03 Yanvar 2025, Cümə

Görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin nüfuzu yüksəlmiş, iqtisadiyyat möhkəmləndirilmiş və inkişaf etdirilmişdir. Sovet hakimiyyəti dövründə respublikamızı bütün sahələrdə öncül edən ulu öndər ölkəmizin dövlət müstəqilliyi üçün təməl yaratmış, sonrakı hakimiyyəti dövründə öz xalqının inkişaf yolunu müəyyən edərək onun müstəqillik və tərəqqi yolunda sonrakı taleyini həll etmək məsuliyyətini inamla öz üzərinə götürmüş və buna nail olmuşdur. Dahi rəhbər Heydər Əliyev ölkəmizə birinci rəhbərliyi dövründə sosial-iqtisadi inkişafa zəmin yaradacaq mühüm qərarlara imza atmaqla Azərbaycan iqtisadiyyatının inkişafının  və müstəqil dövlətin yaranmasına xidmət edən strategiyanın bünövrəsini qoymuşdur. Bugünkü müstəqil Azərbaycanın əldə etdiyi uğurlar və dinamik inkişaf məhz həmin dövrdə ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış iri sənaye infrastrukturuna, xüsusilə də neft emalı sahəsində nəhəng qurğuların tikilməsi hesabına əsası qoyulan iqtisadi və sənaye potensialına əsaslanır.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının da əldə etdiyi uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Naxçıvan Muxtar Respublikasına xüsusi diqqət göstərən görkəmli dövlət xadimi Heydər Əliyev ilk dəfə hakimiyyətə gələn kimi diqqətdən kənarda qalan və çətin həyat problemləri yaşayan muxtar respublikanın inkişafını təmin etmək üçün ciddi fəaliyyətə başlamışdır. Onun göstərişlərinə uyğun olaraq, doqquzuncu beşillikdə Naxçıvanın xalq təsərrüfatının inkişaf planı işlənib hazırlanmış, bu planın həyata keçirilməsi ilə qısa müddət ərzində iqtisadi və sosial inkişafda yüksək nəticələr əldə edilmiş, tarixən Azərbaycan iqtisadiyyatında sənayesinə görə aparıcı yerlərdən birini tutmuş Naxçıvanda sənayenin inkişafı geniş vüsət almışdır. Bu dövrdə Azərbaycanda istehsal edilən daşduzun, molibdenin, sink və qurğuşunun hamısı, mineral suların əsas hissəsi, ipək xammalının, inşaat materiallarının, mərmərin, şərabın, meyvə konservlərinin bir hissəsi muxtar respublikanın payına düşür, yüzlərlə məhsul növünün xeyli hissəsi xarici ölkələrə göndərilirdi. 1970-85-ci illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün Naxçıvan Muxtar Respublikasına 900 milyon manat sərmayə qoyulmuşdur. İqtisadiyyata əsaslı vəsait qoyuluşunun artırılması ilə Naxçıvanda Tütün-Fermentasiya, Alüminium Qablar, Sirab Mineral Sular, Şərab, Elektrotexnika və Avtotəmir zavodları istifadəyə verilmiş, Ordubad Baramaaçan və Naxçıvan Tikiş fabrikləri yenidən qurulmuş və fəaliyyəti genişləndirilmişdir. 

8 yanvar 1974-cü ildə muxtar respublika iqtisadiyyatının inkişafını daha da sürətləndirmək və əhalinin maddi rifahını yüksəltmək məqsədilə Azərbaycan KP MK və respublika hökuməti tərəfindən “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” Qərar qəbul edilmişdir. Bu qərarda nəzərdə tutulan işlərin dahi şəxsiyyət Heydər Əliyevin şəxsən nəzarəti altında yerinə yetirilməsi nəticəsində muxtar respublikanın iqtisadi və mədəni inkişafında əhəmiyyətli dəyişikliklər baş vermişdir.
Ümummilli lider Heydər Əliyev Naxçıvanda yüngül sənayenin inkişafı üçün bir sıra qərarların qəbul edilməsinə nail olmuş, 1971-ci il 14 yanvar tarixli Qərarla Naxçıvan şəhərində Alt Trikotaj Fabriki tikilmişdir. 1980-ci ildə muxtar respublikadakı bütün sənaye məhsulunun 90 faizi yüngül və yeyinti sənayesi sahəsinin məhsullarından ibarət idi və bu sahələrin məhsullarının istehsalına görə muxtar respublika Azərbaycanda öncül yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan mineral suların 90 faizi, xam ipəyin 5,2 faizi, şərabçılıq sənayesi məhsulunun 5 faizi, konserv istehsalının 3,3 faizi muxtar respublikanın payına düşürdü.
Ötən əsrin 70-ci illərinə qədər potensial imkanların mövcud olmasına baxmayaraq, muxtar respublikada elektrik enerjisi istehsalı çox zəif inkişaf etmişdi. Dahi şəxsiy­yət Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdə Araz Su Elektrik Stansiyası (Araz SES) tikilib istifadəyə verilmişdir. Muxtar respublikanın blokadada olduğu çətin illərdə Araz SES-in əhaliyə çox böyük köməyi olmuşdur.
Həmin dövrdə muxtar respublikada üzlük materialların istehsalının daha da inkişaf etdirilməsi sahəsində çox böyük işlər görülmüş, üzlük plitələrin buraxılması üzrə yeni müasir müəssisələr yaradılmış, istehsal olunan məhsulun keyfiyyəti yaxşılaşdırılmışdır. Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 19 fevral 1982-ci il tarixli “Naxçıvan MSSR-də üzlük materialların istehsalının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” Qərarında Naxçıvanda üzlük materialların istehsalının genişləndirilməsi üçün kompleks təşkilati və iqtisadi tədbirlər müəyyənləşdirilmişdi. Bu gün Naxçıvanın tikinti materialları istehsalı mərkəzinə çevrilməsi müdrik rəhbər Heydər Əliyevin müəyyənləşdirdiyi tədbirlərin həyata keçirilməsinin nəticəsidir.
Azərbaycan Respublikasında 1990-cı illərin əvvəllərində yaranmış qarışıqlıq dövründə yenə də Naxçıvanın tənəzzülünün qarşısının alınması ulu öndər Heydər Əliyevin Naxçıvana qayıtması ilə mümkün olmuşdur. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə, bütün sahələrdə olduğu kimi, muxtar respublikanın sənayesində də əsaslı islahatlar aparılmış və bunun nəticəsində sənaye məhsulu istehsal edən dövlət və qeyri-dövlət bölmələrində yaradılmış müəssisələr hesabına ümumi sənaye məhsulunun həcmində hər il dinamik artım müşahidə edilmişdir.
Bu gün Heydər Əliyev siyasətinin davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən regionların iqtisadiyyatının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Məhz bu siyasətin davam etdirilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ciddi səyi nəticəsində muxtar respublika sənayesinin inkişafı daha da sürətlənmişdir. Muxtar respublikada gedən sənayeləşmə prosesi məşğulluq probleminin həllinə kömək etmiş, mineral-xammal resurslarına əsaslanan sənaye sahələrinin, kənd təsərrüfatı xammalının emalına xidmət edən müəssisələrin yaradılması bu sahənin inkişafına səbəb olmuş, əhalinin sənaye məhsullarına olan tələbatı ödənilmiş, regionlararası və regiondaxili iqtisadi əlaqələr, o cümlədən xarici-iqtisadi əlaqələr təkmilləşmiş, nəticədə, əhalinin həyat səviyyəsi yüksəldilmişdir. Son 17 ildə idxalın strukturunda texnologiyaların xüsusi çəkisinin artması ilə yüksək keyfiyyətli məhsul istehsalına, yeni texnologiyalardan istifadə və məhsul çeşidlərini yeniləşdirməklə müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına nail olunmuşdur. Daxili və xarici bazara inteqrasiyanın təşkil edilməsi ilə əlverişli biznes mühitinin yaradılması məhsul istehsalının artmasına təkan vermiş, 1995-ci illə müqayisədə 2012-ci ildə sənaye məhsulunun həcmi 87,5 dəfə artmışdır. Yeni sənaye müəssisələrinin yaradılması istiqamətində görülən tədbirlər nəticəsində 2012-ci ildə 98 layihə üzrə istehsal və xidmət sahələri istifadəyə verilmişdir. Sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən tədbirlər nəticəsində son 12 il ərzində Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına 1066 layihənin maliyyələşdirilməsinə 86 milyon manatdan artıq güzəştli kredit verilmişdir. Bunun nəticəsində də hazır­da istehsal olunan sənaye məhsulunun 92,6 faizi özəl sekto­r­un payına düşür.
Ümumi Daxili Məhsulun tərkibində malik olduğu paya görə 26,9 faizlik xüsusi çəkiyə qədər yüksələn sənaye sahəsində aparılan uğurlu islahatlar nəticəsində bu sahədə sürətli inkişafa nail olunmuş və aqrar region kimi tanınan muxtar respublikada sənayeləşmə prosesinə start verilmişdir. Təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi, sənaye müəssisələrinin bərpa olunması və yenidən qurulması, müəssisələrin dünya standartlarına uyğun texnologiyalarla təmin edilməsi, səmərəli kredit mexanizminin qurulması, yerli və xarici bazarlara çıxış imkanlarının sadələşdirilməsi nəticəsində sənaye Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yerə sahib olmuş və təkcə 2012-ci ildə 799 milyon 492,4 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. İstehsal olunan sənaye məhsulunun 95,7 faizi malların, 4,3 faizi isə xidmətlərin payına düşmüşdür.
Aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir ki, bu gün muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələri milli bazarı yerli məhsullarla təmin etməklə yanaşı, ixrac fəaliyyəti ilə də məşğul olurlar. 2012-ci ildə daxili tələbatdan artıq istehsal olunmus 280 milyon 622 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac edilmişdir.
Bütün bu uğurlar ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının muxtar respublikamızda böyük yaradıcılıqla həyata keçirilməsinin əməli nəticələridir.

Mehriban İMANOVA
iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR