M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Qarnizonunun Zabitlər evində “Respublika Günü Azərbaycanın istiqlal günüdür” adlı elmi-nəzəri konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Zabitlər evinin rəisi, mayor Faiq Qəribov açaraq tədbirin mahiyyətindən danışmışdır.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanova “Respublika Günü Azərbaycanın istiqlal günüdür” mövzusunda məruzə etmişdir. Şərqdə ilk demokratik dövlətin yaranmasından bəhs edən məruzəçi bildirmişdir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının tarixinə böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də, onun aşılamış olduğu müstəqillik hissləri xalqımızın yaddaşından heç vaxt silinməmişdir. Vurğulanmışdır ki, Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini qurmuşdur. Lakin müstəqilliyimiz bu dəfə də çətin sınaq qarşısında qalmış, yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra onun əbədiliyini və dönməzliyini təmin etmək mümkün olmuşdur.
Məruzə ətrafında müzakirələrdə kitabxananın əməkdaşları Yeganə Rüstəmova və Tamella Əsgərova çıxış etmişlər.
Sonda “Heydər Əliyev zirvəsi” adlı sənədli filmə və sərgiyə baxış olmuşdur.
Xəbərlər şöbəsi