Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar dünən Naxçıvan şəhərinin Heydər Əliyev prospektindən başlayaraq Atatürk və Nizami küçələrindən keçməklə və əks istiqamətdə Heydər Əliyevçi gənclərin yürüşü keçirilib. Möhtəşəmliyi ilə seçilən təntənəli yürüşə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, 705 saylı hərbi hissənin tam orta məktəbinin, Heydər Əliyev adına tam orta məktəbin şagirdləri, gənc fəallar, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Gənc Heydərçilər”i qatılmışdı.
Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Hazırda Azərbaycan Ordusu ölkə başçısının böyük qayğısı sayəsində özünün yüksək inkişaf mərhələsini yaşayır. Azərbaycan öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Ordumuz üçün peşəkar hərbi kadrların hazırlanmasında Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Lisey xüsusi rol oynayır. Bu liseyin kursantlarının üzərlərinə düşən məsuliyyət ölkədə analoji sahədə ixtisaslaşmış məktəblərə nisbətən iki dəfə artıqdır. Ona görə ki, bu Hərbi Lisey Azərbaycan tarixinin ən qüdrətli generalı, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyır. Orkestrin ifa etdiyi hərbi marşların sədaları altında Azərbaycanın yenilməzlik simvolu olan Naxçıvan şəhərinin mərkəzi prospekti ilə hərəkət edən Hərbi Liseyin kursantlarının qəti addım səsləri insanlarımıza bir daha yenilməzlik ruhu aşıladı. Qafqazın hərbi cəhətdən ən qüdrətli ölkəsinin gələcək zabitlər ordusunun, sabahın generalları olacaq Hərbi Lisey kursantlarının yürüşündə məhz Heydər Əliyev yoluna inam, ulu öndərin şah əsəri olan müstəqil Azərbaycanı düşmən qarşısında müdafiə etmək əzmi duyulurdu.
Ulu öndər çıxışlarından birində deyirdi: “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır.” Bu gün Ali Baş Komandanın əmrinə müntəzir dayanan, hər an əldə silah Vətənin müdafiəsinə hazır olan bir ordumuz var. Mətinliklə addımlayan bu kursantlar isə ordumuzun gələcəkdə daha qüdrətli olacağına, başqa sözlə desək, Azərbaycanımızın daha qüdrətli sabahına təminatdır.
705 saylı hərbi hissənin tam orta məktəbinin və Heydər Əliyevin adını daşıyan tam orta məktəbin şagirdlərinin yürüşündə isə bu Vətənin sabahı üçün savadlı mütəxəssislər kimi yetişəcək hər bir məktəblinin Vətənin sadiq müdafiəçisinə çevrilə biləcəyi niyyəti duyulurdu. Bir ölkə o zaman yüksəlir ki, orda qılıncla qələm, güclə ağıl, hərbi qüdrətlə müdirik siyasət birləşir.
Yürüşə qatılan gənc fəallar artıq ən yaxın sabahların qurucularıdır. Onlar milli lider Heydər Əliyevin Azərbaycançılıq ideyaları ilə silahlanıblar. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Gənc Heydərçilər”inin yürüşdəki iştirakı da Heydər Əliyev ideyalarının, Heydər Əliyevçilik düşüncə sisteminin Azərbaycan var olduqca yaşayacağına inamı ifadə edirdi.
Mindən çox gəncin qatıldığı yürüş şəhər sakinləri tərəfindən maraqla qarşılanıb, yüzlərlə şəhər sakini yürüş iştirakçılarını sürəkli alqışlarla alqışlayıb.
Elnur KƏLBİZADƏ