11 Yanvar 2025, Şənbə

Davamlı sosial-iqtisadi inkişafın əsas məqsədlərindən biri həyat səviyyəsinin yüksəldilməsidir. Bu mənada, muxtar respublikamızda iqtisadi inkişafın artan tempi əhali gəlirlərinə də öz təsirini göstərməkdə,  insanların həyat səviyyəsinin yüksəlməsi üçün əsas amil rolunu oynamaqdadır. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və səmərəli məşğulluğun təmin olunması sahəsində aparılan dövlət siyasəti də bu məqsədə xidmət edir.

Həyat səviyyəsi göstəricilərinin artımında davamlı məşğulluq və real sektorda əldə olunmuş nəticələr mühüm əhəmiyyət daşıyır. Bu baxımdan 2019-cu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf göstəricilərinə nəzər saldıqda görürük ki, diyarımızda sənaye, kənd təsərrüfatı, tikinti-­quruculuq, xarici ticarət, nəqliyyat, rabitə, təhsil, səhiyyə, turizm və digər mühüm sahələrin inkişaf etdirilməsi əhali gəlirlərinin də səviyyəsində özünü göstərib. Belə ki, bəhs olunan dövr ərzində muxtar respublikada hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artaraq 2801 manatı ötüb. Cari ilin yanvar-may aylarında orta aylıq əməkhaqqının məbləği 440 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 4,6 faiz çoxdur. Yeni yaradılmış 2293 iş yeri də insanların həyat səviyyəsinin artımına müsbət təsir edib.

Şübhəsiz, həyat səviyyəsinin yüksəlməsində işgüzar mühitin və sahibkarlıq fəaliyyətinin genişlənməsi xüsusi rol oynayır. Muxtar respublikada azad sahibkarlığın dəstəklənməsi, kiçik və orta sahibkarlığa göstərilən hərtərəfli qayğı ötən dövr ərzində də yerli istehsalın stimullaşdırılmasına, insanların məşğulluq səviyyəsinin artırılmasına və əhali gəlirlərinə öz təsirini göstərib. Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada istehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,3 faiz təşkil edir. Bu, ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.
Sahibkarlıq fəaliyyətinin genişləndirilməsində göstərilən kredit dəstəyi mühüm rola malikdir. Belə ki, 2019-cu ilin ilk yarım ili ərzində muxtar respublikada sahibkarlara 12 milyon 571 min 200 manat kredit verilib. Həmin vəsaitin 5 milyon 765 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 6 milyon 806 min 200 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Nəticədə, bu dövrdə muxtar respublikada 550 milyon 110 min 700 manat dəyərində sənaye, 133 milyon 451 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bütün bunlar isə zəncirvarı bir proses kimi uzaq perspektivdə özünü göstərir.
Əhalinin həyat səviyyəsinin yüksəlməsini fərdi yaşayış evlərinin ­tikintisində də görmək olar. Belə ki, 2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 236 min 151 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.
Rabitə və informasiya xidmətlərində artım da bu sahədəki yüksəlişdən xəbər verir. 2019-cu ilin yanvar­-iyun aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2018-ci ilin müvafiq dövründəki göstəricini 3,9 faiz üstələyərək 26 milyon 797 min manat olub. Ümumi xidmətlərin 80,7 faizi isə mobil rabitənin payına düşüb.
Əhalinin alıcılıq qabiliyyətinin davamlı olaraq yüksəlməsi ilə əmtəə dövriyyəsinin həcmi də genişlənib. Belə ki, 2019-cu ilin ilk yarım ilində muxtar respublikanın istehlak bazarında əhaliyə 811 milyon 103 min 400 manat dəyərində istehlak malları satılıb və ödənişli xidmətlər göstərilib. Satılmış istehlak mallarının 97 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşüb. Bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə görə Naxçıvan Muxtar Respublikasının ölkənin digər iqtisadi rayonları arasında ilk yerdə olması bu sahədə diqqətçəkən göstəricilərdəndir.
Muxtar respublika sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərib və əhalinin sayı bir il öncəyə nisbətdə 3,3 min nəfər artaraq 1 iyun 2019-cu il tarixə 457,3 min nəfər olub.
Göründüyü kimi, həyata keçirilən iqtisadi siyasət, son nəticədə özünü insanların həyat səviyyəsinin yüksəlməsində göstərir ki, bu da yeni inkişafa aparan əsas amillərdən biridir.

 Əli CABBAROV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR