03 Yanvar 2025, Cümə

Cavab verən də, xəbərsiz qalan da, “narahat etməyin” deyən də oldu...

Dünya qloballaşır. Azərbaycan sürətlə inkişaf edir. Ölkəmiz orbitə ilk süni peykini də buraxıb. Dövlət başçısı cənab İlham Əliyev  2013-cü ili Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edib. Çünki yeni əsr informasiya inqilabları əsridir. Texnologiya zamanı qabaqlayır. Yeni əsrin insanı üçün sürət və komfort, istənilən informasiyanı anındaca əldə etmək ən önəmli məsələlərdəndir. Güc mərkəzinə çevrilmək, gücünü qoruyub saxlamaq istəyən ölkələr üçün bu sahə prioritet təşkil edir. 

Muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və “Elektron hökumət”in formalaşdırılması zəruri məsələlərdən birinə çevrilib. Bu zərurət vətəndaşlarımızın hər hansı bir dövlət orqanına zamanında müraciət etmək, məlumat almaq, qarşılaşdığı problemləri daha tez və daha rahat bir şəkildə həll etmək istəyi ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanı bu istiqamətdə görülən işlərin əhatə dairəsini genişləndirib, təşkilati, texniki və digər məsələlərin həllinə ciddi təkan verib. Ötən il dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında “Elektron hökumət” layihəsinin həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə “Elektron hökumət” informasiya sisteminin layihəsi təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin açıqladığı son məlumata görə, nazirlik tərəfindən artıq 76 dövlət təşkilatına elektron poçt ünvanları və domen adları verilib, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilib. 
Azərbaycan Respublikası Kon­s­­titusiyasının 50-ci maddəsinə, “Məlumat azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarına əsaslanaraq jurnalist araşdırmamıza da elə burdan başladıq. Yaradılan domenlərlə tanış olub, müraciət sisteminin kifayət qədər sadə və başadüşülən olmasını təqdir edərək dövlət orqanları üçün yaradılmış hər bir elektron poçt ünvanına jurnalist araşdırmamızla bağlı müraciət ünvanladıq. Müraciətimizə ilk və ən operativ reaksiya da elə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin özündən gəldi. Avtomatik cavablandırıcı bildirdi ki, tezliklə müraciətə cavab veriləcək. Yeni iş günündə iş vaxtının başlamasından 1 saat 20 dəqiqə keçmiş nazirlik müraciətimizi cavablandırdı. Öncə müraciətlə bağlı təşəkkür edildikdən sonra “bizə təklif, ərizə, şikayət və digər formalarda öz müraciətlərinizi edə bilərsiniz” yazılmışdı. Bu isə, həqiqətən də, bir dövlət orqanının müraciət edən vətəndaşa qarşı sərgiləməli olduğu davranış idi.
Dövlət orqanları içərisində müraciətimizi ən tez cavablandıran qurumlar müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil, Dövlət Statistika Komitəsi oldu. Milli təhlükəsizliyimizə cavabdeh olanlar 8 dəqiqə, ictimai təhlükəsizliyimizi qoruyanlar 12 dəqiqə, insan hüquqlarının müdafiəçiləri 14 dəqiqə, inkişafımızın sürətindən tutmuş əhalinin sayına qədər hər şeyi hesablayanlar isə 15 dəqiqə sonra müraciətimizə cavab verdilər. Müraciətimizi cavablandırmağı özünə rəva bilməyən dövlət orqanlarının diqqətinə nümunə olsun deyə, sözün əsl mənasında, işi “başından aşan” bu dövlət qurumlarının cavablarını olduğu kimi təqdim edirik. Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi: “Məktubunuzu aldıq. Bizə müraciət edə bilərsiniz, təşəkkür edirik”. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi: “Məktubunuz alındı. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə öz müraciətinizi ünvanlaya bilərsiniz”. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi: “Hörmətli məlumat istifadəçisi! Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin elektron poçt ünvanı həftənin iş günləri ərzində tam aktiv vəziyyətdədir və kütləvi informasiya vasitələrinə, elmi işçilərə və digər bu kimi qruplara açıq elan olunmuş informasiyalar üzrə sorğular qısa zamanda tərəfimizdən cavablandırılır. Diqqətiniz üçün minnətdarıq”.
Jurnalist araşdırması apardığımızın bildirildiyi eyni məzmunlu müraciətlərə bir iş günü müddətində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi, Kəngərli, Culfa və Ordubad Rayon məhkəmə­lərindən də cavab gəldi. Eyni zamanda məlum oldu ki, adıçəkilən qurumların əksəriyyətində elektron müraciətlərə iş gününə başlanarkən baxılır. Hətta Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirlikləri kimi bir sıra qurumlar nəinki müraciətlərimizə elektron formada cavab verdilər, hətta əlaqə telefonu bölməsində göstərdiyimiz telefonlarla əlaqə saxlaya­raq müraciətdən xəbərdar olduqlarını və hər hansı ərizə, şikayətlə bağlı müraciəti ünvanlaya biləcəyimizi dedilər.
Ədalət naminə deyək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi də müraciətimizi cavabsız qoymadı. Ən tez cavab verən orqanlardan biri də bu qurum idi. Komitə müraciətimizi 11 dəqiqə sonra cavablandırdı.
“Salam. Naxçıvan Muxtar Respublikasında dövlət orqanları tərəfindən elektron müraciətlərin cavablandırılması ilə əlaqədar jurnalist araşdırması məqsədi ilə bu məktub sizə göndərilir. Məktubu aldığınız təqdirdə cavablandırmağınız xahiş olunur” məzmunlu müraciətimizə verilən cavabı aldıqda fikirləşdik ki, ya qurumda məktubu diqqətlə oxumayıblar, ya da bütün müraciətlər bu şəkildə cavablandırılır: “Xahiş edirik, bizi bir daha narahat etməyəsiniz”.
Biz də komitəni bir daha “narahat etməmək” üçün müraciətimizin səbəbini və nəyə əsaslandığımızı elektron müraciət şəklində bir daha ünvanlamadıq. Sadəcə olaraq, qəzetimizin səhifələrində yazırıq ki, birdən elektron ünvanlara göndərdiyimiz müraciətdən başqa qurumlar da narahat olsalar, oxusunlar. Və yaxud bu məqaləmizi oxuyandan sonra elektron müraciətlərə baxmağın vacibliyi yada düşəndə bunu oxuyub narahat olmasınlar. Deməli belə.
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində yazılıb: “Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru‐dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər.
İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər”.
Müraciətimizdən 2-3 iş günü sonra isə, necə deyərlər, “ya vəlvələdən, ya da zəlzələdən” bəzi qurumlar da elektron formada cavab verdilər. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi bu qurumlar sırasında idilər. Hər halda sonuncu iki qurumun gecikməsini müəyyən mənada başa düşmək olsa da, fövqəladə hallara cavabdeh olanların 16 may tarixində ünvanladığımız sadə bir müraciətə mayın 20-də cavab vermələrini ancaq və ancaq ev yanıb qurtardıqdan sonra yanğınsöndürənlərin gəlib çatması ilə müqayisə etmək olar. Əhalinin sosial baxımdan daha həssas hissəsi ilə işləyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə nəzərə almalıdır ki, sosial müdafiəyə ehtiyacı olan vətəndaşların səbirsizliyini heç kəs gözardı etməməlidir.
Sadaladığımız hallara baxmayaraq, yuxarıda adıçəkilən qurumların cavab verməsini, hər halda, qiymətləndirmək lazımdır. Bəs digər təşkilatlar?! Məsələn, bizim müraciətimiz həyatı təhlükə altında olan xəstəyə pulsuz səhiyyə xidmətinin göstərilməsi zamanı baş verən neqativ hallarla bağlı olsaydı, adi müraciətimizi bu günə qədər cavablandırmayan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi o müraciətə hansı müddətdə baxacaqdı? Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinə yazda yetişən bəzi məhsulların qiymətinin baha olması ilə bağlı elektron müraciət ünvanlasaydıq, görəsən, müraciətimiz mövsümün sonuna qədər cavablandırılacaqdımı?
Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinə isə elektron formada digər qurumlardan fərqli olaraq, son günlər ərzində bir yox, iki müraciət ünvanlamışıq. Birinci müraciət elektron xidmətin hansı səviyyədə göstərilməsi ilə bağlıdırsa, ikinci müraciətimiz şikayət məktubudur və biz hələ də cavab gözləyirik.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm, Təhsil, Kənd Təsərrüfatı, Gənclər və İdman nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük, Şəhərsalma və Arxitektura komitələri, Standartlaşdırma, Metrologiya və Patent üzrə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələri, Dövlət Energetika Agentliyi, Dövlət Baytarlıq Xidməti, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, “Naxçıvanqaz” İstehsalat Birliyi, şəhər və rayon İcra hakimiyyətləri, adını sadalamadığımız digər qurumlar bu yazıdan sonra elektron müraciətlərə cavab vermək haqqında ciddi fikir­ləşməli və lazımi tədbirlər görməlidirlər. Hər halda, bunu ünvanladığımız müraciətlərə bundan sonra alacağımız cavablar göstərəcək.

Elnur KƏLBİZADƏ

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR