Ulu öndər Heydər ƏLİYEV: Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin.
Azərbaycan Respublikasının Prezidenti İlhаm ƏLİYEV: Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu.
Doxsan il bundan əvvəl, bir yaz günü, 1923-cü ilin 10 mayında dünyaya göz açan xalqımızın ümummilli lideri Heydər Əliyev Vətənə və xalqa xidmətə həsr olunan möhtəşəm ömrü, ideal fəaliyyəti ilə, sözün əsl mənasında, doğma Azərbaycanımızı əbədi bahara qovuşdurmuşdur. Tariximizin Heydər Əliyev epoxası müdrik rəhbərin parlaq dühasının, amal və əməllərinin nuruna boyanmış, müstəqil dövlətimizin bu günü də, gələcəyi də ulu öndərin əbədiyaşar siyasi kursunun, şanlı ideyalarının şəfəqlərinə bürünmüşdür.
Ümummilli liderimizin nəsillərə nümunə olan şərəfli həyatında Naxçıvana bağlılıq, Azərbaycanın bu qədim diyarına tükənməz məhəbbət və ardıcıl qayğı xüsusi yer tutmuşdur. Burada dünyaya göz açıb boya-başa çatan gələcəyin böyük dahisi ilk təhsilini də Naxçıvanda almış, 1939-cu ildə pedaqoji məktəbi uğurla bitirmişdir. Ulu öndərimiz təhsilinin həmin mərhələsini yüksək qiymətləndirərək demişdir: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək... Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumaq mənim üçün çətin olmayıb”.
Müdrik rəhbərin xalqa, Vətənə misilsiz xidmət nümunəsi olan möhtəşəm əmək fəaliyyətinin də ilk səhifələri Naxçıvanla bağlıdır. O, 1941-ci ildə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında işə başlamış, sonra isə Xalq Komissarları Sovetində çalışmışdır.
Ulu öndər Heydər Əliyev hansı vəzifədə işləməsindən, harada yaşamasından asılı olmayaraq, daim Vətən və xalq üçün çalışmış, son dərəcə böyük, taleyüklü məsələlərin öhdəsindən məharətlə gəlmişdır. O, həmişə ulu Naxçıvanın yüksəlişi və tərəqqisi naminə xüsusi səy göstərmişdir. Dövlət təhlükəsizlik orqanlarında məsul vəzifələr tutanda da, Azərbaycanı genişmiqyaslı tərəqqiyə qovuşdurduğu ilk rəhbərliyi dövründə də, o zamankı SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində olanda da, müstəqil Azərbaycanın Prezidenti kimi böyük xilaskarlıq və quruculuq missiyasını hərtərəfli şəkildə reallaşdıranda da ümummilli liderimiz Naxçıvanın rifahı üçün çoxşaxəli tədbirlər həyata keçirmişdir. Bu baxımdan görkəmli dövlət xadiminin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər xüsusi əhəmiyyətə və dəyərə malikdir. Müdrik dahinin özü də bu illərin mahiyyətini ayrıca vurğulayaraq muxtar respublika sakinləri ilə görüşlərinin birində demişdir: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”.
20 iyul 1990-cı ildə Moskvadan Bakıya, iki gün sonra isə ağır blokada vəziyyətində olan Naxçıvana gələn Heydər Əliyevi xalq böyük coşqunluqla qarşıladı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Moskvadan Naxçıvana qayıdış o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə qayıdış idi; böyük siyasətə yenidən və fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdış idi”.
Həmin vaxt Naxçıvan son dərəcə çətin bir şəraitdə yaşayırdı. Bir tərəfdən, iqtisadiyyat dağılaraq tamamilə iflic vəziyyətinə düşmüş, əhalinin maddi durumu kritik həddə yuvarlanmışdı, siyasi burulğanlar, hərc-mərclik burada da baş alıb gedirdi. Digər tərəfdən isə xain ermənilərin aramsız hücumları bölgədəki ağır situasiyanı daha da mürəkkəbləşdirmişdi. O zamankı Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibətini də xatırlatsaq, muxtar respublikanın son dərəcə acınacaqlı durumu göz önünə gələr. Belə bir vaxtda xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvana gəlişi əhalinin əsl nicatına çevrilmiş, hamı onun timsalında böyük xilaskarını tapmışdır. 22 iyul 1990-cı il tariximizə böyük bir mərhələnin başlanğıcı kimi daxil olmuşdur. On minlərlə insan muxtar respublikanın şəhər, qəsəbə və kəndlərindən axın-axın Naxçıvan şəhərinə, ulu öndərin ziyarətinə gəlir, ona tükənməz sevgisini bildirirdi. Elə həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən möhtəşəm mitinqdə yüz minə yaxın insanın iştirakı da dahi rəhbərə xalqın hüdudsuz məhəbbət və inamının təntənəsi idi. Təklənmiş bir adaya bənzəyən Naxçıvan görkəmli şəxsiyyətin gəlişi ilə nicat yoluna çıxdı. “Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq ... üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm”, – deyən dahi rəhbər xalqın imdadına çatdı. Naxçıvana gəlişindən az sonra, 1990-cı ilin avqustunda gənclərlə görüşdə ulu öndərin dediyi aşağıdakı sözlər onun əsas amalını konkret şəkildə ifadə edirdi: “Mənim başlıca arzum Azərbaycanı siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir”.
30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə Naxçıvan Muxtar Respublikasının əhalisi yekdilliklə ulu öndəri Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçdi. 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə fəaliyyətə başlamışdır. Həmin sessiyada təkcə Naxçıvan üçün deyil, ümumən, Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik taleyüklü qərarlar qəbul olunmuşdur. Belə ki, sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, milli istiqlal rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarlar qəbul olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının Аli Məclisi həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət də qaldırmışdır. Naxçıvan Muxtar Respublikası Аli Məclisinin ilk sessiyasında müzakirə edilən ən mühüm məsələlər sırasında 1990-cı il 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi də var idi. 1990-cı ilin 21 noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi böyük dövlət xadimi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” tarixi qərar qəbul etmişdir. Ümumiyyətlə, həmin vaxt ulu öndər Naxçıvanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş, xalqımızın demokratiya və müstəqillik uğrunda mübarizəsinə böyük xidmətlər göstərmişdir.
Muxtar respublikanın əsl xilas və tərəqqisinin yalnız ümummilli liderimizin dühası sayəsində mümkün olduğunu çox yaxşı bilən Naxçıvan əhalisinin təkidli tələbi ilə 1991-ci ilin 3 sentyabrında görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qeyd etdiyi kimi: “Ümumi Azərbaycan evimizin divarından hər gün bir kərpic düşdüyü vaxt Naxçıvan Muxtar Respublikasının əhalisi çox böyük uzaqgörənlik nümunəsi göstərərək Heydər Əliyevi Naxçıvan Muxtar Respublikasının rəhbəri seçdi”.
Əlbəttə, tarixin min illərlə ölçülən yaşı müqabilində iki il bir an təsiri bağışlayır. Lakin ulu öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi iki ilə yaxın müddətdə elə möhtəşəm işlər gördü ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə onilliyə örnək ola bilər. Ümummilli liderimiz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu qədim diyarı xaricdəki mənfur havadarlarına arxalanan bədnam ermənilərin işğal etməsinə imkan verməmiş, onun müdafiə qüdrətini möhkəmləndirmiş, hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirmişdir. Xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi möhtəşəm fəaliyyətinin yalnız xronologiyasını sadalamaq cild-cild kitablara sığmaz. Burada biz bəzi məqamlara toxunmaq istəyirik.
31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması, keçmiş SSRİ-dən miras qalmış təhlükəsizlik orqanlarının ləğv edilərək milli maraqlara xidmət edən yeni müvafiq qurumun yaradılması, rus qoşun hissələrinin muxtar respublikadan çıxarılması, Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlərin görülməsi, nizami ordu hissələrinin təşkili, diyarımızın tarixi taleyi üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsinin şərtlərinin beynəlxalq aləmin diqqət mərkəzinə çəkilməsi, idarəetmə strukturlarında ədalətin, demokratiyanın, operativliyin və dinamikliyin təmin olunması, “hakimiyyət xalq üçündür” prinsipinə dönmədən əməl edilməsi, aqrar islahatların, özəlləşdirmənin uğurla aparılması, yeni iqtisadi münasibətlərin formalaşdırılması, əhalinin sənaye mallarına, ərzaq məhsullarına kəskin ehtiyacının ödənilməsi, enerji təminatı sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələrin həyata keçirilməsi, ağıryüklü təyyarələrin qəbulu üçün aeroportun yenidən qurulması, mədəni mühitin dirçəldilməsi, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımların atılması... sadalamadığımız yüzlərlə belə böyük tədbirlər məhz bu qısa müddətdə Naxçıvanda yüksək səviyyədə gerçəkləşdirilmişdi. Ölkəmizin ən kütləvi siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsi, az vaxt ərzində böyük nüfuz qazanması da ulu öndərin fəaliyyətinin Naxçıvan dövrünə aiddir.
Ayrıca qeyd olunmalıdır ki, həmin illərdə muxtar respublikanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində əsaslı yüksəlişin baş verməsi istiqamətində həyata keçirilən möhtəşəm tədbirlər sistemliliyi və kompleksliyi ilə səciyyələnir. Ulu öndər Naxçıvanı düşdüyü blokada vəziyyətinin çoxşaxəli çətinliklərindən xilas etmək məqsədilə yerli imkanlardan maksimum dərəcədə yararlanmaq üçün ardıcıl tədbirlər işləyib hazırlayır, onları uğurla reallaşdırırdı. Məsələn, ölkədə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi 6 aprel 1992-ci il tarixdə “Zərərlə işləyən kolxoz və sovxozların özəlləşdirilməsi haqqında” Qərar qəbul etmiş, qısa müddət ərzində muxtar respublikada aqrar islahatlar yüksək səviyyədə aparılmış, yeni mülkiyyət münasibətləri formalaşdırılmışdı. Azərbaycanın əsas hissəsi ilə əlaqələrin bərpası üçün də müxtəlif vasitələrdən istifadə edilirdi. Hava limanının yenidən qurulması və digər analoji tədbirlər məhz bu məqsədə yönəldilmişdi. Həmçinin qonşu Türkiyə və İran dövlətləri ilə yaradılmış qarşılıqlı əlaqələr, təşkil olunan gömrük-keçid məntəqələri, tikilən körpülər də bu baxımdan özünəməxsus əhəmiyyət daşıyırdı. Naxçıvanda “Real” informasiya agentliyinin, Bakıda “Naxçıvan” qəzetinin fəaliyyətə başlaması, bölgədə baş verən proseslər, bədnam ermənilərin törətdiyi vəhşiliklər barədə dünyanın mötəbər beynəlxalq təşkilatlarına müntəzəm və təsirli məlumatların çatdırılması da bu qədim diyarın qorunmasına yönələn müdrik və qətiyyətli addımlar idi. “Naxçıvan Muxtar Respublikadır. Azərbaycanın tərkibindədir. Bu, beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur, onu heç kəs dəyişdirə bilməz”, – deyən ulu öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrdə bu statusun işığında ciddi tədbirlər həyata keçirmiş, bölgəni işğaldan qorumuşdur. Ali Məclisin Sədri seçilməsindən cəmi bir neçə gün sonra, 7 sentyabr 1991-ci il tarixdə ümummilli liderimizin imzaladığı Qərarla Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkili də bu baxımdan çox mühüm tədbir idi. Bütün digər sahələrlə yanaşı, humanitar məsələlər də görkəmli dövlət xadimi Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Naxçıvanlı gənclərin Türkiyənin müxtəlif universitetlərində ali təhsil almaq üçün göndərilməsi, səhiyyənin, ədəbi-mədəni mühitin inkişafına böyük qayğı göstərilməsi və sair tədbirlər bu qəbildəndir. Təkcə bir faktı xatırladaq ki, 23 oktyabr 1992-ci ildə Naxçıvanda soyuq hava şəraitində ustad romantik ədib Hüseyn Cavidin 110 illik yubileyi qeyd olunmuş, ulu öndərimiz Heydər Əliyev tədbirdə iştirak və çıxış etmişdir. Bu kimi onlarla fakt sadalamaq olar.
Beləliklə, ümummilli liderimizin 22 iyul 1990-cı ildə Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sözləri ilə ifadə etsək: “Azərbaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə Naxçıvan boyda əbədi, həmişəyaşar abidə ucaltdı”.
Görkəmli siyasi xadim Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində 1993-cü ilin iyununadək çalışmışdır. Ölkənin ağır durumunda xalq təkidlə Heydər Əliyevi Bakıya, Azərbaycan rəhbərliyinə dəvət etmişdir. 1993-cü ilin 9 iyununda Bakıya gələn ulu öndərin 15 iyunda Milli Məclisin Sədri seçilməsi Vətənin və xalqın tarixində əsl Qurtuluş gününə çevrilmişdir. Həmin ilin 3 oktyabrında xalqın böyük dəstəyi ilə ölkə Prezidenti seçilən dahi şəxsiyyət on il ərzində neçə-neçə qərinəyə bərabər işlər görmüş, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi böyük tarixi missiyanı uğurla həyata keçirmişdir.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycana ikinci rəhbərliyi dövründə də Naxçıvana xüsusi diqqət və qayğı göstərmiş, blokadanın çətinliklərinin aradan qaldırılması, muxtar respublikanın inkişafı üçün mühüm tədbirlər həyata keçirmişdir. Ümummilli liderimizin Naxçıvana hər səfəri tarixi hadisəyə çevrilmiş, regionun gələcəyi üçün tarixi qərarların qəbul edilməsi ilə yadda qalmışdır.
Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolunda olmaqla əsl intibah dövrünü yaşayır. Blokada şəraitinin yaratdığı çoxsaylı çətinliklərə baxmayaraq, ulu diyarımız gündən-günə çiçəklənir, həyata keçirilən böyük quruculuq işləri muxtar respublikamızın hərtərəfli inkişafını təmin edir. Ən ucqar dağ kəndindən başlayaraq muxtar respublikanın paytaxtınadək hər bir yaşayış məntəqəsində yenidənqurma, tikinti, abadlıq işlərinin aparılması, çəkilən yollar, salınan körpülər, gözoxşayan yaşıllıqlar, istifadəyə verilən çoxsaylı sosial obyektlər, istehsal müəssisələri, yaradılan on minlərlə yeni iş yerləri, əhalinin rifah halının yüksəldilməsi, mədəni mühitin əsaslı dirçəlişi, genişlənən xarici-iqtisadi əlaqələr və sair hamısı muxtar respublikamızın son iyirmi ilə yaxın müddətdəki möhtəşəm inkişaf və yüksəlişinin parlaq təzahürüdür. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ulu öndər Heydər Əliyev ideyalarını əzmlə, sədaqətlə və mükəmməl şəkildə həyata keçirməsi sayəsində gerçəkləşmişdir.
1995-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən cənab Vasif Talıbov ən böyük məqsədinin ulu öndərin siyasi kursunu layiqincə davam etdirmək olduğunu vurğulayaraq demişdir: “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”. Ötən illər ərzində bütün sahələrdə qazanılan heyrətamiz uğurlar məhz ulu öndər Heydər Əliyev ideyalarının həyati gücünün təntənəsinə çevrilmişdir.
Möhtəşəm tərəqqinin miqyasını təsəvvür etmək üçün aşağıdakı faktlara diqqət yetirmək kifayətdir. 1995-ci illə müqayisədə 2012-ci ildə Naxçıvan Muxtar Respublikasında Ümumi Daxili Məhsul istehsalı 48,1 dəfə, sənaye məhsulunun ümumi həcmi 87,5 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 322,2 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 8,3 dəfə, xarici ticarət dövriyyəsi 23,7 dəfə, əhalinin gəlirləri 51,5 dəfə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 23 dəfə artmışdır.
1 yanvar 1996-cı ildən 1 aprel 2013-cü ilədək olan dövr ərzində muxtar respublikada 218 inzibati bina, mənzil təsərrüfatı üzrə 39 obyekt, 52 nasos stansiyası, 280 subartezian quyusu, 74 körpü, rabitə və informasiya texnologiyaları sahəsində 347 obyekt və qurğu, 166 elm və təhsil müəssisəsi, 178 mədəniyyət müəssisəsi, 154 səhiyyə müəssisəsi, 23 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 465 fərdi ev, 593 istehsal və xidmət obyekti tikilərək istifadəyə verilmişdir. Bu dövr ərzində 242 inzibati binanın, mənzil təsərrüfatı üzrə 603 obyektin, 111 nasos stansiyasının, 100 subartezian quyusunun, 62 körpünün, 116 elm və təhsil,146 mədəniyyət,48 səhiyyə müəssisələrinin, 15 halda idman obyektlərinin, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 21 fərdi evin yenidən qurulması və əsaslı təmiri aparılmışdır.
Həmin dövr ərzində Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, 77670 yeni iş yeri yaradılmışdır.
Çoxsaylı belə faktlar Naxçıvanda, sözün əsl mənasında, intibahın parlaq təzahürüdür. Ölkə Prezidenti cənab İlham Əliyev muxtar respublika sakinləri ilə görüşdə bu böyük tərəqqiyə yüksək qiymət verərək demişdir: “Azərbaycanın qədim torpağı olan Naxçıvan çox sürətlə inkişaf edir və naxçıvanlılar ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verirlər. Mən Naxçıvanın rəhbəri Vasif Talıbovun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Onun fəaliyyəti nəticəsində burada bu işlər görülür və o da sizə arxalanır. Öz fəaliyyəti ilə ulu öndər Heydər Əliyevin tutduğu yolu Naxçıvanda davam etdirir. Bu, çox böyük nailiyyətdir”.
Bütün bu misilsiz nailiyyətlərin hamısı ulu öndər, böyük dövlət xadimi Heydər Əliyev siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi nəticəsində qazanılmışdır. Bu möhtəşəm təlim sabahkı uğurlarımızın da etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir. Bu məşəlin hərarəti isə dünya durduqca bütün azərbaycanlıların ürəyini isidəcək, müstəqil Azərbaycanın inkişafına xidmət edəcək. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, – deyən ümummilli liderimiz Heydər Əliyevin adı və əməlləri daima yaşayacaq!
Hüseyn HƏŞİMLİ
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı, filologiya elmləri doktoru, Əməkdar elm xadimi