29 Mart 2024, Cümə

Torpaq-əgər uğrunda ölən varsa, Vətəndir!

Vətən anadır, bizim varlığımız, soykökümüz, fəxrimiz, qürurumuzdur. Oğuz igidləri “Vətən haqqı ana haqqıdır” kəlamı ilə Vətəni ana ilə bərabər tutur və onu göz bəbəyi kimi qorumağı özünün ən müqəddəs vəzifə borcu bilir.

 Vətənin müdafiəsi, üçrəngli bayrağımızın və torpaqlarımızın bütövlüyü, azadlıq və istiqlaliyyəti uğrunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. Birinci və ikinci Qarabağ müharibələrində xalqımızın neçə-neçə vətənpərvər, cəsur, mərd oğulları, qızları Qarabağımızın hürriyyətə qovuşması üçün qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldılar. İkinci Qarabağ müharibəsində qazanılan zəfərimizdə, 30 il sonra geri alınan torpaqlarımızın hər qarışında igidliklə vuruşaraq şəhid olan 3000-ə yaxın şəhidimizin qanı, hər birinin fərqli qəhrəmanlıq salnaməsi vardır.

Vətən uğrunda mübarizədə şəhidlik məqamına ucalmaqla ölümsüzləşən 44 günlük Vətən müharibəsinin ilk xanım şəhidi hərbi tibb qulluqçusu Arəstə Baxışovadır.  

Arəstə Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində anadan olmuşdu. O, 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil almışdı. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecinin “İngilis dili” ixtisasını bitirmişdi.

Fövqəladə Hallar Nazirliyində çalışan atası baş leytenant Kərim Baxışov Çernobıl faciəsi zamanı xilasetmə əməliyyatlarında əlil olur. Atasını Çernobıl qəzasında törəyən şüa xəstəliyinə qurban verərkən Arəstənin hələ 4 yaşı var idi. Arəstə uşaqlıqdan hərbiçi olmaq arzusu ilə böyümüş, tez-tez atasının hərbi paltarını geyinər və mən də hərbiçi olacağam deyərmiş. Vətənə olan sevgisi, kiçik yaşda hərbiçi olmaq xəyalı müharibənin başlanması ilə sanki Arəstəni bu arzusuna yaxınlaşdırırdı.

Pedaqoji kolleci bitirməsinə baxmayaraq, hərbiyə olan marağı, həvəsi və taleyi onu Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist işləməyə gətirib çıxarır. Daha sonra isə Arəstə Baxışova tibbi kurs keçir və Beyləqandakı hərbi hissədə tibb bacısı işləməyə başlayır.

Vətən müharibəsinin başladığı 27 sentyabr günü hərbi formada evə gəlib anasına: “Mən könüllü cəbhəyə yazılmışam və ordumuzun yaralı əsgərlərinə köməyə gedirəm”deyir...

İki uşaq anası olan gənc qadın müharibənin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanır. Bir neçə istiqamətdə qorxmadan, yorulmadan vəzifəsini icra edir. Ailəsinə döyüşlərin ən qızğın yerlərində olduğunu heç vaxt bildirmir. Hamı elə bilir ki, Arəstə hərbi hospitalda yaralı əsgərlərə tibbi xidmət göstərir.

 Arəstə cəbhədə tibb bacısı vəzifəsini yerinə yetirməyə gedəndə iki övladını anasına əmanət edib gedir. Anası danışır: “Dedi ki, Vətən uğrunda şəhid olacağamsa, bu mənim alın yazım, mənim qürurumdur, mənim başımın ucalığıdır. Ana, əgər mənə bir şey olsa, uşaqlarım sənə əmanətdir”.

Arəstə mərd, cəsur qadın idi, ölümdən qorxan qız deyildi. Məhz elə buna görə də Vətən müharibəsi başlayanda könüllü olaraq döyüş bölgəsinə yollanır. Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı əsgərlərimizə döyüş meydanındaca tibbi yardım göstərir və onların həyatını xilas edir.

Onun üçün Vətən hər şeydən doğma və uca idi. Qüdrətli Ordumuzun Ali Baş Komandanının döyüş əmrini qələbə ilə başa çatdıracağına adı qədər əmin idi. Tezliklə qələbənin bizim olacağına son nəfəsinədək güvənirdi. Anası ilə telefon danışığı zamanı Arəstənin dediyi bu sözlər qəhrəmanlıq salnaməsi yazan Azərbaycan Ordusunun zəfər səsi, qalibiyyət nəğməsi kimi səslənir: “Narahat olmayın hər şey qaydasındadır, tezliklə qələbə bizim olacaq. Ordumuzda elə ruh yüksəkliyi var ki, o qədər könüllü gənclərimiz, canla-başla döyüşən əsgərlərimiz var ki...”- Bu onun ən çox işlətdiyi sözlər idi...

O, 12 iyul 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə operator vəzifəsində xidmət etmişdi. Ölümündən 1 ay əvvəl mətbuatdakı çıxışında demişdi: “Oğlum Mərdanın 11 yaşı var. O da ordumuzla qürur duyur. O da hərbiçi olmaq niyyətindədir. Varlığımla inanıram ki nəinki mənim oğlum, hətta çağırış yaşlılarımız da işğaldan azad edəcəyimiz torpaqlarda xidmət edəcəklər”.

Qarabağın azad olunmasına şahid ola bilmədi, şəhadət məqamına yüksəldi Arəstə! Arzuları vari idi... Övladlarının İngiltərənin Oksford universitetində oxumağını istəyirdi. Namərd düşmən gülləsi aman vermədi onun arzularının gerçəkləşməsinə. Oktyabrın 23-də Qubadlıda gedən döyüşlər zamanı növbəti dəfə yaralı əsgərlərimizi atışma bölgəsindən çıxaranda aldığı güllə yarasından qəhrəmancasına şəhid olur Arəstə! Vətənini, torpağını, cəbhə yoldaşlarını xilas etmək üçün ölümsüzlüyə qovuşdu, canını fəda etdi!

Arəstə hər zaman övladları ilə fəxr edirdi. Bu gün anasının hərbi papağını qürurla başında daşıyan oğlu Mərdan və qızı Zəhra indi onunla fəxr edirlər. 4 yaşından taleyinə yetimlik yazılan, atasız böyüyən xanım şəhidimizin indi övladları ana həsrəti ilə böyüyür. Arəstə şəhid olacağını sanki əvvəlcədən hiss etmişdi. Ölümündən beş gün əvvəl anası ilə söhbətində “mənə bir şey olarsa, iki övladım da sənə əmanətdir. Onlara anasızlığı hiss elətdirmə. Bu günədək mənim üçün etdiklərini, çəkdiyin əziyyətləri halal eylə” deyərək anasından halallıq istəmişdi. 11 yaşlı oğlu Mərdana son vəsiyyəti isə: “nənənin sözündən çıxmayın, dərslərinizi yaxşı oxuyun və bacına yaxşı bax” sözləri olub...

“Aslanın erkəyi dişisi olmaz” məsəlini əməli, cəsurluğu ilə sübut edən Arəstə Baxışova Azərbaycan qadınlarının mərdlik simvoluna çevrildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı və 2021-ci il mayın 12-də isə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edildi. Əsl hərbçi, əsl şəfqət bacısı, tibb qulluqçusu, qorxmaz, kişi əzimli qəhrəman şəhidimizin büstü isə gənc heykəltəraş Müstəqil Babayev tərəfindən hazırlanıb.

2020-cil il sentyabr ayının 27-dən noyabrın ayının 9-dək davam edən 44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın gücünü, yenilməzliyini, birlik və həmrəyliyini bütün dünyaya bir daha sübut etdi.

Xalqımızın mərd, igid, vətənpərvər oğulları, qızları torpaqlarımızı yağı düşmənin əlindən azad edərək ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçib şəhidlik zirvəzinə, ulu məqama yüksəldilər. Məhz onların canı, qanı bahasına 30 ilə yaxın erməni işğalında olan Azərbaycanın əzəli torpaqları yenidən bərpa edildi.

Şəhidlərimzin qanları, canları hesabına geri qaytarılan torpaqlarımızı və onların bizə əmanət etdikləri yadigarlarını, övladlarını göz bəbəyimiz kimi qorumaq bizim vətəndaşlıq, insanlıq borcumuzdur. Vətən, xalq yolunda canını fəda edən, həyatını qurban verən igid oğullarımız və qızlarımızla fəxr edir, qürur duyuruq! Onlar öz vətənpərvərlik borclarını qətiyyətlə, böyük əzmlə yerinə yetirdilər. Şəhidlərimizin qanı ilə alınan torpaqlarda bu gün üç rəngli bayrağımız qürurla dalğalanır. Vətən uğrunda şəhidlik məqamına yüksələn şəhidlərimizin qəhrəmanlıqları, fədakarlıqları heç zaman unudulmayacaq. Onlar Azərbaycan xalqının əbədi yaşar ölməz qəhrəmanlarıdır... Məşhur kəlamda da deyildiyi kimi: “Heç nə unudulmur, heç kim yaddan çıxmır”!

 

Günel ƏSGƏROVA

AMEA Naxçıvan Bölməsinin dissertantı

 

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR