Hər il oktyabrın 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər.
Bu günün qeyd olunması tarixi zərurətdən yaranıb. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 1998-ci il 17 iyul tarixli Sərəncam imzalayıb.
Mövcudluğu bir çox dövlətlərdə qədim dövrlərdən məlum olan məhkəmə orqanlarından fərqli olaraq, prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranıb.
Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada Kral IV Filip tərəfindən qoyulub. Onun vaxtında kral mənafelərinin prokurorluq tərəfindən təmsil edilməsi qanunla (25 mart 1302-ci il tarixli ordanans) təsbit edilib. Həm Qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnək kimi böyük təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunub.
Rusiyada prokurorluq isə l Pyotrun “Baş prokuror vəzifəsi haqqında” 12 yanvar 1722-ci il tarixli Fərmanı ilə təsis edilmiş, 1802-ci ildə Rusiyada Ədliyyə Nazirliyi yarandıqdan sonra isə ədliyyə naziri həm də ölkənin Baş prokuroru hesab edilib.
1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycanın parçalanmasının əsası qoyulub və ölkədə 1841-ci il yanvar ayının 1-dək komendant idarəçilik sistemi tətbiq olunub, bundan sonra Zaqafqaziya ümumrusiya mülki idarəetmə sisteminə keçirilməklə, məhkəmələrin nəzdində prokuror nəzarəti təsis edilib. 1862-ci ildə qəbul edilən “Prokurorluq haqqında əsas müddəalar” Rusiyada prokuror nəzarətinin təyinatını, onun predmetini, prokurorların vəzifə və səlahiyyətlərini müəyyən edib. Həmin dövrlərdə Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apellyasiya hüququna malik Tiflis məhkəmə palatasının prokuroru və onun müavinləri həyata keçirirdilər. 1868-ci ilin fevralında Azərbaycanda tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissəsi olan 13 yeni məhkəmə idarəsi yaradılıb.
Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündən sonra başlayıb. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilib.
F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirləri, eyni zamanda, baş prokurorları olublar. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görüblər.
1920-ci il aprelin 28-də XI Qızıl Ordunun köməyi ilə Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildi və Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. Müstəqil Azərbaycan dövlətçiliyi süquta yetirildikdən sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edildi. Bu, Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli “Xalq məhkəməsi haqqında” dekreti ilə həyata keçirildi.
Bu dövrdə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli “Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında” Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu.
Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə xalq ədliyyə komissarları Ə.Qarayev, S.Çivanov, B.Vəlibəyli, B.Talıblı, H.Hacıyev, A.Sultanova, Y.Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları olmuşlar. 1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır.
Sovet hakimiyyəti illərində ölkəmiz təhsil, elm, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələrində nailiyyətlər əldə etsə də, Stalin hakimiyyəti sistemində uzun illər davam edən repressiyalara da məruz qalmışdır. O dövrün kütləvi siyasi repressiyaları prokurorluq orqanlarının kadrlarından da yan keçməmişdir. 1937-1938-ci illərdə Azərbaycanda “düşmən və cinayətkar ünsür kimi” 21 nəfər prokurorluq işçisi əsassız mühakimə edilmiş, onların arasında respublikanın baş prokurorları B.Vəlibəyov, Ə.Talıblı, baş prokurorun müavini Ə.Babaxanov, Şamaxı rayon prokuroru Ə.Əmirov və digərləri də olmuşlar. Lakin ağır repressiya illərində də Azərbaycanın prokurorluq orqanları əməkdaşlarının böyük əksəriyyəti öz vəzifə borclarını namusla yerinə yetirərək xalqa xidmət göstərmişlər.
Böyük Vətən müharibəsi illərində digər dövlət strukturları kimi, prokurorluq orqanlarının da işi hərbi vəziyyətə uyğun qurulmuşdur. Həmin dövrdə Azərbaycan Prokurorluğunun fəaliyyəti fərariliklə mübarizə, hərbi məhsulların tədarükü, cəbhəyə yardım və arxa cəbhənin möhkəmləndirilməsi haqqında qanunların icrasını təmin etməyə yönəlmişdir. O dövrlər döyüşən orduya 70 prokuror və 163 müstəntiq səfərbər olunmuşdur. Onlardan bir çoxu döyüşlərdə həlak olmuş, böyük əksəriyyəti orden və medallarla təltif edilmişdir.
1955-ci il mayın 24-də “SSRİ-də prokuror nəzarəti haqqında Əsasnamə”nin qəbulu prokurorluğun inkişafında mühüm mərhələ oldu. 30 noyabr 1979-cu il tarixli “Prokurorluq haqqında” SSRİ qanunu qəbul edilənədək prokurorluq orqanları bu əsasnaməyə uyğun fəaliyyət göstərmişlər.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra respublikamız yeni dövrə qədəm qoymuşdur. Lakin müstəqilliyimizin ilk illərində AXC-Müsavat hakimiyyəti dövründə ölkəni bürümüş daxili didişmələr, anarxiya və xaos dövlət quruculuğuna böyük zərbə vurmuşdur. Xalqın israrlı tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə xilasedici qayıdışından sonra Azərbaycandakı özbaşınalığa, siyasi hakimiyyətsizliyə birdəfəlik son qoyulmuşdur.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni bir dövr başlanmışdır. Bu dövrdə müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlər, görkəmli ictimai və dövlət xadimlərinə qarşı törədilən terror aktları, dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə sistemində baş vermiş ağır cinayət hadisələri, o cümlədən sadə vətəndaşlarımızın əmanətlərinin talan edilməsi kimi ağır cinayət hadisələri məhz prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarcasına istintaq edilmiş, təqsirkar şəxslər layiqli cəzalarını almışlar. Bu dövrdə ölkəmizdə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət və hərbi çevrilişlərinə cəhdlərin qarşısı alınmışdır. Həmin hadisələrlə bağlı cinayət işlərinin istintaqının aparılmasında prokurorluğun bir qrup əməkdaşı xüsusilə fərqlənmişdir.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yolu keçmişdir. Bu dövr ərzində qəbul olunmuş çoxsaylı qanun və məcəllələr, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki, Mülki-Prosessual, İnzibati xətalar məcəllələri və bir sıra mühüm normativ-hüquqi aktlar bütövlükdə demokratik cəmiyyətdə prokurorluğun yeri və rolunu müəyyən etmişdir.
1995-ci il Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanımış, onun statusunu müəyyənləşdirmişdir. Bu statusa uyğun olaraq “Prokurorluq haqqında” 7 dekabr 1999-cu il tarixli Qanun qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət etmək, cinayət işlərinin istintaqını aparmaq və ibtidai istintaqa prosessual rəhbərlik, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət, cinayət işlərinə baxılmasında dövlət ittihamının müdafiəsi, məhkəmələr tərəfindən təyin olunmuş cəzaların məqsədinə nail olunmasında iştirak etmək məsələlərini prokurorluğun fəaliyyət istiqamətlərinə aid etmişdir. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir.
Müstəqillik dövründə Azərbaycan Respublikasının Prokurorluğu ölkə rəhbəri Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktlar, o cümlədən “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanunlar dövlət başçısının təşəbbüsü ilə qəbul olunmuş və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında” Əsasnamə onun Sərəncamı ilə təsdiq edilmişdir. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli Sərəncam Prezidentin prokurorluğa və prokurorluq işçilərinə göstərdiyi daimi qayğının parlaq bir təzahürüdür.
“Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır…”. Bu sözlər Prezident Heydər Əliyevin 2000-ci il aprelin 26-da Azərbaycan Respublikasının prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşü zamanı söylədiyi proqram xarakterli nitqindən götürülmüşdür.
Respublikanın prokurorluq işçiləri dövlət başçısının göstərdiyi böyük qayğıya və yüksək etimada cavab olaraq həmin tarixi nitqdə onun prokurorluğun qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi üzərində əzmlə çalışırlar. Məhkəmə-hüquq islahatları çərçivəsində görülən işlər nəticəsində tamamilə yeniləşmiş, demokratik və sivil bir təşkilata çevrilmiş prokurorluq bundan sonra da göstərilən böyük etimadın əməli fəaliyyətdə doğruldulması üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.