Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə Araz çayı sahilində yerləşən qədim Şahtaxtı kəndi haqqında yazmışdır: “Məşhur bir qəsəbədir. Məşhur onunladır ki, bu qəsəbə bir çox sahib-mənsəb və ziyalıların vətəni olubdur”. Şahtaxtı kəndində doğulan ziyalılardan biri də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əziz qızı Əliyevadır.
Qeyd edək ki, böyük şəxsiyyətlərin həyat və fəaliyyətlərini araşdırarkən onların müasirlərinin xatirələri əvəzsiz mənbə sayıla bilər. Ancaq bu xatirələrə heç nə əlavə edilməməlidir, olduğu kimi yazılmalıdır. Təsadüfi deyil ki, böyük rus yazıçısı Lev Tolstoy bu haqda yazmışdır: “İnsanın doğruçuluq dərəcəsi onun mənəvi kamillik dərəcəsinin göstəricisidir”. Elə biz də bu müdrik kəlamın işığında görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsi ilə birlikdə İrəvandan Şahtaxtı kəndinə gəlməsi, bir müddət burada yaşaması və qədim Şahtaxtinskilər sülaləsi ilə tarixi dostluq etməsi haqqında söhbət açacağıq.
Əziz Məmmədkərim oğlu Əliyev oğuz türklərinə məxsus olan İrəvan mahalında anadan olmuşdur. O həm ata, həm də ana tərəfdən İrəvanın sahib-mənsəblərindəndir. Əziz Əliyev 1917-ci ildə İrəvan Gimnaziyasını əla qiymətlərlə bitirir və həmin ildə xüsusi müsabiqə yolu ilə Peterburq Hərbi-Tibb Akademiyasına qəbul olunur. Birinci kursu başa vuran Əziz Əliyev 1918-ci ilin yayında doğma şəhəri İrəvana tətilə gəlir.
Həmin vaxt İrəvan şəhərində sakitlik, əmin-amanlıq erməni daşnakları tərəfindən pozulmuşdu. Müsəlmanları öldürən daşnaklar onların mülklərini də yandırırdılar. Minlərlə azərbaycanlı həmin çətin vaxtlarda İrəvan mahalından Naxçıvana pənah gətirir. Əziz Əliyev anası Zəhra xanımla və kiçik qardaşı ilə birlikdə Şahtaxtı kəndinə köçməli olur. Şahtaxtı kəndində onun ana babası İbrahim bəy Süleymanbəyovun dostları – Şahtaxtinskilər yaşayırdılar. Aydınlıq olsun deyə, biz yenidən onun təhsil aldığı Peterburq şəhərində yaşadığı illərə qayıdaq. Əziz Əliyev 1 sentyabr 1917-ci ildən 29 may 1918-ci ilədək Peterburqda Hərbi-Tibb Akademiyasının tələbəsi olmuşdur. O, bu illərdə həm də dezinfeksion-təmir briqadasında sanitar-dezinfektor vəzifəsində işləmişdir.
Bu illərdə Şahtaxtinskilərin övladlarının əksəriyyəti Peterburqda ali məktəblərdə təhsil alırdı. Baxşəli bəy Şahtaxtinskinin iki oğlu Hüseyn və Sultan da universiteti bitirmək üzrə idilər. Onlar İrəvan Gimnaziyasında təhsil aldıqları illərdən Əziz Əliyevlə tanış idilər. Peterburqun azadlıq ideyaları Rusiyanın mərkəzi şəhərində təhsil alan azərbaycanlı tələbələrin də dünyagörüşündə dəyişiklik yaratmışdı. Ona görə də Şahtaxtinski qardaşları həmin azadlıq ideyalarını Naxçıvana və Şahtaxtı kəndinə gətirmiş, azadlıq uğrunda mübarizəyə başlamışdılar.
Böyük alim Məhəmməd ağa Şahtaxtlı Peterburqda olarkən gənc tələbə Əziz Əliyevlə tanış olmuşdu. Bütün bu yaxınlıqlar Əziz Əliyevin Şahtaxtı kəndində müvəqqəti məskunlaşmasına gətirib çıxarmışdı. Qeyd edək ki, görkəmli alim və naşir Məhəmməd ağa Şahtaxtlının həyatının və fəaliyyətinin bəzi səhifələri hələ də tədqiq edilməmiş qalmaqdadır. Aparılan araşdırmalar göstərir ki, o, 1918-1920-ci illər arasında bir neçə dəfə Şahtaxtına gəlmişdir. Şahtaxtı kəndinin ağsaqqallarından Adil Zeynalovun söylədiklərindən məlum olur ki, Məhəmməd ağa bu çətin illərdə Şahtaxtı kəndinə gəlir və bacısı Tovuz xanımın evində qalır. Məhəmməd ağa xəstələnir. Faytonçu Hüseyni dəmir yolu vağzalındakı “İmport” deyilən binada yaşayan və həkim köməkçisi işləyən Əziz həkimin arxasınca göndərirlər. Əziz Əliyevi görən Məhəmməd ağa sevinir və qohumlarına bu cəsur həkim-tələbəni Peterburqdan tanıdığını deyir. O, Əziz həkimlə söhbət edir və məsləhət görür ki, bacısı Tovuz xanımın həyətində olan evdə yaşasın, xəstələri müalicə etsin. Yeri gəlmişkən deyək ki, Tovuz xanım İbrahim ağanın böyük qardaşı mayor Əliqulu ağanın həyat yoldaşı idi. Əziz həkimin yaşadığı və işlədiyi həmin ev indiyədək durur. Hətta keçən əsrin 60-cı illərinin ortalarında Zərifə xanım həyat yoldaşı ulu öndər Heydər Əliyevlə birlikdə bu binanı ziyarət etmişdir. Bu haqda bir az sonra.
1918-ci ildə Şahtaxtı kəndinə İrəvandan köçməyə məcbur olanlardan biri də Leyla xanım olmuşdur. Leyla xanım (1901-1976) İrəvanın sahib-mənsəblərindən biri olan Hacı Cabbar Abbasovun qızıdır. 1925-ci ildə Şahtaxtı kəndində anadan olmuş Seyfulla Eminbəyovun dediklərindən: “Rəhmətlik Leyla xanım anam Kövkəb xanımgildə, babam Hüseynqulu ağa Şahtaxtinskinin həyətində iki qardaşı oğlu ilə birlikdə yaşamışdır. Anamla Bakıya gedəndə onun qardaşı uşaqları Nağı və İslamla da görüşürdük. Nağı və İslam Abbaszadələr Azərbaycanın tanınmış ziyalı alimləri olmuşlar. Səhv etmirəmsə, Nağı Bakıda universitetdə rus dilindən dərs deyirdi, qardaşı İslam isə qiyabi şöbənin prorektoru idi. Biz Bakıda olanda Nağı Leyla xanıma zəng edirdi ki, Kövkəb xanımla oğlu bizdədirlər. Leyla xanım ona tapşırırdı ki, Kövkəb xanımgili bizə gətir. İndiki kimi yadımdadır: və biz o vaxtlar Zevin (indiki Əziz Əliyev) küçəsindəki 5 nömrəli evin sahibi olan Leyla xanımın dəfələrlə qonağı olmuşuq. Əziz həkim və Leyla xanım böyük ürək sahibləri, mərd və xeyirxah insanlar idilər. 1918-ci ilin iyunundan 1923-cü il may ayının sonunadək Şahtaxtı kəndində yaşamışdılar. Onlar bu kəndi unutmurdular.
1960-cı ilin ortaları, iyul ayı idi. Ağa müəllimlə (Seyidov) kəndin mərkəzindəki meydanda dayanıb söhbət edirdik. Birdən yanımızda bir maşın dayandı. Maşından düşənlərdən birini – Heydər Əliyevi tanıdım. O, mənim atamı – Urmulu Məhəmmədi yaxşı tanıyırdı. Yazıçı Abbas Pənah Makulunun tarixi romanlarında olan Urmulu Məhəmməd mənim atamdır. Bizimlə görüşən Heydər Əliyev bizdən Əziz həkimin yaşadığı və işlədiyi evi soruşdu. Həmin evin elə meydanda yerləşdiyini bildirdik.
Tovuz xanımgili otuzuncu illərdə sürgün edəndə onlar evlərini Əkbər kişiyə satmışdılar. Onun arvadı Sona orada yaşayırdı. Zərifə xanım doğulduğu evi görmək, yad etmək üçün Şahtaxtına gəlmişdi. Ev sahibi Sona xala Zərifə xanımla həyətə keçdi. Heydər Əliyev meydanda dayanıb bizimlə söhbət edirdi. Bir azdan sonra Zərifə xanım gəldi. Çox təsirlənmişdi. Onun doğulduğu evi belə doğmalıqla ziyarət etməsi hamımızı duyğulandırmışdı... Onu da deyim ki, Tamerlanla Zərifə xanım bu evdə dünyaya göz açıblar”.
Seyfulla müəllimin xatirələrindən bizə məlum oldu ki, Leyla xanım İrəvanda vəfat etmiş (yaxud ermənilərlə döyüşlərdə öldürülmüş) qardaşının oğlanlarını da böyüdüb oxutmuşdur.
İbrahim ağanın həyat yoldaşı qarxunlu Zivər xanım Şahtaxtinskayanın xatirələrindən: “Əziz həkimlə Leyla xanımın nikah mərasimi 1921-ci il yanvar ayında oldu. Əziz həkim çox xeyirxah adam idi. Kasıb xəstələrdən pul almırdı. Məccani, yəni pulsuz müalicə edirdi. Ona görə də hamı onların ailə qurmasına ürəkdən sevinirdi. Onlar 1923-cü il mayın axırlarında Bakıya köçdülər. 1926-cı ildə həyat yoldaşım İbrahim ağanı həbs edib Tiflisə aparmışdılar. Onda Əziz Əliyev Bakıda bizə çox köməklik göstərdi. İbrahim ağa deyirdi ki, onlarla Şahtaxtinskilər arasında sədaqətli dədə-baba dostluğu var. Bir də ki, onlar kasıb adamlar deyildilər. Qaçqınlıq illəri olmasına baxmayaraq, imkan tapıb varidatlarından bir hissəsini özləri ilə götürə bilmişdilər. Onların hər ikisi çox sədaqətli insanlar idilər”.
Leyla xanımın qonşularla çox səmimi münasibətləri var idi. Aprel ayının 28-də böyük alim, pedaqoq və həkim Zərifə xanımın anadan olmasından 90 il ötdü. İnsanlığın ən ali zirvəsində dayanan Zərifə xanımı Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda və doğulduğu Şahtaxtı kəndində də böyük ehtiramla yad edirlər. Atasının yolunu uğurla, şərəflə və sədaqətlə davam etdirmiş Zərifə xanımı xatırlayarkən hər yerdə yada düşən, xatırlanan bir tarixi dostluqdan da söz açılır. Bu, Əliyevlərin, Abbasovların (Abbaszadələrin) və Şahtaxtinskilərin tarixi dostluğudur.
Musa QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru