Dünən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının növbəti iclası keçirilib. Əvvəlcə kənd təsərrüfatı naziri, Elmi-Texniki Şuranın sədri Bəhruz Bayramov iclasın gündəliyində duran məsələlər haqqında məlumat verib.
Nazir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planının icrasına dair verilən tapşırıqların həyata keçirilməsi ilə bağlı məruzə edib, ailə təsərrüfatlarının inkişafının mühüm istiqamətləri barədə danışıb. Qeyd edib ki, kənd təsərrüfatının bütün sahələrində fəaliyyət göstərən ailə təsərrüfatlarının yüksək məhsuldarlığa nail olmaları məqsədilə maarifləndirmə işləri aparılmalıdır.
Tədbirdə kənd təsərrüfatı nazirinin müavini, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru Fikrət Həsənov torpaqların münbitliyinin artırılması yolları, birliyin Şıxmahmud sort sınaq məntəqəsinin müdiri Məhəmməd Qaybalıyev isə mineral üzvi gübrələrin dənli bitkilərin məhsuldarlığına təsiri ilə bağlı çıxışlar ediblər.
Sonra gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti