Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində ulu öndərin nəzəri irsinin öyrənilməsi sahəsində yeni bir uğurlu addım atılmış, akademik İsa Həbibbəylinin “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr” adlı monoqrafiyası “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik səviyyədə nəşr olunaraq elmi dövriyyəyə daxil edilmişdir. Professor Məmməd Rzayevin elmi redaktorluğu, dosent Vaqif Məmmədovun redaktorluğu ilə çap olunmuş 272 səhifədən ibarət əsərdə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük xidmətlərindən, yeni epoxada Naxçıvan Muxtar Respublikasında gedən ictimai-siyasi proseslərdən və elmi-mədəni hadisələrdən bəhs olunur.
Ulu öndərin 90 illik yubileyi və Naxçıvan Muxtar Respublikasında elan olunmuş “Heydər Əliyev ili” ilə əlaqədar həyata keçirilən genişmiqyaslı tədbirləri xalqımızın ümummilli lider Heydər Əliyev qarşısında mənalı bir hesabatı, onun parlaq adı və ideyaları ilə bağlı olan bütün məsələlərin qətiyyətlə və yaradıcılıqla davam etdiriləcəyinə böyük bir təminat kimi dəyərləndirən İsa Həbibbəylinin bu kitabı, fikrimizcə, akademikin özünün də ulu öndərin xatirəsi qarşısında bir hesabatı kimi səciyyələndirilə bilər. Heydər Əliyev nəzəri irsinə dərindən bələd olan, bu sahədə bitkin və yüksək səviyyəli əsərlərin müəllifi kimi tanınan akademik İsa Həbibbəylinin yenicə çapdan çıxan bu əsəri Əliyevşünaslıq elmi xəzinəsinə sanballı töhfədir. Ümummilli lider Heydər Əliyev şəxsiyyəti, onun həyatı və siyasi fəaliyyəti haqqında silsilə əsərlər müəllifi kimi tanınan akademik İsa Həbibbəylinin qələminin, düşüncə və təfəkkürünün məhsulu olan bu əsərin ulu öndərə sonsuz məhəbbət və ehtiramla yazıldığı açıq-aşkar görünməkdədir.
Giriş, üç bölmə və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyanın “Dahilik və zaman” adlanan birinci bölməsində görkəmli dövlət xadimi Heydər Əliyevin böyük xilaskarlıq missiyasından, ulu öndərin Azərbaycançılıq siyasətini ədəbi düşüncədən dövlət ideologiyası səviyyəsinə qaldırmasından, dahilik və zaman anlayışından, Yeni Azərbaycan Partiyasının Heydər Əliyev və İlham Əliyev zamanında cəmiyyət həyatındakı rolundan, Heydər Əliyev dövlətçilik təlimi və bu təlimdə ədəbiyyat siyasəti və müasirlikdən bəhs edilmişdir. Müəllifin fikrincə, ulu öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycançılıq ideyasını müstəqil Azərbaycan dövlətinin siyasi ideologiyası səviyyəsinə qaldırmasıdır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan və dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən, böyük siyasi-ideoloji və tarixi əhəmiyyətə malik olan Azərbaycançılıq ideologiyasının işıqları müstəqil Azərbaycan Respublikasının bu gününə də, sabahına da gur işıq salır.
Müstəqil Azərbaycan dövlətinin, bütövlükdə, xalqın həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətində yerini və mövqeyini yüksək qiymətləndirən müəllif bu partiyanı qruplaşdırdığı altı faktor əsasında Heydər Əliyev partiyası kimi səciyyələndirir. Qeyd edir ki, ulu öndərin bizi cismən tərk etməsindən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə zəngin ənənələrə malik olan Yeni Azərbaycan Partiyasının daha da inkişaf etdirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə ciddi əhəmiyyət verilir, Yeni Azərbaycan Partiyası yenə də Azərbaycan siyasi mühitinin ən mütəşəkkil, aparıcı qüvvəsi kimi çıxış edir.
“Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr” əsərinin böyük bir hissəsi, adından da göründüyü kimi, ulu öndərin işləyib hazırladığı dövlətçilik təliminə və onun Azərbaycanda təntənəsinə həsr olunmuşdur. Müstəqil dövlətini yaratmaq, azad yaşamaq hər bir xalqın ən böyük arzusudur. Bu baxımdan ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini yaratması, onu inkişaf etmiş bir dövlətə çevirərək Azərbaycan xalqına miras qoyması ümummilli liderin Azərbaycan xalqı qarşısında ən böyük xidmətidir.
Əsərin ikinci bölməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin genişmiqyaslı və çoxcəhətli fəaliyyətinə həsr olunmuşdur. “Yalnız İlham Əliyevlə”, “İlham Əliyevin dövlətçilik strategiyası: çoxaspektli yanaşma, dinamik inkişaf və modernləşmə”, “İlham Əliyev körpüləri: həyatda və siyasətdə”, “Böyük quruculuğun və vətənpərvərliyin uğurlu hesabatı”, “Xəzərdən Ceyhana və Cahana” başlıqları ilə təqdim olunan bu bölmədə ölkə Prezidentinin uğurlu fəaliyyətindən söhbət açılır. Monoqrafiya müəllifinin qənaətinə görə, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ana xətlərini Azərbaycançılıq, millətlərarası münaqişələrin həlli, neft siyasəti, enerji təhlükəsizliyi, bəşəriyyətin taleyində çoxaspektli dialoqun rolu, tolerantlıq fəlsəfəsi, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi və sair kimi aktual, xüsusi çəkiyə malik məsələlər təşkil edir.
Monoqrafiyanın “Naxçıvan Muxtar Respublikası: Heydər Əliyevdən İlham Əliyevə” adlanan üçüncü bölməsində “Möhkəm bünövrə strategiyası”, “Tarixi gedişatın dönüş məqamı və müasir dövr”, “Yeniləşən Naxçıvan: inkişafdan intibaha”, “Böyük qayıdışın bəhrələri”, “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” və “Milli ziyalılığın qüdrətli təminatçısı” başlıqlı yazılar özünə yer almışdır. Burada Azərbaycan Respublikasının müstəqil dövlətçilik taleyində görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrünün xüsusi yer tutduğunu vurğulayan müəllif qeyd edir ki, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin möhkəm və etibarlı bünövrəsinə çevrilmişdir. 17 noyabr 1990-cı ildə, başqa sözlə desək, Azərbaycanda 18 oktyabr 1991-ci ildə Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunmasından on bir ay əvvəl Naxçıvanda ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi rəsmiləşdirilməsini tarixdə analoqu olmayan hadisə kimi dəyərləndirən akademik İsa Həbibbəyli həmçinin həmin gün Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılmasını, “Ali Sovetin” “Ali Məclis” adlandırılmasını həmin sessiyaya rəhbərlik edən xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinə sanballı, böyük siyasi-tarixi əhəmiyyətə malik töhfələri kimi qiymətləndirmişdir.
3 sentyabr 1991-ci ildə naxçıvanlıların təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsini akademik İsa Həbibbəyli “Tarixi gedişatın dönüş məqamı” kimi xarakterizə edir və göstərir ki, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycan tarixinin mühüm və əlamətdar hadisəsidir. Məhz bu böyük siyasi hadisə ilə ölkəmizdə tarixi gedişatın istiqaməti qəti şəkildə müəyyən olunmuş, müstəqil dövlətçilik uğrunda mübarizənin möhkəm və əsaslı təməlləri atılmışdır. 16 dekabr 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən cənab Vasif Talıbov məhz bu etibarlı təməllər üzərində, Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməsi sayəsində Naxçıvan Muxtar Respublikasını əsl inkişaf yoluna çıxarmışdır. Artıq tarixi ədəbiyyatda İntibah dövrü kimi səciyyələndirilən bu müddət ərzində Naxçıvan Muxtar Respublikası inkişaf etmiş sənaye və kənd təsərrüfatı regionuna, Azərbaycanın çox mühüm elm, təhsil və mədəniyyət mərkəzinə çevrilmişdir.
Əsərdə “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti”ndən bəhs edən müəllif qeyd edir ki, Naxçıvan Dövlət Universitetinin formalaşma və inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin əvəzsiz xidmətləri vardır. Ulu öndər bir neçə dəfə universitetdə olmuş, onun 25 illik yubileyində iştirak və çıxış etmiş, bu ali məktəbin inkişafı üçün lazımi tədbirlər həyata keçirmişdir. Yüksək dövlət qayğısı sayəsində Naxçıvan Dövlət Universiteti Azərbaycanın inkişaf etmiş ali məktəblərindən birinə çevrilmişdir.
Naxçıvanda sıravi vətəndaş kimi yaşadığı və işlədiyi dövrdə ümummilli lider Heydər Əliyevlə görüşmək üçün Naxçıvana gəlmiş bir sıra görkəmli elm və mədəniyyət xadimlərinin ulu öndərlə söhbətlərində iştirak etmiş akademik İsa Həbibbəyli bu görüşləri də, aparılan söhbətlər zamanı aldığı təəssüratları da monoqrafiyada bölüşmüşdür.
Şübhəsiz ki, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr” mövzusunda yazılmış monoqrafiya haqqında bir məqalədə ətraflı bəhs etmək, onun məziyyətlərini geniş şəkildə təhlil etmək imkan xaricindədir. Ancaq tam cəsarətlə demək olar ki, bu əsər çox məhsuldar yaradıcılıqla məşğul olan, elmin müxtəlif sahələri, o cümlədən artıq müstəqil elm sahəsinə çevrilmiş Əliyevşünaslıq sahəsində çox dəyərli məqalələr, kitablar və monoqrafiyalar müəllifi İsa Həbibbəylinin elmi yaradıcılığında xüsusi bir mərhələ təşkil edir. İnanırıq ki, akademikin bu əsəri ulu öndər haqqında yazılmış, yazılmaqda olan və gələcəkdə yazılacaq əsərlər sırasında öz layiqli yerini tutacaq, tədqiqatçıların, bütövlükdə, oxucuların tez-tez istinad etdiyi kitaba çevriləcəkdir.
Hacıfəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru, tarix elmləri doktoru, professor