Ulu öndər Heydər ƏLİYEV: Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlhаm ƏLİYEV: Yeni Azərbaycan Partiyasının gücü, ilk növbədə, onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV: Möhtərəm Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaradarkən qarşıya bir məqsəd qoymuşdu: Azərbaycanın müstəqilliyini qorumaq, parçalanmasının qarşısını almaq, Azərbaycanı yaşatmaq və daha da möhkəmlətmək. Bu şərəfli missiyanı həyata keçirən ümummilli liderimiz ölkəmizin siyasi tarix səhnəsindən silinməsinin qarşısını aldı, dövlət müstəqilliyini daimi və əbədi etdi. Bu mənada tam əsasla deyə bilərik ki, nə qədər ki müstəqil Azərbaycan var, Heydər Əliyevin işi və əməlləri də daim var olacaq, əbədi yaşayacaqdır.
Bəşəriyyətin mövcudluq salnaməsinə möhürünü vurmuş görkəmli tarixi şəxsiyyətlərin mənsub olduqları xalqların, millətlərin tarixindəki rolunu tədqiq etmiş böyük mütəfəkkirlər daim bu fenomen insanları dərindən öyrənməyə, obyektiv elmi-politoloji nəticələr çıxarmağa səy göstərmişlər. Ümumi qənaət isə belə olmuşdur ki, hər bir xalqın milli inkişaf yolunu müəyyənləşdirən, onu dünya miqyasında tanıdan, layiqli mövqelərə ucaldan məhz belə xarizmatik milli liderlərdir. Obrazlı şəkildə desək, bu liderlər tarixi sivilizasiya yolunun ən uca məqamları, əbədi yanan məşəlləri – müdriklik zirvələridir. Min illər, yüz illər boyu insanlıq əbədi məşəllərin işığına üz tutub, o uca zirvələrin göstərdiyi yollarda irəliləyib. Çin mütəfəkkiri X.Fey yazırdı: “Şəxsiyyət xalqın məşəlidir, onsuz irəliyə yol yoxdur. Çünki şəxsiyyətin işini ayrı-ayrı fərdlər görə bilməzlər. Şəxsiyyətlər səma adamlarıdır, yerə müəyyən missiya üçün göndərilir”.
Bu baxış bucağından yanaşsaq, ötən yüzillikdə xalqımızın yetişdirdiyi fenomenal şəxsiyyət – ümummilli lider Heydər Əliyevin bir ilahi missiya ilə müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq təcrübi surətdə həyata keçirmiş böyük şəxsiyyət olduğunu danılmaz həqiqət kimi bir daha qəbul etmiş olarıq. Ulu öndər Heydər Əliyevin siyasi kimliyi xalqımızın uzun minillikləri əhatə edən dövlətçilik tarixində iz qoymuş görkəmli siyasi şəxsiyyətlərin ən müsbət cəhətlərinin ümumiləşmiş obrazıdır. O, Azərbaycanın müasir tarixinin, zaman baxımından bir qərinəlik, mahiyyətcə isə əhəmiyyəti əsrlərlə ölçülən mərhələsində həm dünya şöhrətli uzaqgörən siyasi və dövlət xadimi, həm mahir strateq və yenilməz sərkərdə, həm iqtisadi-mədəni intibahın memarı və milli-mənəvi mədəniyyətin böyük hamisi, həm yorulmaz vətənpərvər və polad əqidəli vətəndaş, həm də görkəmli mütəfəkkir və milli ziyalılığın öndəri kimi titanik fəaliyyət göstərmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə ölkədə yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın hüquqi-siyasi və sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti quruculuğu və cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisi istiqamətində aparılan islahatlar, bu islahatlar nəticəsində yalnız ölkəmizdə deyil, həm də regionumuzda baş verən dəyişikliklər, mütərəqqi yeniliklər ən yaxın tariximizin siyasi reallığıdır. Xalqımız məhz dahi rəhbər Heydər Əliyevin konseptual irsinə sadiq qaldığı üçün müstəqilliyini və suverenliyini qoruyub saxlamış, hərtərəfli inkişaf yoluna qədəm qoymuş, zəruri demokratik islahatlar nəticəsində Avropa ailəsinə qoşulmuş, bu gününün və gələcəyinin rifahını təmin etmişdir.
Ulu öndərimiz bəşər tarixinin yetirdiyi nadir şəxsiyyətlərdəndir ki, iki fərqli siyasi sistemdə əsl dövlət xadimi və peşəkar siyasətçi kimi özünü göstərmiş, eyni dərəcədə uğur qazana bilmişdir. Sovet hakimiyyəti illərində Azərbaycanda kommunist partiyasına rəhbərlik edən ümummilli liderimizin 1992-ci ildə Naxçıvanda ölkəmizin bugünkü və bundan sonrakı perspektivinə hesablanmış Yeni Azərbaycan Partiyasını yaratması, ona 11 il uğurlu rəhbərliyi deyilənlərin ən yaxşı sübutudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu partiyanın istiqlaliyyət tarixi ilə çulğalaşan fəaliyyətinə belə qiymət vermişdir: “Müasir, müstəqil Azərbaycan və ümumxalq hərəkatına çevrilən Yeni Azərbaycan Partiyası ulu öndərimizin özündən sonra xalqımıza ən böyük töhfəsi və əmanətidir”.
Kommunist ideologiyasının süqutundan sonra Azərbaycan cəmiyyətində ideologiyasızlığın, anarxiyanın və xaosun dərin kök salmağa başladığı bir vaxtda demokratik hərəkat dalğasında, təxminən, “eyni şineldən” çıxan siyasi partiyalar bu boşluğu doldurmaq əvəzinə, pərakəndəliyi gücləndirdilər və məhdud siyasi ambisiyalarla çıxış edərək elə formalaşma mərhələsindəcə elektoral baxımdan iflasa uğradılar. Bunun nəticəsi idi ki, ağır və gərgin ictimai-siyasi ideologiyasızlıq zəminində Azərbaycana rəhbərlik etməyə başlamış AXC-Müsavat cütlüyü cəmi bir il hakimiyyətdə olmuşdur.
Azərbaycandakı çoxsaylı siyasi partiyaların nəinki hansı əhali təbəqəsini təmsil etdiyinin məlum olmadığı, hətta onların hamısının hakimiyyəti necə reallaşdırmaq barədə ən bəsit məlumatlarının olmadığı bir vaxtda ulu öndər Heydər Əliyev əsl siyasətşünas-alim və illərin təcrübəsini əxz edən siyasətçi peşəkarlığı ilə Yeni Azərbaycan Partiyasının ideologiyasını xalqın bütün təbəqələrini təmsil edən vahid milli-siyasi ideologiya kimi irəli sürmüşdür.
Ulu öndər Heydər Əliyevin milli dövlətçilik və siyasi idarəçilik məktəbinin görkəmli nümayəndəsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov partiyanın formalaşmasında xəlqilik amilini belə qiymətləndirir: “İstər təşkilatlanması baxımından, istərsə də qarşıya qoyduğu siyasi məqsədlərə görə Yeni Azərbaycan Partiyası həmin dövrdə artıq yaranaraq fəaliyyət göstərən digər partiyalardan kəskin şəkildə fərqlənirdi. Əgər digər siyasi partiyalar ayrı-ayrı şəxslərin şəxsi təşəbbüsü ilə yaranırdısa, Yeni Azərbaycan Partiyası onu yaratmaq istəyən insanların, xalqın böyük əksəriyyətinin istəyi ilə, konkret bir təşkilati mərkəzi olmadan yaranmışdı. Mövcud siyasi partiyaların əksəriyyəti bu hərəkatın başında dayananların şəxsi maraqlarına, partiyadan istifadə etmək məqsədinə görə idisə, Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında yeganə zəruri şərt xalqın istəyi idi. Belə ki, bu partiya qarşısına hakimiyyət məsələsini yox, xalqı, ölkəni düşdüyü ağır böhrandan çıxarmaq məqsədini qoymuşdu. O dövrdə partiyamızın irəli sürdüyü konstruktiv müxalifətçilik şüarı yalnız bir məramdan – Azərbaycanı Azərbaycana qaytarmaq arzusundan irəli gəlirdi”.
Bu mənada proqramı bitkin milli dövlətçilik ideologiyası ilə yoğrulmuş Yeni Azərbaycan Partiyası, obrazlı şəkildə desək, Azərbaycan cəmiyyətində səhrada su effekti vermişdir. Ulu öndərin partiyanın yaradılması ilə bağlı ziyalıların müraciətinə 1992-ci il oktyabrın 24-də verdiyi tarixi cavabı, əslində, müstəqil Azərbaycan dövlətçiliyini hədələyən qlobal problemləri, qarşıda duran vəzifələri və onların həlli yollarını özündə ehtiva edən ümummilli fəaliyyət proqramı idi. Partiyanın proqramında əks olunmuş altı əsas ideoloji prinsip (müstəqil dövlətçilik; qanunçuluq; Azərbaycançılıq, vətənçilik; varislik, yaradıcı təkamül; konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi; sosial ədalət) bir tərəfdən müstəqillik dövrünün bundan sonrakı bütün mərhələləri üçün vahid milli demokratik, hüquqi, dünyəvi dövlətçilik ideologiyasının, digər tərəfdən isə ictimai-siyasi dayanıqlılığa və sosial ədalətə əsaslanan vətəndaş cəmiyyəti quruculuğunun təməl prinsipləridir. Bu mühüm prinsiplər müstəqilliyimizin ilk illərində mənəvi-ideoloji sferada tam boşluğun olduğu bir vaxtda irəli sürülmüş və ötən dövr onların aksiom olduğu tam təsdiqini tapmışdır.
Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas istiqamətləri kimi irəli sürülən milli təhlükəsizlik və milli maraqların qorunması, Dağlıq Qarabağ üzərində Konstitusiya səlahiyyətlərinin bərpa edilməsi, ordunun gücləndirilməsi, ölkənin müdafiə potensialının inkişaf etdirilməsi, xarici siyasət və beynəlxalq əlaqələrin gücləndirilməsi 1993-2003-cü illərdə ümummilli liderimizin Azərbaycan Respublikasının Prezidenti kimi çoxşaxəli fəaliyyətinin başlıca istiqamətləri olmuşdur. Cəmiyyətin siyasi sisteminin inkişaf etdirilməsi, sosial-iqtisadi siyasət, sosial-mədəni və mənəvi inkişaf sahəsində partiya fəaliyyətinin əsas istiqamətləri həm bir siyasi düha, həm ümumxalq partiyasının lideri, həm də Azərbaycanın müstəqilliyinin xilaskarı kimi dövlət rəhbərliyi missiyasını öz üzərinə götürmüş ümummilli liderimizin daxili siyasətdə əsaslandığı sabit və uğurla reallaşdırılan taleyüklü siyasi vəzifələr idi.
Sonralar ümummilli lider Heydər Əliyev özünün öndərliyində Azərbaycanda həyata keçirilən müstəqil dövlət quruculuğu tədbirlərini belə dəyərləndirirdi: “Qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik, Vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz milli Konstitusiya qəbul etdik. Prezident, parlament və bələdiyyə seçkiləri keçirdik, mühüm siyasi və iqtisadi islahatlar apardıq”.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu milli siyasi ideologiya müstəqil Azərbaycanda hakimiyyətin həyata keçirilməsinin vacib funksiyasını yerinə yetirməklə insanları vahid amallar ətrafında birləşdirmiş və onların siyasi davranışlarını istiqamətləndirmişdir. Bu ideologiya sonrakı əsrlər, minilliklər ərzində Azərbaycan dövlətçiliyinin əbədiliyinin təmin olunmasına yönəlmiş milli manifestdir.
Elə buna görə də prezident seçkilərindən əvvəl – 2003-cü ilin oktyabr ayında Azərbaycan xalqına tarixi müraciətində ümummilli liderimiz demişdir: “Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir... Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın layiqli övladlarını öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”. Xalq cəmi bir neçə gün sonra, oktyabrın 15-də İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçməklə həm öz liderinə qədirbilənliklə vəfa borcunu göstərdi, həm də Heydər Əliyev yolu ilə gələcəyə doğru getməkdə qətiyyətli olduğunu sübut etdi.
Ötən dövr ümummilli liderimizin tarixi müraciətində irəli sürdüyü müddəaların onun adına layiq şəkildə yerinə yetirilməsi ilə əlamətdar olmuşdur. Ulu öndərin möhtəşəm siyasi əsəri olan Yeni Azərbaycan Partiyasının üzvləri və xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək Heydər Əliyev yolunun davam və inkişaf etdirilməsinə dayanıqlı siyasi və güclü mənəvi stimul yaratdılar. Cənab Prezident elə rəhbərliyinin ilk günlərindən ölkəmizin strateji yolunun dəyişməzliyini qətiyyətlə bəyan etdi: “Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”. Ümummilli liderimizin milli dövlətçilik irsinin layiqli siyasi varisi Prezident cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ilk günündən elan etdiyi bu xətt müstəqil Azərbaycanı əsl tərəqqiyə qovuşdurmuş, regionda lider dövlətə çevirmişdir: “Həyat yerində durmur, qarşımıza yeni tələblər çıxır. Amma prinsipial istiqamət, ideoloji istiqamət dəyişməz olaraq qalır. Bu, Heydər Əliyev fəlsəfəsidir, siyasətidir, ideologiyasıdır... Mən sizi əmin etmək istəyirəm ki, bütün məsələlərdə, o cümlədən partiya quruculuğu istiqamətində də Heydər Əliyev siyasətinə sadiq qalacağam. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik”.
Məşhur qırğız yazıçısı Ç.Aytmatov Azərbaycan xalqının ümummilli lideri haqqında deyirdi: “Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır”. Bütövlükdə bəşəriyyətin tarixinə adı qızıl hərflərlə həkk olunmuş Heydər Əliyev nəhəngliyi 80 illik bir ömrə sığmayıb, özündən sonrakı bir çox əsrlər boyu da tarixin bütün anlarında özünü göstərəcək, onun zəngin dövlətçilik irsi nəsildən nəslə çox qiymətli bir miras kimi ötürüləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Möhtərəm Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaradarkən qarşıya bir məqsəd qoymuşdu: Azərbaycanın müstəqilliyini qorumaq, parçalanmasının qarşısını almaq, Azərbaycanı yaşatmaq və daha da möhkəmlətmək. Bu şərəfli missiyanı həyata keçirən ümummilli liderimiz ölkəmizin siyasi tarix səhnəsindən silinməsinin qarşısını aldı, dövlət müstəqilliyini daimi və əbədi etdi. Bu mənada tam əsasla deyə bilərik ki, nə qədər ki müstəqil Azərbaycan var, Heydər Əliyevin işi və əməlləri də daim var olacaq, əbədi yaşayacaqdır”.
Elman CƏFƏRLİ
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı