Hər dəfə Naxçıvan şəhərinin baş meydanına daxil olanda böyük şəxsiyyətin Şərqə doğru – Azərbaycanımızın əsas hissəsinə doğru əzəmətlə baxan heykəli önündə ayaq saxlamadan ötüb keçmək olmur. Əslində, Vətənini, millətini, dövlətini və dövlətçiliyini sevən hər bir azərbaycanlının qəlbində əbədiləşən və abidələşən ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsini yaratmaq, Onun Azərbaycana hər zaman sevgi ilə baxan gözlərini tam dolğunluğu ilə təsvir etmək Tanrıdan başqa heç bir memara tam müyəssər olmayıb və olmayacaq. Amma hər halda bu abidənin memarı baxışların əzəmətini bənzədə bilib.
Bu dəfə yenə də əzəmətli abidəyə nəzər salıb, üzərində böyük hərflərlə “MUZEY” yazılmış binaya tərəf addımlayıram. Düşünürəm ki, İslamı sevən insan üçün Məkkə və Kəbə evi, xristianlığı sevən insan üçün Vatikan və Müqəddəs Pyotr kilsəsi, iudaizmi sevən insan üçün Yerusəlim (Qüds) və “Ağlama Divarları” hansı mənanı daşıyırsa, Azərbaycan dövlətçiliyini həqiqətən sevən insan üçün Naxçıvan və Heydər Əliyev Muzeyi eyni mənanı daşıyır.
Saatıma baxıram: 845. İş vaxtının başlamasından on beş dəqiqə tez gəlmişəm. Ancaq muzey direktoru və muzey bələdçiləri artıq burdadırlar. Salamlaşırıq və dəfələrlə olduğum muzeydə, əsasən, nələri öyrənmək istədiyimi deyirəm. Bu muzey ümummilli lider Heydər Əliyevin hələ Azərbaycan Prezidenti olduğu dövrdə – 1999-cu ildə yaradılan və görkəmli dövlət xadiminin şəxsən özü tərəfindən ziyarət olunan ulu öndərin adını daşıyan ilk və yeganə muzeydir.
Dahi öndərin “Əcəmi seyrəngahı”nda hələ sovetlər dönəmində qoyulmuş büstü və bu muzey haqqında fikirləşdikcə düşünürəm ki, əslində, ən böyük insanlar, qüdrətli ŞƏXSİYYƏTlər elə sağlıqlarında layiq olduqları qiyməti alırlar.
Ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə, Azərbaycana rəhbərliyinin birinci dövrünə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallar, məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzalanan müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri ilə tanış oluruq. Muzeyin direktoru Ramil Orucəliyev deyir ki, hazırda muzeydə 4444 eksponat saxlanılır.
Fond müdiri Nərmin Cəfərova ilə iki yerdə xüsusi dayanırıq. Bayraq və çıraq önündə. İlk baxışdan hər gün gördüyümüz üçrəngli, aylı-ulduzlu bayrağımızdan fərqlənməyən daha bir şanlı Azərbaycan bayrağı. Lakin bu üçrəngli bayraq elə Naxçıvanın özü kimidir: “Ərazicə kiçik, məzmunca böyük”. Bu bayrağın böyüklüyü ondadır ki, bir zamanlar hələ heç kəsin rəsmiləşdirməyə, hətta üzə çıxarmağa belə, cəsarət etmədiyi bir dövrdə məhz ümummilli lider Heydər Əliyev tərəfindən ali və rəsmi bir dövlət qurumunda dalğalandırılıb və rəsmiləşdirilib. Bu hadisənin mahiyyətini dərk etmək üçün bir tərəfdə XX əsrin 30-cu illərində bir gecədə yüzlərlə insanı güllələyən və buna görə heç kəsin qarşısında hesabat verməyi özünə borc bilməyən SSRİ kimi nəhəng bir dövləti, digər tərəfdə isə kiçik bir respublikanın kiçik bir muxtariyyəti olan Naxçıvanın ötən əsrin 80-ci illərindəki gücünü və vəziyyətini təsəvvür etmək yetərlidir. Bu cəsarətli addımı isə yalnız və yalnız Böyük İnsan – Böyük Azərbaycanlı ata bilərdi. Bunu ümummilli liderimiz Heydər Əliyev edə bilərdi.
Və çıraq. Salonda bərq vuran işıqlar və çıraq arasındakı əksliyin vəhdətindən doğan bir təəssürat: Bəzən işıqlı sabahlara çıxmaq üçün qaranlıq gecələrdə yola çıraqla çıxmaq lazım gəlir. Bu, Azərbaycanımızın və Naxçıvanımızın real inkişafını görmək istəyənlər üçün gözəl fakt, inkişafı görüb görməzlikdən gələnlərə isə mükəmməl cavabdır. Naxçıvanın inkişaf və tərəqqisi o çıraqla salonda bərq vuran işıqlar arasındadır əslində. Çıraqla nur saçan işıqların arasındakı məsafə qədərdir Naxçıvanın 90-cı illərdəki vəziyyəti ilə bugünkü vəziyyəti arasındakı fərq. Əgər ali dövlət orqanında çıraq yandırılıbsa və bu gün ən ucqar kəndimizdə belə, çıraqlar, sadəcə, tarixin bir yadigarı kimi saxlanılırsa, işıqlar bərq vurursa, bu yalnız bu ölkənin, bu Vətənin düşmənlərini kor edə bilər. Yalnız bu ölkəyə, doğma diyara – Naxçıvanımıza düşmən olanlar bu inkişafa və tərəqqiyə qara yaxmağa cəhd göstərə bilərlər.
Muzeydə ən son yaradılan üç guşəyə yaxınlaşırıq. Birinci guşədə 1969-1982-ci illərdə Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə ümummilli liderin regionlara səfərlərinin əks olunduğu köhnə fotoşəkillər – yeni eksponatlardır. Bu gün ulu öndərə olan sevgi necə xalqın müxtəlif təbəqələrindən olan insanların qəlbindədirsə, onun ali idealları insanların arasındadırsa, o fotoşəkillərdə də dahi öndər eləcə müxtəlif insanların arasındadır. Naxçıvanda üzüm becərən əməkçi də, Lənkəranda çay becərən kəndli də, Muğan düzlərində pambıq toplayan pambıqçı da, Bakıda neft çıxaran neftçi də bu fotoşəkillərdə ümummilli liderimizi böyük sevgi ilə qarşılayır, maraqla dinləyir. Fotoşəkillərdən birində isə dahi öndər keçirilən iməcilikdə özü çalışır. Deməli, bu gün Naxçıvanın daha da gözəlləşdirilməsi, ətraf mühitin qorunması, yeni yaşıllıqların salınması məqsədilə keçirilən iməciliklər belə, görkəmli dövlət xadimi Heydər Əliyevin bizə əmanət etdiyi ənənədir, yoldur. Bunun mahiyyəti isə, əslində, çox böyükdür. Torpaqdan yaradılan torpağa qulluq etməlidir; hardan gəldiyini və hara dönəcəyini unutmasın deyə. Və bir də əməlləri ilə insanlığa, bəşəriyyətə yararlı olsun deyə.
Yaradılan ikinci stenddə ulu öndərin xarici ölkələrə səfərləri, müxtəlif ölkələrin dövlət və hökumət rəsmiləri ilə keçirdiyi görüşlərə aid fotoşəkillər əksini tapıb. Üçüncü stenddə isə ümummilli lider Heydər Əliyevin hələ Sovet hakimiyyəti illərində Naxçıvana tarixi səfərlərini əks etdirən nadir fotoşəkillər toplanılıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin ulu tarixə, doğma diyara münasibətini əbədiləşdirən fotoşəkillər. Bir zamanlar müxtəlif tarixi abidələrin qarşısında çəkilən bu fotoların indi hər biri bir tarixi abidəyə çevrilib.
Muzeydə ümummilli liderimiz haqqında 495 adda 1000-dən artıq kitabın saxlanıldığı, audio və video vəsaitlərin toplanıldığı guşəyə yaxınlaşırıq. Hər bir eksponat haqqında bələdçi geniş məlumat verir. Bir mətbuat nümayəndəsi kimi daxil olduğum bu dövlətçilik məbədgahının qapısından, sadəcə olaraq, bir şagird kimi çıxıram. Elə buna görə də qərara alıram ki, bu böyük Azərbaycançılıq və Heydər Əliyevçilik mərkəzi haqqında bildiklərimi deyil, hiss etdiklərimi yazım. Çünki burdakı dərin fəlsəfə haqqında yazmaq, bu muzeyi sözlə təsvir etmək olduqca məsuliyyətli işdir. Bu məsuliyyəti anlamaq üçün isə Azərbaycanın qibləgah olduğuna inanmaq lazımdır. Elə dahi öndərin dediyi kimi: “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır!”
QİBLƏGAHIN QİBLƏGAHIMIZDIR, ULU ÖNDƏR! SƏN İSƏ O QİBLƏGAHIN ÖZÜ QƏDƏR ƏBƏDİSƏN!
Elnur KƏLBİZADƏ