Dünən Qazaxıstan Respublikasının Birinci Prezidentinin Muzeyinin bir qrup əməkdaşı Naxçıvana gəlmişdir. Muxtar respublikanın qonaqları Heydər Əliyev Muzeyini ziyarət etmişlər. Burada qonaqlara muzey haqqında ətraflı məlumat verilmişdir.
Qazaxıstan Respublikasının Birinci Prezidentinin Muzeyinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Botaqoz Qaipova muzeylə tanışlıqdan sonra söhbət zamanı bildirmişdir ki, muzeydə nümayiş etdirilən eksponatlar – dahi rəhbər tərəfindən qəbul edilmiş qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, görkəmli dövlət xadimi Heydər Əliyevə göndərilmiş məktub və teleqramlar, kitablar, elektron materiallar onun ömür yolunun müxtəlif anlarını özündə əks etdirməklə Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə dolğun təsəvvür yaradır. Muzeyin ekspozisiyası çox zəngindir.
Söhbət əsnasında Botaqoz Qaipova demişdir ki, Nursultan Nazarbayev və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev arasında sıx dostluq münasibətləri olmuşdur. Qazaxıstan və Azərbaycan arasındakı münasibətlərin hazırkı səviyyəsi, əsasən, iki ölkə liderinin birgə fəaliyyətinin nəticəsidir. Azərbaycanla Qazaxıstan strateji tərəfdaş olan ölkələrdir. Azərbaycanla Qazaxıstan beynəlxalq arenada birgə fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Hələ 2008-ci il mayın 10-da dahi rəhbər Heydər Əliyevin 85 illiyi münasibətilə əməkdaşı olduğum muzeydə beynəlxalq elmi-təcrübi konfrans keçirilmişdir. Dahi rəhbərin 90 illik yubileyi də Qazaxıstan Respublikasının Birinci Prezidentinin Muzeyində yüksək səviyyədə qeyd edilmişdir. Belə ki, may ayının 3-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və onun zamanı” adlı sərgi açılmışdır.
Sonra qonaqlar Naxçıvan şəhərinin gəzməli və görməli yerləri ilə tanış olmuşlar.
Səbuhi HÜSEYNOV