Ömrün 365-lərini 60 dəfə yaşayan, bu 60-ların içərisinə neçə-neçə baharlardan təravət, yaylardan hərarət, payızlardan çiskin, qışlardansa bəyazlıq qataraq onu duyğulu, həssas jurnalist ömrünə çevirən Muxtar Məmmədovdan sizə danışmaq istəyirəm. Müəllimdir Muxtar müəllim‑Azərbaycan dili və ədəbiyyat müəllimi. Uzun illər müəllim işləyib. Lakin istər müəllim, istər həkim, istər mühəndis ol, o qəlbə ki, ədəbiyyat hakim kəsilir, ürək səni vadar edir ələ qələm almağa... Muxtar müəllim kimi. 18 il öncədən də imzaları ilə tanınan bu ədəbiyyat vurğunu düz 18 ildir ki, muxtar respublikanın aparıcı mətbu orqanı olan “Şərq qapısı” qəzetində çalışır, yazır-yaradır. Oçerk, məqalə, müsahibə, reportaj, esseləri ilə lap çoxdan oxucularının qəlbində sözdən bir yuva qurub, bu yuvaya onların sevgisini, məmnuniyyətini sığdırmaqdadır.
Muxtar müəllimi uzaqdan tanıyırdım, lakin iki ildir ki, lap yaxından tanıyıram-“Şərq qapısı” qəzetində çalışmağa başlayandan. Hər gün səhər işə gələndə onun otağının qarşısından keçərkən ayaq saxlayıb salamlaşmağı özümə borc bilmişəm. Axı o qapının ağzından biganə ötmək olmazdı. Çünki o otaqda mətbuatımızın qocamanı, qəzetimizin ağsaqqalı əyləşirdi. Bu iki ildə o qapının önündən keçərkən hər dəfə Muxtar müəllimin mütaliə etdiyini, qəzet oxuduğunu görmüşəm. Öz qəzetimizlə yanaşı, ölkə qəzetlərini. Sonralar bildim ki, Muxtar müəllim hər dəfə işə gələndə köşklərdən özü üçün qəzet alır. İndiki dövrdə çox maraqlıdır, deyilmi? Daha doğrusu, müasir dövrümüzdə belə insanlara çox az-az rast gələrik, desəm, daha doğru olar. Günlərin birində isə Muxtar müəllimin otağında olarkən masasının üstündəki qəzetlərdə yazıların bəzi cümlələrinin altından xətt çəkildiyini də gördüm. Deməli, Muxtar müəllim onu düşündürən, özü üçün maraqlı olanları işarəliyir. Bir neçə dəfə ondan aldığım kitablarda da bu işarələri görmüşəm. Bax, söylədiyim bu kiçik nüans elə bilirəm Muxtar müəllimin necə bir ziyalı olduğundan söhbət açır.
Qələm ömür yonqarıdır. Sən düşündükcə o yazır, yazdıqca da yonulur. Yonulduqca da ömrü yonur. Ona görə deyirlər ki, jurnalistlik ağır peşədir. Ömrünü mətbuata verənlər güclü insanlardır. Güclü olduqları qədər, həm də həssas, duyğulu insanlardır. Elə Muxtar müəllim kimi... Ömrünün yarıdan çoxunu qələmə sarılan bu insan çox güclüdür, hər yükdən ağır söz yükünün altına çiyinlərini verdiyi üçün. Çox həssasdır, duyğuludur, ətraf aləmdəki olanları gözəl müşahidə edib yazılarında sətirləyəndir. Muxtar respublikamızı qarış-qarış gəzib abad, gözəl şəhər, kənd və rayonlarımızın sosial-iqtisadi, mədəni həyatını yazılarına köçürəndir. Milli dəyərlərimizin, adət-ənənələrimizin çox yaxşı bilicisi olduğu üçün onları bu gündən sabaha daşıyandır.
Sizə kimdən danışım? Naxçıvanı dünyası sayan, yurduna böyük sevgiylə bağlı olan, muxtar respublikamızda neçə-neçə jurnalistin əlindən tutub yazmağı öyrədən, bu gün yetirmələrinin hər birini yüksək vəzifələrdə görməsi, güclü qələm sahibi olmaları ilə öyünən, bir məktəb olan “Şərq qapısı” qəzetinin baş müəllimi Muxtar Məmmədovdan danışım. Redaksiyamızın arxivindəki son 18 illik qəzet səhifələrini duyğusu, düşüncəsi, fərqli yanaşma tərzi, təhlilləri ilə maraqlı, oxunaqlı edən Muxtar müəllimdən danışım. Qəzetimizdə məsul katib vəzifəsini layiqincə icra edən, gözəl və yerində olan redaktələri ilə yazıları bir qədər də rövnəqləndirən Muxtar müəllimdən.
Bu gün ömrünün 60-cı pilləsində dayanan, əlini uzadıb ağ buludlardan rəng alıb saçlarına çəkən Muxtar müəllim kollektivimizin dəyərli ziyalısı, ağsaqqalıdır. Bu gün əlinə qələm almaq istəyən gəncliyin ona böyük ehtiyacı var. Buna görə də Muxtar müəllimə bütün kollektivimiz adından uzun ömür, cansağlığı, işlərində uğurlar arzulayıram. 60 yaş nədir ki? Hələ Muxtar müəllim neçə-neçə 365-lərlə ömrünü təravətləndirəcək, bizə ömrünün 70, 80, 100-lərini qeyd etməyi bəxş edəcəkdir. Muxtar müəllim, həmişə bizimlə olmaq diləyilə...
Mətanət MƏMMƏDOVA