Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin vı-vıı təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2 aprel 2013-cü il tarixdə müsabiqə elan edilib. Komissiyanın sədri Etibar Musayevin bildirdiyinə görə, müsabiqəyə 43 dövlət orqanı üzrə 306 vakant vəzifə çıxarılıb. Müsabiqəyə sənəd qəbulu 2 aprel- 2 may tarixlərində keçirilib, 35 dövlət orqanı üzrə 299 nəfər qeydiyyatdan keçib. Səkkiz dövlət orqanı üzrə isə namizədlərdən komissiyaya müraciət daxil olmayıb.
Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada müsabiqənin test imtahanlarına başlanılıb. Naxçıvan Muxtar Respublikası Nəqliyyat, Gənclər və İdman, Təhsil nazirlikləri üzrə vakant vəzifələrin tutulması üçün komissiyaya müraciət edən namizədlər test imtahanı veriblər. Test imtahanları komissiyanın test mərkəzində hər gün iki seansda olmaqla elektron formada keçirilib. İmtahanda namizədlərə 40 qanunvericilik, 30 məntiqi təfəkkür, 15 kompyuter bilikləri, 15 ümumi dünyagörüşü və Azərbaycan haqqında biliklər olmaqla, 100 sual təqdim edilib.
Məlumat üçün qeyd edək ki, test imtahanlarında müvafiq keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.
Xəbərlər şöbəsi