03 Yanvar 2025, Cümə

Bütün mənalı ömrünü Azərbaycanın inkişafına, tərəqqisinə həsr edən ümummilli liderimiz Heydər Əliyev insanların qəlbində özünə əbədi abidə ucaltmışdır. Ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin qüdrəti həyatımızın bütün sahələri ilə yanaşı, həm də milli səhiyyə sisteminin inkişaf səviyyəsi ilə ölçülür. Görkəmli siyasi xadim Heydər Əliyev səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətlər göstərən və xalqın sağlamlıq məsələlərinə qayğısını əsirgəməyən ulu öndər insanların sağlamlığını dövlətin və cəmiyyətin sağlamlığı hesab edirdi. Keçmiş sovetlər məkanında olan və bu gün müstəqillik qazanmış başqa dövlətlərlə müqayisə etsək, fəxr və qürurla deyə bilərik ki, bizim səhiyyəmizin maddi-texniki bazası da, kadr potensialı da, peşəkar­lıq səviyyəsi də həmin ölkə­­lərdən kəmiyyət və keyfiyyətcə xeyli üstündür. Bunun başlıca səbəbi ondan ibarətdir ki, həm 1969- 1982-ci illərdə respublikamıza rəhbər­lik edərkən, eləcə də 1982- 1987-ci illərdə SSRİ-nin rəhbərlərindən biri olarkən ulu öndərimiz səhiyyəmizin bünövrəsini qoymuş, onun misilsiz yüksəlişini, əsrlərə bərabər tərəqqisini təmin etmişdir.

Ümummilli lider Heydər Əliyev səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni tibbi obyektlərin tikilməsi, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başlamışdır. Elmi-tədqiqat institutlarının, sağlamlıq və müalicə-profilaktika müəssisələrinin fəaliyyətində varislik prinsipi tətbiq edilmiş, elmi kadrların və həkimlərin hazırlanması işində canlanma yaranmışdı.
Dahi rəhbər “Sağlamlığımızın qeydinə sağlam ikən qalaq” prinsipinin təntənəsi naminə respublikamızda sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə ciddi əhəmiyyət verirdi. Rayonlarda, xüsusən ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirilirdi. Ötən əsrin 70-ci illərinin əvvəllərində həmin rayonlarda ixtisaslı həkimlərin, xüsusən kardioloq, onkoloq, ginekoloq, ftiziatr, nevropatoloq, sanitar həkim və epidemioloqların, orta ixtisas təhsilli tibb işçilərinin və şəfqət bacılarının çatışmazlığı kəskin hiss olunurdu. Bu problemin həlli üçün, ilk növbədə, Tibb İnstitutuna tələbə qəbulunun sayı artırılmış, ucqar yaşayış məntəqələrindən gələn abituriyentlər üçün güzəştlər tətbiq edilmişdir. Bu, bilavasitə dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü idi. Məhz bu təşəbbüsün sayəsində rayonların səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qaldırılmışdır. O dövrdən etibarən ulu öndərin qayğısı ilə hər il yüzlərlə gəncin keçmiş Sovetlər İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərilməsinə başlanılmışdır. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. Azərbaycanın milli tibb kadrları indi nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici dövlətlərinin məşhur tibb müəssisələrində uğurla fəaliyyət göstərirlər.
Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi və titanik fəaliyyəti nəticəsində müstəqillik əldə etdikdən sonra da səhiyyəmiz yüksək ixtisaslı tibb kadrları, möhkəm maddi-texniki bazası sayəsində xalqımızın sağlamlığı keşiyində əzmlə dayanmışdır.
Əhalinin sağlamlığının qorunması işini daha da yaxşılaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyevin göstərişlərinə uyğun olaraq, səhiyyə sahəsində geniş islahatlar proqramı həyata keçirilmişdir. Ulu öndər bunu dövrün ən vacib məsələlərindən hesab edərək deyirdi: “Biz islahatları bütün sahələrdə keçiririk və səhiyyə sahəsində də islahatların keçirilməsi çox zəruridir. Bu barədə mənim fərmanlarım var, lazımi göstərişlərim var, qərarlar vardır. Məmnuniyyətlə deyə bilərəm ki, son vaxtlar Azərbaycan səhiyyəsində islahatlar həyata keçirilir və onlar da öz müsbət nəticələrini verir”.
Xalqımızın böyük oğlu Heydər Əliyevin təşəbbüsü ilə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin qorunması haqqında”, “Tibbi sığorta haqqında”, “Özəl tibbi fəaliyyət haqqında”, “Sanitar-epidemioloji sağlamlıq haqqında” və digər qanunlar qəbul edilmişdir. Görkəmli dövlət xadiminin sərəncamı ilə hər il iyunun 17-si tibb işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu, ulu öndərin sağlamlığımızın keşiyində duran insanlara qayğısının ifadəsidir. Tibb işçilərinin əməyini yüksək qiymətləndirən ümummilli liderimiz demişdir: “Həkimlərin, səhiyyə işçilərinin fəaliyyəti həm cəmiyyətimizin sağlamlığı, səhhəti, həm də insanlar arasında sülh, əmin-amanlıq yaratmaq baxımından çox əhəmiyyətlidir”.
Bu gün tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli işi ilə təsdiqləyən dövlət başçı­sı cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi strateji siyasət kursunu səhiyyə sistemində də uğurla davam etdirir. Keçən müddətdə səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin, ümumilikdə, tibb xidmətinin çağdaş tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Regionlarda idman-sağlamlıq, müalicə-diaqnostika mərkəzlərinin və bu qəbildən olan digər obyektlərin istifadəyə verilməsi artıq ənənə halını almışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır: “Biz artan iqtisadi imkanlarımızı, ilk növbədə, sosial sahənin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik”.
Ulu öndərin səhiyyə sisteminin inkişafı istiqamətində müəyyənləşdirdiyi vəzifələr bu gün muxtar respublikamızda da uğurla yerinə yetirilir. Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması muxtar respublikada dinamik xarakter alan genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsinə çevrilmişdir. Ölkədə ilk dəfə olaraq pullu tibbi xidmətin məhz muxtar respublikamızda ləğv edilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən çox mühüm islahatlar öz bəhrəsini verməkdədir. 1995-ci ildən indiyədək muxtar respublikada 200-ə yaxın səhiyyə obyektinin tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialının sosial siyasətin icrasına, əhalinin sağlamlığına yönəldildiyinin parlaq göstəricisidir.
Səhiyyə sahəsində həyata keçiri­lən genişmiqyaslı infrastruktur quruculuğu tədbirlərinə uyğun olaraq, 2012-ci ildə Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının və Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinin yenidən qurulması başa çatdırılmış, Babək Rayon Mərkəzi Xəstəxanasının tikintisi, Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasının yenidən qurulması hazırda davam etdirilir.
Ötən il Şərur rayonunun Danyeri, Babək rayonunun Kərimbəyli, Ordubad rayonunun Yuxarı Əylis, Culfa rayonunun Milax və Kəngərli rayonunun Çalxanqala kəndlərində həkim ambulatoriyası binaları, Şərur rayonunun Dərəkənd və Qorçulu, Ordubad rayonunun Behrud və Çənnəb, Culfa rayonunun Boyəhməd və Ləkətağ, Şahbuz rayonunun Ağbulaq kəndlərində feldşer-mama məntəqələri, Ordubad rayonunun Parağa kəndində feldşer məntəqəsi istifadəyə verilmişdir. Bütün bunlar səhiyyənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu sübut edən faktlardandır.
Həyata keçirilən kompleks islahatlar, xüsusilə də əhali rifahının davamlı yüksəlişinə yönəldilmiş irimiqyaslı tədbirlər demoqrafik vəziyyətə də təsir etmişdir. 1 may 2013-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 8728 nəfər və ya 2,1 faiz artaraq 430 min 103 nəfər olmuşdur.
Naxçıvanda istifadəyə verilən səhiyyə müəssisələrinin bir çoxunun açılışlarında iştirak edən dövlət başçısı cənab İlham Əliyev muxtar respublikada uğurla həyata keçirilən səhiyyə islahatlarını yüksək qiymətləndirərək demişdir: “Yeni, gözəl xəstəxanaların açılışı artıq Naxçıvanda gözəl ənənəyə çevrilibdir. Onların hamısı yüksək keyfiyyətlə tikilib, yüksək standartlara cavab verir. Çox sevindirici haldır ki, bütün rayonlarda gözəl, yeni, müasir tibb ocaqları tikilir. Burada quraşdırılan avadanlıqlar ən yüksək səviyyəyə layiqdir. Həm həkimlər üçün, iş üçün gözəl şərait var, həm də xəstələrin müalicəsi üçün bütün şərait vardır. Bax budur bugünkü Azərbaycanın inkişafı”.
Bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Yüksək ixtisaslı həkimlər angio­qrafiya, kompyuter tomoqrafiyası, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, hemodializ, nüvə maqnit rezonansı aparatları ilə xəstələrə xidmət edirlər. Əhalinin sağlamlığının qorunması ilə yanaşı, onların tibbi biliklərinin artırılmasına da böyük önəm verilir, səhiyyə maarifi işi həyata keçirilir. Təbii ki, rayon və kəndlərimizdə səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının yaradılması – bütün bunlar muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini də yaxşılaşdırmağa imkan verir. Bunun nəticəsidir ki, muxtar respublika əhalisinin Naxçıvandan kənarda müayinə və müalicə olunmalarına ehtiyac qalmamışdır.
Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin bütün ağırlığını öz çiyinləri üzərinə götürərək onu inkişaf etdirən və gələcək perspektivlərini müəyyənləşdirən dahi Heydər Əliyev qüdrəti öz möhtəşəmliyi ilə daim seçilir və bənzərsizliyi ilə fərqlənir. Ona görə də müasir Azərbaycan Respublikasının memarı olan ümummilli liderimiz Heydər Əliyevin ideyaları ölkənin tibb elmi və tibb təhsili sisteminin, Azərbaycan səhiyyəsinin də sarsılmaz dayağı, ilhamverici qüvvəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir. Ölkə başçısının “Dövlətin kifayət qədər imkanı var ki, bu sahəyə vəsait ayırsın və bütün xəstəxanaları lazım olan avadanlıqlarla, tibbi ləvazimatla, yeməklə – hər şeylə təmin edə bilək. Bu sahə həmişə, bundan sonrakı illərdə də prioritet sahə olacaqdır” sözləri isə bir daha sübut edir ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın bütün sahələrdə hərtərəfli inkişafına yönəlmiş siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İlhamə MUSTAFAYEVA
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı, tibb üzrə fəlsəfə doktoru

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR