Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin çiçəklənməsinə, hərtərəfli inkişafına, zənginləşməsinə böyük əhəmiyyət vermişdir. Ulu öndər həmişə ana dilini ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla və vətənpərvərliklə bağlayırdı. Dahi rəhbər Heydər Əliyev Azərbaycan dilini millətin milliliyini saxlayan ən böyük vasitə sayırdı.
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ana dilinin himayədarı olmuş dahi rəhbər səlis, rəvan və aydın nitqi ilə həm də ana dilimizin zəngin ifadə formasının dəyərli nümunəsini yaratmışdır.
Ulu öndər Heydər Əliyev onu həmişə anlatmağa və şüurlara həkk etdirməyə çalışırdı ki, dil yalnız mənəviyyat problemi, filoloji fikir məsələsi deyil, Azərbaycançılıq fəlsəfəsinin təməl problemidir. Bu səbəbdən də müdrik rəhbərin ana dilimizə göstərdiyi həssas münasibətdə millətin və dövlətin taleyi dayanmışdır. Dil həm də şərəfli dünənimiz, qürurlu bu günümüz, gələcəkdəki əbədiliyimizdir.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, – deyən ümummilli liderimiz Azərbaycana rəhbərlik etməyə başladığı andan mədəniyyətimizə və mənəviyyatımıza dərindən bağlılığını dönə-dönə sübut etmiş, öz siyasi təcrübəsi, yüksək intellekti ilə milli dilin inkişafı istiqamətində məqsədyönlü iş aparmış və bu siyasəti bütün çətinliklərə baxmayaraq, dönmədən həyata keçirmişdir. Ulu öndər mövcud tarixi təcrübəni və müasir dövrün tələblərini nəzərə alaraq mükəmməl bir dil siyasəti yürütmüşdür.
Müstəqillik illərində xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dilinə yalnız sözdə deyil, işdə çevrilməsinə çalışmış, bu dilin dünya azərbaycanlıları arasında nüfuzunun bərpa edilməsi, xalqımızın ünsiyyət vasitəsi, milli dəyəri olması uğrunda mübarizə aparmış və Azərbaycan dilinə sevgini Azərbaycançılıq ideologiyasının əsas əlamətlərindən biri kimi təsbit etmişdir.
Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində müdrik rəhbər Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərmanı tarixi rol oynamışdır.
Ulu öndər bu fərmanın tətbiqini sürətləndirmək məqsədilə 2001-ci il avqustun 9-da “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nün təsis edilməsi haqqında daha bir Fərman imzalamışdır. Bu fərmana əsasən, hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur. “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nün təsis edilməsi dahi rəhbər Heydər Əliyevin 1969-cu ildən başladığı milli dil siyasətinin, 1993-cü ildən etibarən həyata keçirdiyi milli dövlətçilik siyasətinin davamı və qanunauyğun nəticəsidir.
Ulu öndərin, bütün sahələrdə olduğu kimi, ana dilinin inkişafı ilə bağlı ideyaları da bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir.
Prezident İlham Əliyev 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalamışdır.
Dövlət Proqramının hazırlanmasına qədər bu sahədə müəyyən tədbirlər həyata keçirilmişdir. Belə ki, ölkə Prezidentinin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü ildə imzaladığı sərəncamlara əsasən, latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğət və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olmuşdur.
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, eləcə də dilçilik elminin müxtəlif sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanması dövrün tələbidir. Gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi çox vacibdir. Bu səbəbdən də Prezident sərəncamına əsasən, qəbul edilmiş Dövlət Proqramının məqsəd və vəzifələri çox aydındır. Dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi, dil və nitq mədəniyyətinin yüksəldilməsi, lüğət tərkibinin və qrammatik normaların sistemləşdirilməsi Dövlət Proqramının əsas vəzifələrindəndir. Bu proqramın icrasından gözlənilən nəticələr Azərbaycan dilinin və dilçilik elminin inkişafına hesablanmışdır. Azərbaycan dilçiliyinin prioritet istiqamətlərinin düzgün müəyyənləşdirilməsi sayəsində mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün də mexanizmlər işə düşəcək. Elmi, bədii və publisistik əsərlərin orijinaldan tərcüməsi, eləcə də filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün tədbirlərin müəyyənləşdirilməsi gözlənilən nəticələrə daxildir. Azərbaycan dilinin düzgün işlədilməsi və onun təmin olunması üçün müvafiq internet resurslarının da yaradılması nəzərdə tutulmuşdur.
Dövlət Proqramının icrası ilə əlaqədar hazırlanan Tədbirlər Planında da həyata keçiriləcək tədbirlərin adı, icraçılar və icra müddəti dəqiq göstərilmişdir. Tədbirlər Planına görə, 2013-cü ildən icrasına başlanılan Dövlət Proqramı 2020-ci ildə başa çatmalıdır. Amma elə tədbirlər də var ki, onlar 2015-2016-cı illərdə öz nəticələrini verməlidir. Normativ hüquqi bazanın təkmilləşdirilməsi, Azərbaycan dilinin tədrisinin və tətbiqinin genişləndirilməsi, öyrənilməsi və təbliği sahəsində qarşıda duran vəzifələr konkret və aydın şəkildə göstərilmişdir. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi birbaşa olaraq dövlət dilinin elm və təhsil müəssisələrində istifadəsi və təbliği ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair tədbirləri hazırlayıb iki il ərzində mütləq həyata keçirməlidir. Kütləvi informasiya vasitələrində ana dilimizin təbliği ilə əlaqədar adını çəkdiyimiz təşkilatlarla bərabər, Milli Televiziya və Radio, Mətbuat şuraları mütəmadi olaraq iş aparmalıdırlar.
İnanırıq ki, ulu öndər Heydər Əliyevin ideyaları işığında ölkə Prezidentinin qloballaşma dövründə dilimizlə bağlı imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin uğurlu icrası Azərbaycan dilinin inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü