayət, inkişaf və çiçəklənmə dövrünü yaşayan, şahidi olan beş min yaşlı qocayam.


Növbəti günə başlamaq üçün səbirsizlənirəm. Dan yeri sökülməmişdən sinəmdə hərəkətlənmə başlayır. Gecə ilə gündüzün qovuşuğunda işə ilk başlayan Sanitar Təmizlik İdarəsinin zəhmətkeş əməkdaşlarıdır. Bəlkə də, siz onların çoxunu tanımırsınız. Amma mən onların hər birini çox yaxşı tanıyıram. Küçə lampalarının işığında altında küçələrimin sükutunu birinci onlar pozur. Böyük zəhmətlə, səbirlə, əzmlə addım-addım küçələrimi təmizləyən bu zəhmətsevər insanların hər biri ilə tanışam mən. Çünki təmizliyim üçün onlara borcluyam.
Əsrlərdir ki, gündə bir neçə dəfə eşitdiyim, sakinlərimi ibadətə səsləyən azan səsi mənə bir sakitlik və dinclik bəxş edir. Ayrı-ayrı məhəllələrimdə yerləşən məscidlərdən – əsrlərə meydan oxuyan Came məscidindən, ən qədim məhəllələrimdən birində yerləşən, vaxtilə Pir Xamuşun yaşadığı yerdə inşa olunmuş Pirqəmiş məhəlləsinin Pirqəmiş məscidindən, köhnə məhəllələrimdən olan Sarvanlar məhəlləsindəki Sarvanlar məscidindən, yeni yaşayış evlərinin yaxınlığında inşa edilmiş Kazım Qarabəkir məscidindən ucalan azan səsləri həm də yeni günün başlanması üçün bir işarədir.
Səhərin erkən saatlarında – Günəş hələ doğulmamışdan küçələrimi bürüyən xoş bir ətir yayılır ətrafa. Bu, yeni bişirilmiş çörək ətridir. İnsanoğlunun sinəmdə məskən saldığı ilk zamanlardan bəri bu ətri mən də onlarla birlikdə sevirəm. Çünki bu, insanların burada mövcudluğunun, həyatlarını davam etdirmələrinin, buralarda həmişə məskun olduqlarının ən birinci göstəricilərindəndir. Uzun zamanlar öncə burada təndirlərdən qalxan tüstü ilə qarışıq çörəyin iyini hiss edərdim. İndi isə ayrı-ayrı küçələrimdə olan çörəkbişirmə sexlərindən alıram bu ətri. Səhərin mehi ilə yayılan bu ətir yeni günün başlanmasına, zəhmətkeş çörəkçilərin artıq işlərinin başına gəlmələrinə şahidlik edir.
Səhərin sərin mehi ilə ağaclara sığal çəkilir. İlk olaraq yaşıl parklarımda – Əcəmi seyrəngahında, “Böyük bağ”da, yolların kənarlarında yaşıl boyunbağı kimi uzanan, bəzən o boyunbağının zümrüd qaşı kimi parlayan parklardakı tala-tala qocaman ağacların sıx budaqları arasında özünə yuva qurmuş quşların səhəri qarşılama himni, xoş nəğmələri ilə günüm başlayır. Günəşin doğuşu ilə bu rəngarənglik bir az da artır. Ana torpağın qaranlıq dərinliklərindən mavi səmanın parlaq ənginliklərinə doğru can atan yaşıl libas geyinmiş ağacların budaqlarında quşların rəqsi başlayır.
Günəşin ilk işıqları ilə birlikdə binaların küçələrimə düşən kölgələri ağacların yaşıllığı ilə valehedici mənzərələr yaradır. Günəş üfüqdə bir az da yüksəldikcə işə, dərsə, bazar-dükana tələsən insanların danışığı, avtomobillərin səsi sükutu pozur. Bəzən anasının-atasının əlindən tutub yolun kənarı ilə gedən balaca bir uşağın aramsız sualları, bəzən öz yoldaşları ilə gedən bir qrup yeniyetmənin şən, gülüş dolu söhbətləri, bəzən qəlbini sevgi alovu bürümüş iki gəncin pıçıltısı, bəzən səhər idmanı üçün yürüşə çıxmış bir cavanın təngnəfəs səsi, bəzən düşüncəsi gündəlik qayğıları ilə məşğul olan bir insanın sükutu, bəzən isə səhərin ilıq Günəş şəfəqlərində aram-aram addımlayan yaşlı bir insanın öz-özü ilə, bəlkə də, keçmişlə olan söhbətinin səsi ilə davam edirəm günə. Bu səslər məni yeni günün başlanğıcına, yeni səhərə səsləyir. Bu səslər həyatın normal axışının səsidir. Min illərdir ki, mən bu səslərlə yaşayıram. Əslində, məni yaşadan elə bu səslərdir.
Nuh Peyğəmbərin özünün də vaxtilə duz çıxardığı mədənlər mənim lap yaxınlığımdadır. Günəşin doğuşu ilə torpağın dərinliklərində yatan duz qatlarından torpağın üzünə çıxmağa macal tapmış duz zərrələrinin ilk şəfəqlərlə zərrin parıltısı başlayır. Bu mədənlərdə hələ də min illərin izləri, yadigarları qalır. Torpağımın altında övladlarımın hələ də görmədiyi, bilmədiyi çox dəyərli xəzinələr, abidələr var. Yəqin ki, nə zamansa, onlar sizə də bəlli olacaq. Mənim qurucumdan, sizin isə Nuh babanızdan qalan bu izlər mənim nə qədər yaşlı olduğumu göstərir. Amma mən nə qədər yaşlı olsam da, o qədər də gəncəm və güclüyəm. Bu, siz nəvələrin sayəsindədir.
Bir zamanlar Atabəylər memarlıq ansamblına daxil olan, indi isə Əcəmi seyrəngahı – vaxtilə “Sabir bağı” adlanan yerdə əzəmətlə ucalan Möminə xatın türbəsi mənim ən dəyərli tarixi incilərimdəndir. Mənim də aid olduğum Şərqdə qadına verilən dəyərin, hörmət və sevginin ən gözəl, ən dəyərli nümunəsidir bu abidə. Dünyanın dörd bir yanından gələn qonaqlar indi də bu incə naxışlı böyük ustalıq əsərini heyranlıqla seyr edirlər. Qadın incəliyinin, sənətkar ustalığının, Şərq memarlığının ən gözəl elementlərini özündə birləşdirən Möminə xatın sayısız sevgi hekayəsinin, hesabsız el şənliyinin şahididir. Ən hündür məkanlarımdan birində yerləşməklə Araz vadisinə tamaşa edir. Özündən xeyli gənc olan qarşısındakı Xan sarayı ilə söhbətləri, tarixin ruzigarına qarşı sinə gərmələri, şahidlik etdikləri tarixi hadisələrlə bəhsləşirlər hərdən. Ətəyimdən axan Arazla mən isə bu bəhsə təbəssümlə tamaşa edirik. Axı biz onların yaranışının şahidiyik. Araz vadisini seyrə dalanda mən özüm də heyrətlənirəm. Ötən əsrlər ərzində mən nə qədər də böyümüş, inkişaf etmiş və dəyişilmişəm...
Mərkəzi küçələrimdən birinin yaxınlığında, evlərin sıx yerləşdiyi yerdə dam örtüklərindən hündürdə yerləşən silindrvari bir tikili görə bilərsiniz. Bu tikili memar Əcəminin Möminə xatınla bərabər, burada tikdiyi abidələrdən biridir. Burada yaşayan insanlar ona, bəzən “Ata-baba günbəzi” desələr də, bu abidə vaxtilə burada yaşamış nüfuzlu dövlət və din xadimlərindən olan Yusif Küseyir oğlunun xatirəsinə həsr olunub və onun adını daşıyır. Bu abidə ilə yaxından tanışlıqda siz bir daha əmin olacaqsınız ki, mənim nə qədər istedadlı, sənətkar övladlarım olub. Sizin qoruyub saxladığınız bu abidələr babalarınızın bu torpaqlarda yaratdığı çox dəyərli incilərdir.
Günəş göy qübbəsinin ortasında dayananda artıq burada havanın istiliyi də xeyli artır. Bu saatlarda parklarımdakı ağacların sərinliyində oturub söhbət edən insanları evlərinə, yaxud hansısa kafeyə nahara gedənləri görə bilərsiniz. Yaşıllaşdırma Xidmətinin əməkdaşları isə günəşin yandırıcı şüaları altında yaşıllıqlara qayğı göstərir, suyunu verir, qol- budaqlarının təmizləyirlər.
Yolunuz buralara düşsə, mənə uzanan və ya məndən ayrılan yolların kənarındakı yaşıllığı da görə bilərsiniz. Məni yaxşı tanıyanlar bilir ki, iqlimim quraq, isti və çox sərtdir. Torpağımın altı isə duzla zəngindir. Ona görə də təbii halda bu yaşıllıqların ərsəyə gəlməsi çox çətindir. Gördüyünüz bu yaşıllıqların hamısı insan əməyinin bəhrəsidir. Bu torpağı sevən insanların, Vətənə bağlı olan insanların, onu daha gözəl görmək istəyən insanların cəfakeş əməyinin nəticəsidir. Bu füsunkar gözəlliyimi onlara borcluyam.
Geniş prospekt və küçələrimlə addımlasanız, bir-birindən yaraşıqlı, Şərq və Qərb memarlıq ənənələrini özündə ehtiva edən binalarımı, yeni tikilən binalarla yanaşı, ikinci həyat verilmiş qədim tikililəri də görə bilərsiniz. Həmin binalar mənim simama başqa bir gözəllik qatır. Rəngarəng yaşayış binalarına, müasir ofis və idarələrə, qədim memarlıq abidələrinə bəxş etdiyi gözəllik üçün memarlara borcluyam. Onlar mənim binalarımı, park və xiyabanlarımı yenidən qurub yaradır, yeni görkəm bəxş edirlər.
Mənim ən uca məkanımda vətənsevərlərin əsəri olan bir meydan var. Qərb girişimdən mənə gələn qonaqları birinci o qarşılayır; uğrunda can verilən, can alınan üçrəngli Azərbaycan bayrağının vüqarla dalğalandığı Dövlət Bayrağı Meydanı. Bura mənim şərəf və qürur yerlərimdən biridir. Çünki bura azadlığın, müstəqilliyin, inkişafın, müasirliyin, Vətən sevgisinin, şanlı tarixin yaşadığı, yaşadıldığı zamanın simvoludur. Buradan baxanda məni, bütövlüklə görə bilərsiniz; bütün Araz vadisini, bərəkətli zəmiləri, geniş yolları, yaraşıqlı binaları, gözünü vüqarla mənə dikmiş Haçadağı, Nəhəcir dağını, Əshabi-Kəhf dağını, hətta lap uzaqlarda yerləşən Ağrı dağını, Savalanı.
Sinəm üstündə böyümüş igid oğullarım, qoynumda uyuyan şəhidlərim var mənim. Bu torpaq üçün hər şeylərindən keçməyi gözə alan, özünü bu torpağa qurban verməyə hazır olan və qurban verib, hər şeyindən keçən igidlərim. İndi bu zirvədən baxanda 90-cı illərin ən ağır zamanlarında Vətən üçün döyüşmüş, 44 günlük Vətən müharibəsində öz canları, qanları bahasına Azərbaycana Qələbəni bəxş edən igid oğullarımı xatırlayıram, onları sevgiylə yad edirəm. Yaşıl donlu, mavigözlü, alyanaqlı bayrağa bürünmüş şəhidlərimi öz qoynuma böyük şərəf və iftixarla aldım. Onlar əbədiyyən mənə əmanətdir. Çünki onlar məni qorudu, başımı uca etdi. Bayraq Meydanında qürurla dalğalanan bu üçrəngli bayraq igid oğulların Vətən əmanəti, şəhidlərin al qanları, Vətənin isə igidlərinə olan əbədi minnətdarlıq borcudur...
Bu şanlı tariximi yaşadan muzeylərim var bir də. Tariximə aid on minlərlə eksponatı özündə qoruyub saxlayan ən qədim muzeyim – Dövlət Tarix Muzeyidir. İlkin insan məskənlərimdən başlanmış bugünkü günədək hər bir əlamətdar tarixi hadisəni özündə yaşadır bu muzey. Yolunuzu məndən salanda tarixi yaşadan söz sənətini qoruyub saxlayan Ədəbiyyat Muzeyini, toxuculuq mədəniyyətinin ən zərif nümunələrinin mühafizə olunduğu Dövlət Xalça Muzeyini, şanlı dövlətçilik tariximizin ayrı-ayrı səhifələrini əks etdirən Dövlət Bayrağı Muzeyini, Nuh Peyğəmbərdən yadigar qalan duz mədənlərinin eksponatlarını yaşadan Duz Muzeyini, tarixin daş yaddaşını özündə saxlayan Açıq Səma Altında Muzeyi, Naxçıvan xanlarının tarixini, şəcərəsini qoruyub saxlayan Xan sarayını, bu torpağın dünya mədəniyyətinə və ədəbiyyatına bəxş etdiyi Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin ev-muzeylərini, İstiqlal küçəsində ağ Günəş kimi parlayan Hüseyn Cavid məqbərəsini, realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərli Muzeyini və Azərbaycanın müasir dövlətçilik tarixində möhtəşəm izlər qoymuş, məni qorumuş, Azərbaycanı öz müstəqilliyinə qovuşdurmuş ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə aid eksponatların qorunduğu Heydər Əliyev Muzeyini ziyarət etməyinizi tövsiyə edərdim. Bu muzeyləri gəzdikcə məni daha yaxşı tanıyacaq, məni tanıdıqca daha çox sevəcəksiniz.
Yolunuzu məndən salanda Naxçıvanqalanı mütləq ziyarət edin. Min ildən çox tarixi olan bu qala bu dəfə qonaqları qəbul edib dostlarımıza öz möhtəşəmliyindən söz açır. Qalanın yanında isə bu torpaqların ən böyük və birinci sakini, bəşəriyyətin ikinci atası Nuh Peyğəmbərin məqbərəsi ucalır. Məhz buna görə, bəzən məni “Nuh yurdu” da adlandırırlar. Bu abidəni ziyarət edib bu torpaqların müqəddəsliyini və mənim qədimliyimi bir daha gözlərinizlə görün. Tarixin bütün dövrlərində olduğu kimi, bu gün də Nuh Peyğəmbərin bütün bəşəriyyəti birləşdirən vəhdət fəlsəfəsi məndə yaşayır.
Nuh Peyğəmbərin məqbərəsindən bir az aşağıda isə İmamzadə yerləşir. “Naxçıvan İmamzadəsi” adı ilə tanınan bu ziyarətgah XVIII əsrə aid olan tarix-memarlıq abidəsidir. Bu memarlıq kompleksi Səfəvi memarlığının və yerli Naxçıvan-Marağa memarlıq məktəbinin xüsusiyyətlərini özündə birləşdirir. Bu məqbərədə səkkizinci imam Rzanın oğlunun qəbri yerləşir. İmamzadədən bir az aralıda – geniş və rahat yolun qarşı tərəfində isə siz daha bir tarixi abidəni – Buzxananı görə bilərsiniz. Naxçıvan buzxanası Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə – yəni XII-XIV əsrlərdə tikilib.
Ətəyimdən axan Arazın üzərində Günəş qüruba endikcə sinəmdə başqa bir mənzərə canlanır. Şəfəqdəki canlanmadan daha fərqli bir canlanma olur qürubda. Avtomobil və insan səsləri bir az da artır. Xəfif əsən meh və iş gününün başa çatması insanları küçəyə çıxmağa səsləyir. Hava qaraldıqca binaların pəncərəsindən, fasad işıqlandırmasından küçəyə düşən al-əlvan işıqlar küçə lampalarının işığına, avtomobillərin işıq selinə qarışır.
İnsanlar istirahət, əyləncə məkanlarına tələsirlər. Bu mənzərəni izləmək mənim üçün, bir bilsəniz, necə xoşdur. “Əyləncə adası”na, “Sahil” parkına, “Görüş yeri”nə, Heydər Əliyev Uşaq-Gənclər İstirahət Parkına və ətrafımda olan, yaşıllıqlara bürünən neçə-neçə istirahət məkanlarına tələsənləri, gününü xoş əhvalla bitirmək istəyən, ətrafında olanlara sevgi və dostluqlarını bəxş edən insanları gördükcə mənim də sabaha olan ümidim artır, yaşama sevincim çoxalır. Axı mən onlarla birlikdə varam...
Gecənin gec saatlarına doğru irəlilədikcə günü başa vuran insanlar evlərinə doğru çəkilir, avtomobillər azalır. Yenidən sükuta qərq oluram. Binaların pəncərələrindən gələn işıqlar da yavaş-yavaş kəsilir. Hər kəs yuxuya gedir. Şəhərin işıqları ilə birgə mən də yuxuya gedirəm. Yeni bir günə yenidən başlamaq üçün...

*   *   *

Mən Şərqlə Qərbin birləşdiyi Böyük İpək Yolu üzərində yerləşirəm, bir çox mənbələrdə “Şərqin qapısı” adlandırılıram. Tarixboyu müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu yer kimi tanınıb, özümdə həmin mədəniyyətlərin harmoniyasını əks etdirərək multikultural ənənələrimə görə seçilmişəm. Mən bu qədimliyimlə yanaşı, həm də çox müasirəm, beynəlxalq tədbirlərin ev sahibiyəm. Gənclər arasında şahmat üzrə dünya çempionatının, Türkdilli Ölkələrin dövlət başçılarının IX Zirvə Toplantısının, “Naxçıvan Open” beynəlxalq şahmat festivallarının, Naxçıvanda Avropa günlərinin, beynəlxalq idman yarışlarının ev sahibiyəm.
Mən paytaxtam. Naxçıvanşahlığın, Atabəylərin, Araz-Türk Cümhuriyyətinin, müasir Naxçıvan Muxtar Respublikasının paytaxtı, İslam Mədəniyyətinin paytaxtı, Azərbaycanın Gənclər Paytaxtı.
Min illərdir ki, sinəmdə həyat qaynayır mənim. Ən çətin günlərdən, ən ağır dövranlardan keçib bugünkü zamana – ağ günlərimə qovuşmuşam. Zəhmətkeş, vətənpərvər, Vətənini sevən insanlara borcluyam bugünkü inkişafım, gözəlliyim üçün.
Qurucu Rəhbərin sayəsində mən, demək olar ki, qısa müddətdə yenidən quruldum. Hazırkı mən Şərq memarlığı zəminində ucaldılmış Avropa şəhəriyəm. Xalqın qəlbində özünə yer qazanmış, sevilmiş, parlaq uğurlara imza atmış insanlar həmişə xalqın qəlbində yaşayır və şübhəsiz ki, gələcəkdə də yaşayacaq! Mənim müasir dövrdəki inkişaf salnaməmi yaradanlar heç bir tarixə bənzəməyən, özünəməxsus, sonsuz fikir və düşüncə sahibi olan tarixdir. Yaşadığınız indiki dövr qədim Naxçıvanın yeni dövr tarixinin çoxcildlik kitabıdır. İnkişaf və yeniləşmə istiqamətində keçilmiş şərəfli yolun böyük dərsləri, dövlətçilik, quruculuq, idarəetmə sahəsində toplanmış zəngin təcrübə Azərbaycanın bu qədim və həmişəcavan diyarının – mənim sabahkı üfüqlərimə də gur işıq salır.
Mən Naxçıvan şəhəriyəm. Yenə də Şərqlə Qərbin qovşağında, qədim və həmişəcavan Naxçıvan. Şair övladım Elxan Yurdoğlunun bütün övladlarımın dilindən deyir ki:

Canım yansa, bir CAN deyər, ağrılarım candan çıxar,
Bura mənim can evimdir, bura mənim canməkanım.
Ürək əsər, ruh titrəyər, qəlb tövşüyər, can darıxar,
Bircə günlük səndən ayrı düşsəm əgər, Naxçıvanım!

Məmməd BABAYEV

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR