Mayın 11-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Heydər Əliyev və Azərbaycan teatrı” mövzusunda tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları ulu öndərimizin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq dahi rəhbərimizin Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın zəngin yaradıcılıq ənənələrinə malik teatr sənətinə böyük diqqət və qayğı göstərmişdir. Ulu öndərimiz deyirdi: “Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır, orada çalışanlar fədakardırlar, fədaidirlər... Teatr xadimləri tamaşaçıya bir söz demək üçün, onu irəliləyişimizə mane olanlara qarşı mübarizəyə qaldırmaq üçün nə qədər çalışırlar. Heç kim bilmir ki, aktyor səhnəyə çıxıb rolu tamaşaçı qarşısında oynadığı vaxta kimi nə qədər həyəcan, sevinc keçirir. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var”.
“Ulu öndərimizin hakimiyyəti illərində milli teatrımız əsl inkişaf və intibaha qovuşmuşdur”, – deyən nazir qeyd etmişdir ki, əgər 1969-cu ilə qədər ölkəmizdə 12 professional teatr var idisə, hazırda Azərbaycanda 30-dək professional, 50-dən çox xalq teatrı fəaliyyət göstərir.
Vurğulanmışdır ki, mədəniyyət tariximizin işıqlı amallar tarixini yazan milli teatrımız ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Teatrlara diqqət və qayğı artırılmış, aktyor və rejissorların yaradıcı fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilmiş, teatr kollektivlərinin əməkhaqları dəfələrlə artırılmış, aktyorların, dramaturqların, rejissorların yubileyləri qeyd olunmuş, Azərbaycan teatrının beynəlxalq əlaqələri genişləndirilmişdir.
Ulu öndər Heydər Əliyevin teatrlarımıza göstərdiyi diqqət və qayğı bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Teatr binaları yenidən qurulur və ya əsaslı təmir edilir, teatr sahəsində uğurlu islahatlar aparılır.
Teatrlarımıza dövlət qayğısını muxtar respublikamızda fəaliyyət göstərən sənət ocaqlarının timsalında da aydın görmək mümkündür. Qədim diyarımızda teatrın zəngin ənənələrinin qorunması, milli teatr sənətinin davamlı inkişafının təmin edilməsi, teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Tədbirdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Kamran Quliyevin, teatrın aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti Xəlil Hüseynovun, Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Elmira Kərimovanın çıxışları olmuşdur. Çıxışlarda qeyd edilmişdir ki, Azərbaycan milli teatr tarixində parlaq səhifələr açan və may ayının 11-də yaranmasının 130 ili tamam olan Naxçıvan teatrı hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Bu gün teatr xadimlərinə, aktyorlara, yaradıcı insanlara qayğı, istedadlı gənclərin üzə çıxarılması, onların bədii axtarışlarının dəstəklənməsi məqsədilə həyata keçirilən tədbirlər muxtar respublikamızda mədəniyyət sahəsində reallaşdırılan prioritet vəzifələrdəndir. Teatrlarda çalışanlara qayğı göstərilməsi, onlar üçün hərtərəfli iş şəraitinin yaradılması aktyorların yaradıcılıq əhval-ruhiyyəsini daha da yüksəldir.
Sonra tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxmış, Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olmuşlar. Muzeyin direktoru Ramil Orucəliyev muzeydə nümayiş etdirilən eksponatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Həmin gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Mirzə Fətəli Axundzadənin “Hekayəti-xırs quldurbasan” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa teatrsevərlərə təqdim olunmuşdur.
Səbuhi HÜSEYNOV