Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə 15 may – Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirmişdir. “Dəmir”, “brilyant”, “qızıl”, “gümüş” toyları qeyd edilən, həmçinin nümunəvi həkim, müəllim, hərbçi ailələri və gənc ailələrin iştirak etdiyi tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirmişdir ki, dünyanın diqqətini çoxsaylı ailə problemlərinə yönəltmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının 1993-cü il 20 sentyabr tarixli Qətnaməsinə uyğun olaraq, 15 may tarixi “Beynəlxalq Ailə Günü” kimi təsis edilmiş, həmin təşkilatın Baş Assambleyası 1994-cü ildən etibarən hər il may ayının 15-ni “Beynəlxalq Ailə Günü” kimi qeyd etməyi qərara almışdır. Bu bayram ölkəmizdə də hər il qeyd olunur.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının sektor müdiri Turqayə Əliyeva vurğulamışdır ki, bu gün Azərbaycanda sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu siyasətin təməli ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdən qoyulmuş, ailənin inkişafı, onun cəmiyyətdə yerinin möhkəmləndirilməsi məqsədilə bir sıra qanunvericilik aktları qəbul edilmişdir. Ailə münasibətlərinin tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyasında, həmçinin Ailə Məcəlləsində öz əksini tapmışdır. Bildirilmişdir ki, bu siyasi xətt ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2006-cı ildə dövlət başçısının fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərin məntiqi davamıdır. Bildirilmişdir ki, yüksəliş dövrünü yaşayan muxtar respublikamızda da bu sahədə mühüm işlər görülür, aparılan uğurlu, sosial siyasət bütövlükdə cəmiyyət üzvlərinin maddi və mənəvi tələbatlarının ödənilməsinə, ailələrin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ali Məclis Sədrinin böyük qayğısının, aparılan məqsədyönlü işin nəticəsidir ki, bu gün bütün kateqoriyadan olan insanlar yüksək dövlət qayğısı ilə əhatə olunmuşlar. Muxtar respublikada yaşayan aztəminatlı ailələr, o cümlədən qaçqın və məcburi köçkün ailələri, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələri mənzillərlə təmin edilmiş, onların sosial müdafiəsi gücləndirilmişdir. Hər il regionda istifadəyə verilən onlarla məktəb, uşaq bağçası, musiqi məktəbləri, istirahət parkları ailələrin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Bütün bunlar muxtar respublikamızda insan amilinə verilən yüksək dəyərdən xəbər verir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə ailə siyasətinin sosial-iqtisadi əsaslarının, qanunvericilik bazasının yaranması yönündə ardıcıl tədbirlər həyata keçirilmişdir. Milli ailə siyasətinin müəyyən olunması, cəmiyyətdə onun statusunun yüksəldilməsi inkişafın prioritetləri sırasına aid edilmişdir. 1995-ci il noyabr ayının 12-də referendumla qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında ailə cəmiyyətin özəyi kimi təsbit olunmuşdur. Bunun məntiqi davamı olaraq, 1999-cu il dekabrın 28-də qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsində ailənin möhkəmləndirilməsi zərurəti, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulması, ailənin işlərinə kənar şəxslərin müdaxiləsinin yolverilməzliyi, ailə üzvlərinin ailə qarşısında məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsi öz əksini tapmışdır. “Gənc ailə” Proqramının qəbul edilməsi sosial qurum olan, cəmiyyətin təməli sayılan ailəyə daha bir qayğının ifadəsidir. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət ailə siyasəti muxtar respublikamızda da uğurla davam etdirilir.
Bu gün Naxçıvan Muxtar Respublikasında 90 min 900 ailənin yaşadığını bildirən komitə sədri tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, 2013-cü il fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Ali Məclisin Sədri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşısında da mühüm vəzifələr qoymuşdur. Ötən dövr ərzində komitə öz işini bu istiqamətdə qurmuş, ailə dəyərlərinin təbliği ilə bağlı müxtəlif tədbirlər həyata keçirmişdir.
Tədbirdə 65 illik ailə həyatı olan, həmin gün “dəmir” toyları qeyd edilən ailənin başçısı Xeybər Hüseynov, “brilyant” toyları qeyd edilən Zəfər Cəfərov, gənc ailə üzvü Leyla Qasımova, zabit ailəsinin üzvü Gülabətin Vəliyeva və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər. Tədbir iştirakçılarına hədiyyələr təqdim olunmuşdur.
Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının vokal qrupunun, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs qrupunun, Naxçıvan şəhərindəki 3 nömrəli uşaq bağçası fidanlarının və musiqiçi ailələrin ifa etdikləri mahnı və rəqslər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratmışdır.
Muxtar MƏMMƏDOV