03 Yanvar 2025, Cümə

Yaxud onlar artıq uşaq deyillər

Mən felyeton-filan yazan deyiləm, buna xüsusi bir səriştəm olduğuna da inanmıram. Bu dünyada təəccüblü işlər çoxdur. Bizim məmləkətdə də bəzən elə işlərlə rastlaşırsan ki, əlində yağın daşsa da, yazı masasının arxasına keçib yazmaq istəyirsən.
Yazmaq dedim, rəhmətlik Mirzə Cəlilin divarları yazan balaca uşaqlara acıqlanması yadıma düşdü. Orta məktəbdə ədəbiyyat müəllimimizin dəcəl sinif yoldaşlarımızı lövhə qabağına çıxarıb həmin “Saqqallı uşaqlar”dan sitat gətirərək onları qıpqırmızı qızarana qədər danlaması indiyədək xatirimdədir. O vaxt biz də uşaq idik və elə bilirdik ki, uşağı elə hər şey üstə danlayarlar. Tənbəllikdənmi, ya nədənsə, həmin felyetonu diqqətlə oxumadığımızdan buna belə inanmışdıq. İndi düşünürəm ki, sən demə, ədəbiyyat müəllimimiz haqlı imiş. Çünki uşağı uşaq ikən danlamasan, o, böyüyüb saç-saqqalı ağarmış yekə bir kişi olanda gördüyü uşaq işlərinə görə böyük məclislərdə danlanıb üzü qızaracaq.
Deyərsiniz ki, bəyəm uşağın biri karandaşı götürüb divarları cızıb-korlayanda dünya dağılır? Bizim indiki şagirdlər, ya tələbələr içərisində oturduğu sinfin divarını, təzə avadanlığını korlayanlar da vardır. İnanmırsınız, gedin, özünüz baxın! Mənim də gözümə belə uşaq işləri dəyəndə, düzü, acığım tutur. Deyirəm ki, ay uşaqlar, bunları qoruyub saxlamaq lazımdır. Binanın, avadanlığın təzə və ya köhnə olması vacib şərt deyil. Yaxşı yadımdadır, üç-dörd il əvvəl yay tətili günü Naxçıvanın bir kəndinə qonaq getmişdik. Burada kəndin məktəbindən və yetirmələrindən fəxrlə danışıldı. Dəvət etdilər, gedib məktəbə də baş çəkdik. 1980-ci illərdə tikilmiş məktəb muzeyi xatırladırdı. Mən inanmıram ki, belə məktəblərin məzunları ali təhsil ocaqlarında dərsdə müəllimə qulaq asmaq əvəzinə, oturduqları stol-stulda əcaib yazılar yazsınlar ki, müəllimlər də onlara “saqqallı uşaq” desinlər.

Amma onu da deyim ki, bizim bu gənclər çox qəribədirlər. Aralarında rəhmətlik Mirzənin o balaca Qurbanı kimi üstünə bir dəfə hirslənəndə hönkür-hönkür ağlayanı da var, mənim kimi bəzi müəllimlərindən yaxşı kompyuter biləni, bacarıqlıları da. Və bir gün divar yazmaq, stol-stul cızmaq üstündə onları danlayanda biri əlini qaldırıb, – “Bir işdi, bilmədik. Gücünüz bizəmi çatır?!”– dedi. “Saqqallı uşaqlar”dan danışırsınız, amma deyirsiniz, sizə o qədər uşaq işləri sayaq ki, ta bizi birdəfəlik unudun. Əgər istəyirsiniz, gedin, şəhərimizdə camaatın gur, qaynaşan yerlərinə bir baxın, görün, bir-iki yerdən başqa, hansı iri ticarət obyekti, ya da mədəniyyət müəssisəsinə fiziki imkanları məhdud bacı-qardaşlarımızın rahat giriş-çıxışına imkan verən bir şərait vardır? Onlar bizim cəmiyyətin üzvü deyillər? Axı onlar da bizim kimi rahat alış-veriş etmək, çay içmək, tamaşa-konsertlərə baxmaq istəyirlər. Nə böyük məsələdir ki, pilləkənlərin, səkilərin yanında əlil arabalarının keçməsi üçün yer qoyulardı. Yaxud bizim o şüşə kimi hamar yollarımızın lap kənarındaca gözə görünən təzə “aqrotexniki qaydaya” nə deyirsiniz? Naxçıvanın bu bərəkətli torpağının nə günahı var ki, beş-altı yüz kiloqram artıq qarpızdan yana bostanlara çəkilmiş polietilen örtükləri illərlə yığışdırmadan şumlayıb torpağa qarışdırırıq?! Bəs bu maddənin zəhəri bizim canımıza işləmirmi? Münbit torpağı beləmi qoruyuruq? Naxçıvan şəhərinin mərkəzində təzə bir park salınıb. Yəqin orada da olmusunuz. Parkın ortasında gözəl bir fəvvarə var. Yay axşamları şəhər əhli, qonaqlar, uşaq-böyük – hamı oraya axın edib sərinləyir. Amma birdən işdi, parkdakı balaca uşaqlardan biri tutdu babasının ətəyindən ki, keçək fəvvarənin o biri tərəfinə, yazıq baba da yaşının bu çağında bütün parkı dövrə vuraraq o biri tərəfə keçməlidir ki, uşaq səsini kəsib ağlamasın. Dörd metrlik keçid yolu nə çətin işdir ki, adamlar məcbur qalıb neçə yerdən yaşıl çimləri əzərək keçirlər?!.

Yox, bizim uşaqlar, deyəsən, bu dəfə çox ciddi idilər. Məcbur qalıb, söz verdim ki, onları bir daha danlamayacağam. Əlbəttə ki, onlar da bir daha divarları yazmayacaqlar. Çünki onlar artıq uşaq deyillər!

Əli CABBAROV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR