03 Yanvar 2025, Cümə

Neft və təbii qazı çox vaxt planetimizin qara və mavi qızılı da adlandırırlar. Və bu adlandırma heç də təsadüfi deyil. Həqiqətən də, müasir insan cəmiyyətini neft və təbii qaz olmadan təsəvvür etmək mümkün deyil. Bu təbii sərvətlər neft-kimya sənayesi üçün ən qiymətli xammal sayılır. Müasir dövrdə həmin xammallar əsasında alınan, gündəlik məişətimizdən tutmuş sənaye və texnikanın müxtəlif sahələrində işlədilən maddələr o qədər çoxdur ki, onların dəqiq sayını söyləmək çətindir. Elə bu səbəbdəndir ki, son illərdə praktik olaraq dünyanın bütün ölkə­lərində neft və qaza olan tələbat durmadan artmaqdadır. Həm də elə bu səbəbdən beynəlxalq ticarətdə, ən başlıcası isə siyasətdə neft amili, demək olar ki, aparıcı amilə çevrilmişdir.

Təbii sərvətlərdən istifadə ilə bağlı düzgün siyasət apara bilməyən, milli maraqlara söykənməyən siyasət yürüdən ölkələrin sərvətlərindən əldə edilən sərmayə öz xalqlarının firavanlığına deyil, yadellilərə xidmət edir.

Zəngin karbohidrogen ehtiyatlarına malik respublikamızda müstəqillik əldə edildikdən sonra neft siyasəti həyata keçirilərkən bütün bu amillər nəzərə alınmış, daha rasional yol seçilmişdir. Və bu işdə xalqımızın bəxti onda gətirmişdir ki, ölkəmiz üçün həlledici olan dövrdə dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlmişdir. Müstəqilliyinə yenicə qovuşmuş ölkəmiz saysız-hesabsız problemlərlə üz-üzə qalmışdı. Qeyri-sabit vəziyyətin mövcud olduğu, vətəndaş müharibəsi təhlükəsinin başımızın üstünü aldığı, total böhranın hökm sürdüyü və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış problemlərin üst-üstə yığıldığı bir zamanda Azərbaycan müstəqil ölkə kimi ilk addımlarını atmağa başlamışdı. Ölkəmizin gələcəyi üçün lazımi tədbirlərin görülməsi böyük bir tarixi zərurət idi. Məhz belə bir çətin dövrdə dövlətimizin və dövlətçiliyimizin əsası ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində formalaşdırılmışdır. Azərbaycanın iqtisadi müstəqilliyinin əldə edilməsi üçün konkret addımlar atılmış, çox mühüm iqtisadi və siyasi islahatlar həyata keçirilməyə başlanmışdır. Heç şübhəsiz, onların içində ən mühümü və çox böyük tarixi əhəmiyyət kəsb edəni 1994-cü ildə Əsrin müqaviləsinin imzalanması olmuşdur. Ulu öndəri­miz Heydər Əliyev yaxşı bilirdi ki, neft strategiyasını düzgün qurmadan qarşıya qoyulmuş möhtəşəm siyasi və iqtisadi vəzifələri həyata keçirmək mümkün olmayacaq, bu isə sonda əldə etdiyimiz müstəqilliyin itirilməsinə gətirib çıxaracaqdır. Böyük miqdarda sərbəst maliyyə və­saitlərinə malik neft yataqlarını yerli resurslar hesabına geniş miqyasda istismar etmək mümkün deyildi. Məhz bu səbəbdən həmin dövrdə Azərbaycana sərmayə axınına nail olmaq ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bir məsələ idi. Bəzi dövlətlərin neft kontraktlarının imzalanmasına cidd-cəhdlə mane olmağa çalışmaları (dəfələrlə ölkədə dövlət çevrilişinə edilən cəhdlər, ulu öndərə qarşı hazırlanan sui-qəsd planları, Xəzərin sahilyanı ölkələr arasında pay bölgüsünü aparmadan neft yataqlarının istismara başlanmasının mümkün olmadığının iddia edilməsi, istismarı nəzərdə tutulan yataqların perspektivsiz yataqlar olması fikrinin ortaya atılması və sair) Azərbaycanı dünyada çox riskli bir dövlət kimi tanıtmışdı. Belə bir vəziyyətdə xarici investorların ölkəyə dəvət edilməsi və buna müsbət cavab alınması Heydər Əliyev siyasətinin çox böyük uğuru idi. Sözsüz ki, dünyanın nəhəng neft şirkətlərinin Azərbaycana dəvət edilməsi onlar üçün lazımi şərait yaradılmadan, qoyulacaq investisiyaların qorunacağına dair etibarlı təminat verilmədən, o cümlədən qanunvericilik sahəsində lazımi addımlar atılmadan mümkün deyildi. Bütün bu sadalananların öhdəsindən ulu öndər layiqincə gələ bildi; əlbəttə ki, onun şəxsi nüfuzu bu işdə çox mühüm rol oynamışdır.
Beləliklə, 1994-cü il sentyabr ayının 20-də yenicə müstəqillik əldə etmiş respublikamız üçün çox böyük tarixi əhəmiyyət kəsb edən bir hadisə baş vermiş – Əsrin kontraktı bağlanmışdır. Azərbaycanın Xəzər sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” neft yataqlarının birgə istifadəsini nəzərdə tutan bu kon­trakt dünyada məşhur olan bir çox neft şirkətləri – “BP”, “Ramco” (Böyük Britaniya), “Amoko”, “Unocal”, “Exon”, “Pennzoil” (ABŞ), “Lukoil” (Rusiya), “Stat­oil” (Norveç), “Turkish Petroleum” (Türkiyə), “İtochu Co” (Yaponiya) və “Delta” (Səudiyyə Ərəbistanı) şirkətləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında 30 il müddətinə imzalanmışdır. Əsrin müqaviləsi həm də ona görə tarixi hadisə sayılmalıdır ki, xarici şirkətlərlə əməkdaşlığımızın ilk təcrübəsi uğurlu olmuşdur. Birinci kontraktdan sonra Azərbaycana maraq artmış, ölkəmiz özünü dünyada etibarlı tərəfdaş kimi tanıda bilmişdir ki, bu da sonrakı mərhələlərdə çox vacib idi.
Əsrin müqaviləsi imzalanmaqla Azərbaycanda nəhəng neft siyasətinə başlanmış və bu iş Heydər Əliyev siyasətinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
Əsrin kontraktı imzalandıqdan cəmi üç il sonra (1997-ci il) ilk neft hasil olunmuş, beş il sonra (1999-cu il) isə mənfəət nefti ixrac olunmağa başlanmışdır. Bundan sonra qarşıda duran əsas vəzifələrdən biri, həm də ən mühümü çıxarılan nefti xarici bazarlara çatdırmaq üçün neft kəmərlərinin inşası idi. Doğrudur, bu məqsədlə sovet dövründən qalan neft kəmərlərindən (Bakı-Novorossiysk, Bakı-Supsa) mü­əyyən təmir və yenidənqurma işləri aparıldıqdan sonra istifadə edilə bilərdi və edildi də. Lakin Azərbaycan neftinin taleyini yalnız həmin kəmərlərin öhdəsinə buraxmaq gələcəkdə böyük problemlər yaradar, ölkəmizi asılı vəziyyətə sala bilərdi. Buna görə də neft kəmərlərinin (sonralar isə həm də qaz kəmərlərinin) şaxələndirilməsinə (diversifikasiyasına) nail olmaq müstəsna əhəmiyyət kəsb edən bir problem kimi qarşıda dururdu. Ciddi maneələrə baxmayaraq, ulu öndərin bu ideyası da reallığa çevrilmişdir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin tikintisi Əsrin müqaviləsi kimi çox möhtəşəm tarixi hadisə sayılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilib istifadəyə verilməsi təkcə ona görə tarixi hadisə sayılmır ki, o, ilk dəfə olaraq Xəzər dənizinin neftini Aralıq dənizinin bazarlarına çıxardı, həm də ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı. Bölgədəki çox çətin geosiyasi vəziyyətə baxmayaraq, xarici investorlar bu layihəyə də böyük vəsait cəlb etdilər, beynəlxalq maliyyə qurumları isə öz dəstəklərini göstərdilər. Bununla, neft kəmərlərinin şaxələndirilməsi ilə bağlı ideya da reallaşdırıldı. Bu gün artıq üç istiqamətdən nəql edilən neftimiz dünya bazarlarına çox etibarlı şəkildə çatdırılır.
BTC-nin reallaşması xalqımızın böyük oğlu Heydər Əliyevin neft strategiyasının ikinci böyük təntənəsidir. Əsrin müqaviləsi Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin məhək daşına çevrilməklə azad iqtisadi mexanizmlərin tətbiqini, dünya iqtisadiyyatına dinamik inteqrasiyanı təmin edərək ölkəmizin inkişafında müstəsna əhəmiyyətə malik rol oynamışdır. Neftdən gələn gəlirlər sayəsində maliyyələşən daxili investisiyaların artımı hesabına iqtisadiyyatda tarazlı inkişaf təmin edilmiş, yüz minlərlə yeni iş yerləri açılmışdır. Ölkə­mizin ilbəil artan büdcə gəlirləri sosial sahələrin inkişafına imkan vermişdir. Təhsilə və səhiyyəyə, eləcə də cəmiyyət həyatının digər sahələrinə yönəldilən vəsaitlər neft gəlirlərindən səmərəli istifadənin göstəriciləridir. Artıq ölkəmiz region dövlətləri arasında istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən qüdrətli dövlətə çevrilmişdir.
Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən möhtəşəm quruculuq tədbirləri də ulu öndərin neft strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir.
Azərbaycanın qazandığı bütün uğurlarda Heydər Əliyevin neft strategiyasının əvəzedilməz rolu vardır. Bu strategiya beynəlxalq birliyin Azərbaycana inamını, etimadını formalaşdıran əsas amillərdən biridir. Bu həm də iqtisadi amildən siyasi təsir vasitələrinə çevrilərək ölkəmizin geosiyasi maraqlarını təmin edən, qlobal məkana inteqrasiyanı reallaşdıran, Cənubi Qafqazda, eləcə də digər bölgələrdə enerji təhlükəsizliyini və sabitliyi qoruyan, əhalinin sosial təminatını, dövlətin iqtisadi rifah və tərəqqisini stimullaşdıran vacib faktordur.

Ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, bu inkişaf tempinə görə böyük uğurlar qazanması, öz milli maraqlarını müvəffəqiyyətlə təmin etməyə qadir bir dövlət kimi müstəqil siyasət yürüdə bilməsi, iri layihələrin reallaşdırılması, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə artması ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu neft strategiyası sayəsində mümkün olmuşdur. Şübhə yoxdur ki, bu siyasət bundan sonra da Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdiriləcəkdir.

Tofiq ƏLİYEV
professor

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR