03 Yanvar 2025, Cümə

Qafqaz dağlarının San-Fransiskosu – Naxçıvana xoş gəlmisiniz!

ABŞ-da nəşr olunan “Vice” jurnalı (Baş redaktor Endu Kapper) ən çox gənclik mövzusunu əhatə edən, “hadisələrə narahat və tənqidi” münasibət bəsləyən, birbaşa şərhdən çəkinməyən nəşrdir. 900 min tirajla nəşr olunur. Onun 80 mini Böyük Britaniyanın payına düşür. 
Jurnalın redaksiyası Nyu-Yorkda yerləşir.
Jurnalın aprel nömrəsində dərc olunmuş “Qafqaz dağlarının San-Fransiskosu – Naxçıvana xoş gəlmisiniz!” (müəllif Mark Hey) məqaləsinin tərcüməsini qəzetimizin bugünkü nömrəsində dərc edirik.

Təyyarə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına enərkən gözləyirdim ki, “Düşmən qapıda dayanıb” filmində olduğu kimi, parça-parça olan bir əraziyə ayaq basacağam. Düzünü desəm, məndə belə bir təsəvvür cüzi və cansıxıcı məlumatlar əsasında formalaşmışdı. Bu məlumatlar ərazisi 5 min kvadratkilometr, əhalisi isə 400 mindən çox olan Azərbaycanın əsas ərazisindən 30 mil kənarda – düşmən Ermənistanla sərhəddə yerləşən, kəsilib ayrılmış bu böyük eksklavın müasir tarixi barədə xoş fikirlər deməyə imkan vermirdi. Qafqaz bölgəsi haqqında çox oxumuş bir dostum mənə deyirdi ki, o, daim bu yeri “Əfqanıstansayağı” təsəvvür edib. Hətta Azərbaycanın paytaxtı Bakıdan olan dostum mənə deyirdi ki, təsəvvür elə ki, sən boş çöllüyə gedirsən.

Beləliklə, belə təsəvvür etdiyim halda mən, əsl həqiqətdə, özümü təcrid olunmuş San-Fransiskoya bənzər bir yerdə səyahət edən gördüm. Naxçıvan inanılmaz dərəcədə inkişaf etmiş, mütərəqqi, məğrur (özündən razılıq səviyyəsinə qədər) bir məkandır. Əhalisi yerli, təbii məhsullara və əczaçılıq məhsullarına, ekoloji məsələlərə çox diqqət yetirir. Səhiyyə və dini turizm imkanları genişdir və hər yerdə simsiz internet tapmaq imkanı vardır. 

Ən çox təəssürat yaradan isə son dövrdə Naxçıvanın qətiyyət göstərib zamanı qabaqlamağa can atan zaman böyük məhrumiyyətlərlə üz-üzə gəlməsi olmuşdur. 1990-cı ilin yanvarında Naxçıvan MSSR (1920-ci ildə sovet işğalına qədər bir il Araz-Türk Respublikası adlanmışdır) Rusiya tərəfindən naxçıvanlı azərbaycanlıların hüquqlarını pozaraq onu Azərbaycan SSR-in tərkibindən ayırıb Ermənistana birləşdirməyə səy göstərən zaman ona qarşı müqavimət göstərmişdi. Onlar Sovetlər İttifaqından ilk olaraq ayrılaraq öz müstəqilliyini elan etmiş və buna görə hücumlara məruz qalmışdılar. Bəzi naxçıvanlıların dediyinə görə, qarşıdurmalar zamanı ermənilər onlara qarşı kimyəvi silahdan da istifadə etmişdilər. Belə iddialar 1990-1994-cü illərdə – atəşkəsin əldə olunmasına qədər davam etmişdir. Qeyd edilən illərdə Naxçıvan blokada şəraitinə düşmüşdür. Təbii qaz, dəmiryol xətləri, elektrik enerjisi, radio kəsilmiş, qarşılıqlı asılılıq modelinə əsaslanan sovet iqtisadiyyatı kənd təsərrüfatını zəif salmış və sənaye məhsullarının qıtlığını yaratmışdır. Hər il on minlərlə adam Naxçıvanı tərk edirmiş. Hər 3 ağacdan biri kəsilərək sərt qışdan çıxmaq üçün oduncaq kimi istifadə edilmiş, bununla belə, əslən Naxçıvandan olan Heydər Əliyev tərəfindən tikilmiş iki kiçik körpü əhalinin güzəranını təmin etmişdir. O, sonradan muxtar bölgəyə rəhbərlik edərək onun İran və Türkiyə ilə əlaqələrini yaratmış, 1993-cü ildən isə Azərbaycana rəhbərlik etmişdir.
Vəziyyət nisbətən sabitləşəndən sonra jurnalist və hökumət adamları bu bölgəyə gəlməyə başlamışlar. Qeyd edilənlər beynəlxalq müşahidəçilərin yaddaşında həkk olunmuşdur. O vaxtdan etibarən Bakının neftdən əldə etdiyi gəlirlər sayəsində Naxçıvan yeni tərəqqi dövrünə qədəm qoymuşdur. Belə ki, 1995-2012-ci illərdə ÜDM-in həcmi 48 dəfə artmışdır. Yerli əhali ruh yüksəkliyi tapmış və öz kimliyini müəyyən edərək bunu müəyyən mənada ermənilərin, ibarəli şəkildə desək, “gözünə soxmuşdur”.

Bununla yanaşı, bəzi inkişaf meyillərində sovet irsi sezilir. Mən bu elementləri Naxçıvan Dövlət Universitetini gəzərkən gördüm. İri mərmər məbədlərə bənzəyən universitet kampusu Naxçıvanın güc və qüdrətini nümayiş etdirir. Lakin dövlətin kənd təsərrüfatı və sənaye istehsalı ilə bağlı proqramları yerli məmurların fikirləri üzərində qurulub və blokada şəraitindən çıxmağa hesablanıb.
Mətbəx mövzusu söhbətləşdiyim naxçıvanlılar üçün ən sevilən mövzulardan biridir. Sovet kənd təsərrüfatının xatirələri və 90-cı illərin qıtlığı, o cümlədən iqtisadi təhlükəsizliyin iki kiçik körpüdən asılı olması ərzaq təhlükəsizliyi və digər məhsullarla özünü təminetmə məsələsinə xüsusi diqqətlə yanaşmağı tələb etmişdir. Bu, süd məhsulları, ət, taxıl, yumurta, yun sarıdan özünü göstərir. 334 növ məhsuldan 330-u ilə Naxçıvan özü özünü təmin etməyə qadirdir. Mahiyyət etibarilə bu avtarkiya – yəni öz-özünü təmin edən iqtisadi model anlamına gəlir.
Özünü təmin etməyə yol göstərən digər tarixi və psixoloji aspekt ondan ibarətdir ki, Naxçıvanın iqtisadi modeli tər qida məhsulları və təbii ərzaq üzərində qurulub. Naxçıvanlılar qəti surətdə geni modifikasiya olunmuş məhsullardan imtina edirlər, baxmayaraq ki, bu, kənd təsərrüfatının inkişafını təmin edə bilərdi. Onlar avtomatlaşdırılmış, genişmiqyaslı fermer təsərrüfatlarından istifadə edirlər və mal-qaranı yalnız yerli yem hesabına bəsləməyi üstün tuturlar. Onlar həmçinin yerli məhsul və mətbəxlərini tərif edir, bir ədəd Ordubad limonunun 10 manata olduğunu, bu pula isə 7 türk limonu alına biləcəyini bildirsələr də, yerli camaatın (həmçinin türklərin də) Ordubad limonuna üstünlük verdiyini deyirlər. Onlar həmçinin qoz mürəbbəsinin dünyada ən yaxşı və yüksək keyfiyyətli olduğunu bildirirlər. Həmçinin deyirlər ki, bir dəfə Ordubad yumurtası (yağsız və balda bişirilən qayğanaq) yeyən adam daha heç bir yerdə bu yumurtadan yeyə bilməz. Yerli duzun bədəndən tez süzülərək artrit yaratmadığını, buraya gəzməyə gələnlərin geri, Bakıya qayıdarkən özləri ilə su, meyvə, qoyun əti apardıqlarını söylə­yirlər. Hər bir yemək yerli məhsullardan hazırlanır, təkcə yerli olmayan subtropik meyvələrdir.
Bölgədə belə bir fikir hökm sürür ki, mətbəx mədəniyyətdir. Mənim bələdçimin dediyi kimi, mətbəxsiz mədəniyyət natamamdır. Xalqın kimliyini bilmək istəyirsənsə, mətbəxini başa düşməlisən.
Mətbəxin mədəni qüdrətinin bir tərəfi də ondan ibarətdir ki, burada alternativ təbabətə inam vardır. Naxçıvanlılar adları ingilislərə məlum olmayan 300-ə yaxın təbii dağ otu yetişdirirlər və onlardan çoxlu sayda spirtli içkilər çəkirlər. Həmçinin qeyd edirlər ki, o otları yemək insanın ömrünü ölməzliyə qədər uzadır. Bələdçim deyir ki, onun mədə xərçəngi xəstəliyinə tutulan dostu Naxçıvana gedərək bir həftə ərzində dağ otlarından yemişdi. Nəticədə, onun ömrü 45 il uzanmışdı. Mən həmçinin sinir sistemi və əli iflic olmuş bir nəfər türkün Culfada mineral su vannasını qəbul edərək sağalması və Duzdağda dərin mağarada olan müasir taxta daxmalarda astma və digər illətlərdən əziyyət çəkən insanların yurd salaraq oturması və şəfa tapması haqqında söhbətləri də dinlədim.
Naxçıvanlılar bu yerləri, bu diyarın ekoloji turizm imkanlarını artırmaq üçün təbliğ-təşviq edirlər. Onlar həmçinin dini əhəmiyyətə malik “Əshabi-Kəhf” mağarasını turizm məqsədilə təbliğ edir, bu yerin “Quran”da xatırlandığını, Nuhun məqbərəsinin burada yerləşdiyini söyləyirlər. Bununla bağlı erməni iddialarının əksinə olaraq deyilir ki, Nuhun gəmisi İlandağa lövbər salmış və nəticə etibarilə Naxçıvan şəhərinin salınmasına gətirib çıxarmışdır. Ekoloji və dini ziyarət turizminin təbliği bu diyarın digər bölgələrində olan 5 ulduzlu, lüks istirahət zonaları ilə ziddiyyət təşkil etmir.
Mətbəxdən sonra ikinci aludəçilik ağaclarla bağlıdır. Hər şənbə günü hökumət nümayəndələri yerli camaatla birgə blokada zamanı itirilmiş ağacların bərpa edilməsi üçün yaşıllaşdırma işlərinə cəlb olunurlar. Mənim bələdçim tez-tez pəncərədən boylanaraq bu və ya digər yaşıllıq sahəsinin onların tərəfindən salındığını qeyd edirdi. Bütün yerli camaat kiçik ağac tinglərinin əkilməsinə böyük ticarət mərkəzinin tikintisi kimi baxır. Bu, ətraf mühitin təmizliyi və bərpa işlərinə aludəçilik məsələsidir. Məhz hökumət 10 il əvvəl irimiqyaslı iş yeri ola biləcək Sement Zavodunun tikintisini dayandırmış və bu layihənin ətraf mühitə, sağlamlığa vura biləcəyi zərər nəzərə alınmışdı. Tikinti işləri yalnız zavodun tullantısını zərərsizləşdirən ventilyasiya sisteminin tətbiq edilməsindən sonra başlanmışdır.

Buranın San-Fransiskoya bənzərliyi o zaman ağlıma gəldi ki, hər yerdə kütləvi texniki qovşaqlar müşahidə etdim. Bir daha qeyd edək ki, ərazidə kommunikasiya və keçid islahatlarının aparılması, bəlkə də, 1990-cı illərin təcrid­olunma xatirələri ilə bağlıdır və ya buna məntiqi cavabdır. Hazırda yerli mobil telefon istehsalı və internet şəbəkəsinin inkişafına xüsusi diqqət yetirilir və 2015-ci ilin sonuna qədər bölgənin bütün yollarının modernləşəcəyini qeyd edirlər. Kənd təsərrüfatı və ekologiyada olduğu kimi, Naxçıvan burada da bir addım irəlidə gedir. Yerli hökumətin bir sıra nazirləri texnokratdır və yerli əhalinin 72 faizinin internetə çıxış imkanı vardır. Onlardan biri mənim qulağıma pıçıldadı ki, yaşlı nəsil kompyuterdən istifadəyə qarşı çıxır, əks təqdirdə, əhalinin 100 faizi internetdən istifadə edərdi. Səkkiz şəhərdə və 200 kənddə simsiz internetdən istifadə üçün avadanlıqlar alınıb və simsiz internetin əhatə dairəsi bəzən Ermənistanın sərhədlərinə çatır. Hazırda bütün bölgəni əhatə edə biləcək fiber-optik internet kabelinin çəkilməsi işi gedir və belə bir layihə, yeri gəlmişkən, San-Farnsiskoda olana bənzəyir...
Böyüyüb boya-başa çatdığım ABŞ-ın qərb sahilinin liberal dəyərlərə malik dairələri texniki cəhətdən inkişafın mənəviyyat və utopiya ideyalarına əsaslanır. Naxçıvanın nümunəsində isə müəyyən mənada quruculuqda özünümüdafiə çalarları vardır. Demək olar ki, hər bir söhbətin kökündə Ermənistan və onun tərəfindən Naxçıvan mədəniyyətinə məxsus olan hər bir elementi özününküləşdirmək təbliğatının aparılmasına eyham edən məqamlar var. Naxçıvan yeməklərini bir az da tərifləyəndən sonra ev sahibləri dövlətin sifarişi ilə nəşr edilmiş qalın “Naxçıvan mətbəxi” ensik­lo­pediya kitabını açaraq (ensiklopediyanın Naxçıvan mədəniyyətinə aid 5 fəsli vardır) bu kitabın Azərbaycana məxsus olan şeylərdən bəhs etdiyini və bunun ermənilər tərəfindən mənimsənilməsinin qarşısının alınmasına xidmət etdiyini söyləmişdir.
Bu, adi bir qayğıdır. Bəzən SSRİ-nin yeni tarix və kimliklər yaratmağa qadir olduğunu unuduruq. Etnosların adının dəyişdirilməsi, “Yer üzünün dəyişdirilməsi” kimi məsələlərlə biz həmçinin bu praktikanın psixoloji qüvvəsi ilə Mərkəzi Asiya və Qafqaz dağlarını gəzib keçərkən rastlaşırıq. Məhz bu irs və azərbaycanlılarla ermənilərin bir-birindən tam təcrid olunması haradasa reallığın şübhəli şəkildə qavranılmasına gətirib çıxarmışdır. Bir naxçıvanlı deyir ki, Ermənistanda cəmi 1 milyon çarəsiz insan qalıb. Baxmayaraq ki, beynəlxalq statistika 3,1 milyon olduğunu söyləyir. Həmçinin Azərbaycan xalqının irsi və qüdrətindən ağızdolusu danışaraq deyir ki, İranda 35 milyon azərbaycanlı yaşayır və Tehranın əhalisinin 5 milyonu azərbaycanlılardan ibarətdir. Bu, bütövlükdə, İran əhalisinin 45 faizinin, Tehran əhalisinin isə 40 faizinin azərbaycanlı olduğu deməkdir. Bir sıra rəsmi tədqiqatlar göstərir ki, İranın azərbaycanlı əhalisi 16 faiz civarındadır.
Beləliklə, bu və digər faktlar burada hamı tərəfindən ürəkdolusu ilə qəbul edilir və reallıqdır. Bütün bunlar Naxçıvanın məğrurluğu ilə bağlıdır. Naxçıvanlı vətənpərvərliyinə hər addımbaşı rast gəlinir. Naxçıvan Azərbaycanın ən qonaqpərvər və ziyalı kütləsinə malik ərazisi kimi ad çıxarıb. Ümummilli lider Heydər Əliyev burada doğulub. Azərbaycan bayrağı və dastanları bu diyarda yaradılıb. Faktiki olaraq bura qədim sivilizasiya beşiyidir. Dünyanın mərkəzidir. Nuhun yurdudur və beləliklə, bütün bəşəriyyətin ocağıdır.
Reallıqlardan və xatirələrdəki uyğunsuzluqlardan irəli gedərək, eyni zamanda sərhədboyu erməni snayperlərinin təhdidini gördük. Bunlar inkişaf üçün göstərilən səylərə qarşıdır. Bütün bunlar 1990-cı illərin hərb yaddaşının acı xatirələrini bir daha yada salır. Yolüstü yerli Hərbi Liseydə ayaq saxladım. Orada bir neçə yüz oğlan uşağı sərt “Sparta rejimi”ndə təlim görür və gələcək hərbçi karyerasına hazır­laşır. Məktəbin direktoru mənə söylə­di ki, 3 gün əvvəl liseyin məzunu snayper gülləsinə tuş gəlib. Bu, liseyin sayca 3-cü qurbanıdır. Yerli Avtomobil Zavodu Dağlıq Qarabağ münaqişəsi nəticəsində (Ermənistanla daha geniş müharibənin bir hissəsi) əlil olmuş veteranlar üçün də avtomaşın istehsal edir. Bu münaqişənin mövcudluğu yaxın gələcəkdə qeyri-sabitlik və daha genişmiqyaslı zorakılıqdan daim xəbər verir.

Naxçıvanlılar bunun nə ilə nəticələnəcəyinin fərqindədirlər. Naxçıvan 90-cı illərin məhrumiyyətindən güc-bəla ilə xilas olaraq kommunikasiya xətlərini bərpa etməyə nail olmuş və enerji resurslarına çıxış əldə edərək mərkəzi hökumətin əldə etdiyi gəlirlərdən bəhrələnir. Çox şey isə Ermənistanla sabitlikdən asılıdır, baxmayaraq ki, son dövrlərdə hərbi ritorika hərbi əməliyyatların yenidən alovlanması qorxusunu yaratmışdır.
Bakı ilə əlaqənin kəsiləcəyi və ya müharibənin yenidən alovlanacağı təqdirdə mərkəzdən Naxçıvana göstərilən dəstək itirilə bilər. Amma əgər sülh bərqərar olarsa, qiymətlərə nəzarət edilən və çox sürətlə inkişaf edən kiçik bir ərazidə təbii ərzaq istehsal edən bu regionun dünya siyasəti və iqtisadiyyatına daxil olması ilə kim bilir, nə baş verə bilər. Heyrətamiz San-Fransisko və yaxud bir vaxtlar blokadaya və mühasirəyə alınmış eksklavdan heç kimin gözləmədiyi bir xoş sürpriz ola bilər. Bir az aşağı tonda desək bu bir keçmiş tarix və ya gözlənilməz, yeni Qafqaz Silikon Vadisi ola bilər. Yaşayarıq, görərik..!

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR