12 Yanvar 2025, Bazar

Gömrük xidməti ilə biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə növbəti görüş keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli çıxış edərək bildirib ki, infrastrukturun müasir tələblər səviyyəsində qurulması, iş prosesinin tamamilə avtomatlaşdırılması gömrük rəsmiləşdirmələrinin və malların buraxılışının sürətləndirilməsinə imkan yaradır. Qarşıda duran əsas məqsəd gömrük orqanları tərəfindən xidmətin keyfiyyətini artırmaqdır.

Komitə sədri xarici ticarətin asanlaşdırılması, daxili bazarın qorunması, süni qiymət dəyişmələrinin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər, gömrük ödənişləri zamanı sahibkarlara tətbiq olunan güzəştlər barədə də ətraflı məlumat verib.
Komitənin Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin rəisi, gömrük xidməti mayoru İsmayıl Məmmədov muxtar respublikamızda biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq subyektlərinin dəstəklənməsi istiqamətində görülən işlərdən, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, qısa idxal bəyannaməsinin tətbiqi ilə ticarət-təchizat zəncirində təhlükəsizliyin təmin edilməsinə, risk dərəcələrinin müəyyən olunmasına, gömrük nəzarətinin daha çevik formada həyata keçirilməsinə şərait yaranıb.
Komitənin bölmə rəisi, gömrük xidməti mayoru Emin Ey­lazov qeyd edib ki, malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, gömrük ödənişlərinin elektronlaşdırılması, gömrük rəsmiləşdirilməsi üçün ilkin məlumatlandırma, idxal-ixrac əməliyyatları, malların nomenklaturası və tarif dərəcələri ilə bağlı məlumatların elektron qaydada əldə edilməsi gömrük işinin kağızsız texnologiya əsasında tətbiqinə imkan verir. Bunun üçün də biznes subyektləri gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinə mütəxəssisləri cəlb etməli, gömrük təmsilçiliyi xidmətindən geniş istifadə olunmalıdır.
Görüş çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeni internet saytının və (036) 234 nömrəli informasiya-sorğu xidmətinin yenilənmiş versiyasının təqdimatı keçirilib. Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi əvəzi, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli qeyd edib ki, www.dgk.nmr.az saytı müasir dizaynı, funksionallığı, məlumat bazasının zənginliyi ilə seçilir. Xarici iqtisadi fəaliyyət iştirakçıları, səyahətçilər və digər maraqlı şəxslər sayta daxil olmaqla gömrük işinə dair ən son yeniliklər, qanunvericilik aktları, gömrük orqanlarının fəaliyyəti barədə dolğun məlumatlar əldə edə və elektron xidmətlərdən faydalana bilərlər. Sayt vasitəsilə gömrük orqanlarına elektron qaydada müraciət etmək imkanı vardır. Saytın “Naxçıvan Muxtar Respublikası” bölməsində qədim diyarımızın müasir inkişafı, tarixi-mədəni irsi və turizm potensialı əks etdirilir.
Vətəndaşlar muxtar respublika gömrük orqanlarının (036) 234 nömrəli informasiya-sorğu xidmətinə zəng etməklə gömrük əməliyyatları, həmçinin gömrük ekspertizası barədə məlumat əldə edə, gömrük təmsilçisi ilə əlaqə yarada, gömrük sahəsində hüquqpozma faktları ilə bağlı məlumat verə bilərlər. Digər məsələlərlə bağlı operatorla əlaqə yaratmaq da mümkündür. Gömrük sərhədini keçən vətəndaşlar info-köşklərdə quraşdırılmış telefonlar vasitəsilə (036) 234 nömrəsinə birbaşa zəng edə biləcəklər.
Təqdimatlardan sonra diskussiya təşkil olunub.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Dövlət Gömrük Komitəsinin hamiliyinə verilmiş Dünya iqtisadiyyatı ixtisası tələbələrindən ibarət startap komandasının üzvləri də iştirak edib.
Sonda tədbir iştirakçılarına məlumatlandırıcı vərəqələr paylanılıb.

Rahil TAHİRLİ

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR