Həyat insanı zaman-zaman müxtəlif yollarla zirvələrə ucaldır. Bu yollardan biri Vətənə məhəbbət, yurda bağlılıq, qorxmazlıq və mərdlik hissləri ilə yoğrulmuş qəhrəmanlıq yoludur ki, bu yolla zirvəyə ucalmaq hər Adəm oğluna nəsib olmur. Həyat bu zirvəyə yüksələn qəhrəmanlarımızı çətin, lakin şərəfli sınaqlardan keçirir. Onlar Vətənimizin bütövlüyü, dövlətimizin toxunulmazlığı uğrunda mərdliklə vuruşmuş, canlarından keçmiş və “Milli Qəhrəman” adına layiq görülmüşlər.
Hörmətli oxucular! “Milli qəhrəmanlarımızı tanıyaq” rubrikasında bu dəfə Milli qəhrəmanlarımız Əli Məmmədov ilə İbrahim Məmmədovun həyat və döyüş yoluna nəzər salacağıq:
Məmmədov Əli Hüseyn oğlu
11 avqust 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdı. Orta təhsilini Bakı şəhərindəki 255 saylı orta məktəbdə almışdı. Sonra Bakı Poliqrafiya Məktəbinə daxil olmuş və çapçı ixtisasına yiyələnmişdi. Bir müddət mətbəədə işləyən Əli Məmmədov 1975-ci ildə ordu sıralarına çağırılır. 1978-ci ildə daxili işlər orqanlarında sıravi polis nəfəri kimi işə başlayır. 1982-ci ildə Polis Akademiyasına daxil olur. 1984-cü ildə təhsilini müvəffəqiyyətlə başa vurub Bakının Binəqədi rayonunda sahə müvəkkili vəzifəsinə təyin edilir. 1987-ci ildə nümunəvi polis işçisi kimi onu Moskva Polis Akademiyasına ixtisasartırma kursuna göndərirlər. Sonra Binəqədi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsində polis kapitanı rütbəsində baş əməliyyat müvəkkili vəzifəsinə yüksəlir.
1992-ci ilin əvvəllərindən o, mütəmadi olaraq polis əməkdaşları ilə birlikdə cəbhə bölgələrinə göndərilir. 1992-ci il sentyabrın 24-də Əli yenidən döyüş bölgəsinə – Laçın rayonuna ezam olunur. Ermənilərin ələ keçirdiyi mühüm strateji əhəmiyyətli Qızartı yüksəkliyini almaq üçün kəşfiyyat planı hazırlanırdı. Əli də bu kəşfiyyat qrupuna daxil edilmişdi. Gecə yüksəklik düşməndən azad edilir, lakin oktyabrın 1-də sübh tezdən sayca qat-qat üstün olan düşmən əks-hücuma keçir. Əli qeyri-bərabər döyüşdə böyük şücaət göstərərək yaralıların döyüş meydanından çıxarılmasına şərait yaradır. Son anadək mərdliklə vuruşan polis kapitanı başından ağır yaralanır, bir müddət sonra şəhidlik zirvəsinə ucalır.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 1992-ci il tarixli Fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakının Rəsulzadə qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır.
Məmmədov İbrahim İsmayıl oğlu
20 dekabr 1958-ci ildə Naxçıvan şəhərində anadan olmuşdu. 1976-cı ildə Naxçıvan şəhər 3 nömrəli orta məktəbi bitirmişdi. Bir il Su Tikinti İdarəsində işlədikdən sonra 1977-ci ildə hərbi xidmətə çağırılır. Ordu sıralarında xidmət edərkən PDM hərbi texnikasının birinci dərəcəli tuşlayıcı operatoru ixtisasına yiyələnir. 1979-cu ildə ordudan tərxis olunaraq Moskva Avtomobil Zavodunda əmək fəaliyyətinə başlayır. Moskvada yaşayıb işləyə-işləyə 1988-ci ildə indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsinin qiyabi şöbəsinə daxil olur və 1993-cü ildə təhsilini başa vurur.
Azərbaycanda baş verən hadisələr, Qarabağdan gələn həyəcanlı xəbərlər onu Vətənə dönməyə məcbur edir. O, hələ 1990-cı ildə Bakıda törədilən Qanlı Yanvar faciəsinə qarşı öz haqq səsini qaldırmış, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında fəal iştirak etmişdir.
İbrahim Məmmədov Xocalı faciəsindən sonra ailəsini də götürüb Bakıya gəlir. Azərbaycanda könüllü batalyonlardan birinin tərkibində döyüşlərə atılır. Həmin batalyonlar ləğv edildikdən sonra 1993-cü ildə Milli Orduda bölük komandiri kimi öz fəaliyyətini davam etdirir. O, yeni yaradılmış hərbi hissədə əsgərlərin təlimi ilə ciddi məşğul olur. Çox keçmir ki, öz bölüyü ilə Kəlbəcərə yollanır. Onun komandirliyi altında strateji əhəmiyyətli bir yüksəklik düşməndən azad edilir. Ermənilər həmin gün 15 nəfərə yaxın itki verərək geri çəkilirlər.
Cəsur döyüşçü 1994-cü il fevralın 16-da Kəlbəcərin strateji yüksəkliklərindən biri uğrunda gedən ölüm-dirim mübarizəsində düşmənin 3 tankını və xeyli canlı qüvvəsini sıradan çıxarır. Son anda snayper gülləsinə tuş gəlir; aldığı yaradan şəhid olur.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 20 iyun 1994-cü il tarixli Fərmanı ilə Məmmədov İbrahim İsmayıl oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Məzarı Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanındadır.
Mirməcid SEYİDOV
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri