Mayın 16-da Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir.
Əvvəlcə konfrans iştirakçıları ümummilli liderin Qars şəhərinin “Ərzurum” küçəsindəki abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoymuşlar.
Sonra tədbir Qars Qafqaz Universitetinin konfrans salonunda davam etdirilmişdir.
Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Ayxan Süleymanov çıxış edərək demişdir ki, bu gün Azərbaycanın azad, müstəqil dövlət kimi tanınması, iqtisadiyyatının gündən-günə güclənməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda sabitlik yaradılmış, qanunçuluq, demokratik prinsiplər bərqərar edilmiş, müstəqilliyimiz əbədi və dönməz xarakter almış, həyata keçirilən uğurlu xarici siyasət xətti ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutmasına səbəb olmuşdur.
Baş konsul ulu öndərin Türkiyə və Azərbaycan dövlətləri, eləcə də xalqlarımız arasında daha sıx əlaqələrin yaradılması istiqamətindəki fəaliyyətindən danışmış, ümummilli lider tərəfindən əsası qoyulmuş Azərbaycan-Türkiyə dostluq əlaqələrinin uğurla inkişaf etdirildiyini bildirmişdir.
Qars Qafqaz Universitetinin rektoru Sami Özcan çıxış edərək ulu öndərin xalqlarımız qarşısındakı xidmətlərindən bəhs etmiş, ölkələrimiz arasında ikitərəfli münasibətlərin, xüsusilə təhsil sahəsindəki əlaqələrin yüksək səviyyədə olduğunu bildirmişdir.
Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev demişdir ki, dahi şəxsiyyət 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə sürətli sosial-iqtisadi inkişafın əsası qoyulmuş, zəngin qanunvericilik bazası yaradılmış, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün ulu öndərin müəllifi olduğu regional enerji və nəqliyyat layihələri ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verir.
Tədbirdə Qars Qafqaz Universitetinin professorları Haydar Efe və Mikayıl Emin çıxış edərək dahi şəxsiyyətin istər keçmiş Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın inkişafı naminə gördüyü işlərdən bəhs etmişlər.
Sonra ulu öndər Heydər Əliyevin 2002-ci ildə Qars şəhərinə səfərindən bəhs edən film nümayiş etdirilmiş, konfrans iştirakçıları dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən fotoşəkil, kitab və jurnallardan ibarət sərgiyə baxmışlar.
Tədbir iştirakçılarına ulu öndərə həsr edilmiş “Böyük insanların yaşamı” adlı kitab paylanmış, Naxçıvan Dövlət Universitetinin tələbələrinin ifasında ümummilli liderə həsr olunmuş mahnı və şeirlər səslənmişdir.
Sonda ziyafət təşkil olunmuşdur.
Mərasimdə Qars vilayətinin valisi Eyyup Təpə, bələdiyyə sədri Nevzat Bozkuş, Ədalət və İnkişaf Partiyasının, Milliyyətçi Hərəkat Partiyasının və Cümhuriyyət Xalq Partiyasının üzvləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
“Şərq qapısı”