Heydər Əliyev Muzeyində ulu öndərimizin 90 illik yubileyi münasibətilə növbəti açıq dərs keçilmişdir. Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şagirdlərinin iştirak etdiyi açıq dərsdə dahi rəhbərimizin böyük siyasi fəaliyyətinin Naxçıvan dövründən bəhs edilmişdir. Məktəbin tarix müəllimi Məhəbbət Babayeva bildirmişdir ki, ümummilli liderimizin nəsillərə nümunə olan şərəfli həyatında Naxçıvana bağlılıq, Azərbaycanın bu qədim diyarına tükənməz məhəbbət və ardıcıl qayğı xüsusi yer tutmuşdur. 20 iyul 1990-cı ildə Moskvadan Bakıya, iki gün sonra isə ağır blokada vəziyyətində olan Naxçıvana gələn dahi rəhbər Heydər Əliyevi xalq böyük coşqunluqla qarşılamışdır. Həmin vaxt Naxçıvan son dərəcə çətin bir şəraitdə yaşayırdı. Bir tərəfdən iqtisadiyyat dağılaraq tamamilə iflic vəziyyətinə düşmüş, əhalinin maddi durumu kritik həddə yuvarlanmışdı, digər tərəfdən isə xain ermənilərin aramsız hücumları bölgədəki ağır situasiyanı daha da mürəkkəbləşdirmişdi. Belə bir vaxtda xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvana gəlişi əhalinin əsl nicatına çevrilmiş, hamı onun timsalında böyük xilaskarını tapmışdır.
Qeyd edilmişdir ki, 30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə Naxçıvan Muxtar Respublikasının əhalisi yekdilliklə ulu öndəri Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçdi. 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə fəaliyyətə başlamışdır. Həmin sessiyada təkcə Naxçıvan üçün deyil, ümumən Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik taleyüklü qərarlar qəbul olunmuşdur. Belə ki, sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, milli istiqlal rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarlar qəbul olunmuşdur.
Vurğulanmışdır ki, muxtar respublikanın əsl xilas və tərəqqisinin yalnız ümummilli liderimizin dühası sayəsində mümkün olduğunu çox yaxşı bilən Naxçıvan əhalisinin təkidli tələbi ilə 1991-ci ilin 3 sentyabrında görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilmişdir. Ulu öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi iki ilə yaxın müddətdə elə möhtəşəm işlər gördü ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə onilliyə örnək ola bilər. Ümummilli liderimiz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu qədim diyarı bədnam ermənilərin işğal etməsinə imkan verməmiş, onun müdafiə qüdrətini möhkəmləndirmiş, hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirmişdir.
31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması, keçmiş SSRİ-dən miras qalmış təhlükəsizlik orqanlarının ləğv edilərək milli maraqlara xidmət edən yeni müvafiq qurumun yaradılması, rus qoşun hissələrinin muxtar respublikadan çıxarılması, Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlərin görülməsi, nizami ordu hissələrinin təşkili, diyarımızın tarixi taleyi üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsinin şərtlərinin beynəlxalq aləmin diqqət mərkəzinə çəkilməsi, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımların atılması məhz bu qısa müddətdə Naxçıvanda yüksək səviyyədə gerçəkləşdirilmişdi.
Beləliklə, ümummilli liderimizin 22 iyul 1990-cı ildə Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrilmişdir.
Sonra məktəblilərin sualları cavablandırılmışdır.
Səbuhi HÜSEYNOV