Xalqımız ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013-cü il tarixli Sərəncamı xalqımızın taleyində xüsusi yeri və rolu olan qüdrətli rəhbərə ümumxalq ehtiramını dövlət səviyyəsində ifadə edən mühüm tarixi-siyasi sənəddir. Dövlət başçısının sərəncamında öz əksini tapmış aşağıdakı fikirlər ümummilli lider Heydər Əliyev dühasına bütövlükdə Azərbaycan xalqının yüksək ehtiramını və böyük qiymətini bildirən ürək sözləri kimi səslənir: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır”.
Ötən il dekabr ayının 22-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında 2013-cü ilin Naxçıvanda “Heydər Əliyev ili” elan edilməsi də müstəqil Azərbaycanın böyük qurucusuna göstərilən ehtiramın ifadəsidir. Görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında qeyd olunması haqqında Ali Məclis Sədrinin 14 fevral 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, muxtar respublikada silsilə tədbirlər keçirilmişdir.
1923-cü il may ayının 10-da Naxçıvanda dünyaya göz açan ulu öndərimizin həyatının mənası Azərbaycan idi. Dünya şöhrətli siyasi xadim özü bu barədə deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuşdur. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, əbədi müstəqillik konsepsiyasını yaratmışdır. Ona görə də 1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, inkişaf və tərəqqi yolunun başlanğıcı kimi qiymətləndirilir.
1969-cu ildə respublika rəhbərliyinə gələn ümummilli liderimiz sosial-iqtisadi böhran keçirən, iqtisadi cəhətdən geridə qalan Azərbaycanı qısa zaman ərzində keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmişdir. 1969-1982-ci illər Azərbaycan tarixinə yüksəliş, tərəqqi və inkişaf dövrü kimi daxil olmuşdur. Həmin dövrün ən böyük uğuru isə milli şüurun oyanması istiqamətində həyata keçirilən tədbirlərdir. Çünki bunsuz sosial-iqtisadi inkişafa nail olmaq, müstəqilliyə zəmin hazırlamaq mümkün deyildi. Keçmiş Sovetlər Birliyi məkanında, sovet ideologiyasının kifayət qədər güclü olduğu bir dövrdə Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, xalqın milli düşüncə tərzinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yalnız və yalnız ulu öndərimiz Heydər Əliyev kimi Vətəninə, xalqına bağlı cəsarətli bir dövlət xadimi, böyük iradə sahibi olan siyasi lider reallaşdıra bilərdi. Həmin dövrdə tarixi yaddaşın bərpası ilə yanaşı, ölkəmizin iqtisadi, sosial-siyasi və mədəni həyatında da inqilabi dəyişikliklər baş vermiş, 14 il ərzində Azərbaycan geridə qalmış regiondan mərkəzi hakimiyyətin dotasiyası olmadan öz-özünü maliyyələşdirən lider respublikaya çevrilmişdi. Şübhəsiz ki, bunlar gələcək müstəqillik dövrünə hazırlıq xarakteri daşıyırdı və bütün bunlar həyata keçirilməsəydi, ölkəmiz müstəqil dövlətçilik şəraitində özünü qoruyub-saxlaya və inkişaf edə bilməzdi.
Ümummilli liderimiz Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirdiyi taleyüklü tədbirlərin mahiyyətini belə xarakterizə edirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”.
1982-ci ildə ümummilli liderimizin SSRİ-də rəhbər vəzifəyə irəli çəkilməsindən sonra Azərbaycanın hərtərəfli inkişafı ilə yanaşı, xalqımızın dünya arenasında tanıdılması və təbliği istiqamətində görülən işlərin miqyası daha da genişləndirilmişdir. 1982-87-ci illərdə Heydər Əliyev şəxsiyyətinə görə keçmiş Sovetlər Birliyində Azərbaycanla hesablaşır, ölkəmizdəki inkişafın qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi. Azərbaycanın inkişafını dayandırmaq, onu parçalamaq üçün yeganə bir yol vardı – ölkəni Heydər Əliyev inkişaf xəttindən uzaqlaşdırmaq. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirildi, ümummilli liderimiz rəhbər vəzifədən uzaqlaşdırıldı. Bununla da, Azərbaycanın ağrı-acılarla dolu dövrü başlandı. Tarixi torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edildi, Azərbaycan xalqına qarşı 20 Yanvar, Xocalı faciələri törədildi.
Azərbaycanın xilası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu böyük şəxsiyyət ali dövlət vəzifələrində olmadığı dövrlərdə belə, Azərbaycançılıq uğrunda xidmətlərini davam etdirmiş, həyatını təhlükə qarşısında qoyaraq 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə o zamankı sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını kəskin ittiham etmişdi.
Bu kəskin bəyanatdan sonra milli liderimizin Moskvada yaşaması mümkün olmadı. O, 1990-cı il iyulun 20-də Bakıya gəldi. Lakin burada – vaxtilə qurub-yaratdığı şəhərdə qalmaq, ağır fəlakət anında xalqı ilə bir yerdə olmaq imkanı verilmədiyindən iki gün sonra, iyulun 22-də doğma Naxçıvana qayıtdı. Və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi.
1993-cü ilin iyununda əldən getməkdə olan dövlət müstəqilliyini Azərbaycana dahi şəxsiyyət Heydər Əliyev qaytarmışdır. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi məhz ümummilli liderimiz təlatümlər burulğanından xilas etmiş, möhkəm ictimai-siyasi sabitlik yaratmış, Azərbaycanı ötən əsrin 70-ci illərindən başlanan quruculuq xəttinə qaytararaq hərtərəfli inkişaf yoluna çıxarmışdır.
Ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, Əsrin müqaviləsinin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, müasir, demokratik, yerləşdiyi bölgədə lider ölkəyə çevrilən yeni Azərbaycan dövlətinin yaradılmasına səbəb olmuşdur.
Ümummilli liderimizin ideyaları, amalları bu gün də Azərbaycanın yoluna işıq saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir.
Xalqımız əmindir ki, ümummilli liderimizin siyasi kursu möhkəm əllərdədir. Bu kursu davam etdirən ölkə rəhbəri nəinki regionda, bütövlükdə, dünyada qəbul edilmiş siyasətçi kimi Azərbaycanı, onunla birlikdə Heydər Əliyev kursunu da yaşadır, ölkəmizi inamla daha xoşbəxt gələcəyə aparır, böyük uğurlara imza atır. Azərbaycanın dünyada söz sahibinə çevrilməsi, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir.
Bu gün Azərbaycanda əldə olunan nailiyyətlərin bir səbəbi var – o da təməli 1969-cu ildə qoyulmuş inkişafın Heydər Əliyev modeli, Heydər Əliyev quruculuq xəttidir. “Azərbaycan dünyaya Günəş kimi doğacaq”, – deyən ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanı lider dövlətə çevirərək xalqımızı daha işıqlı sabahlara doğru aparmaqdadır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin ulu öndərimizin 90 illik yubileyi haqqında Sərəncamında deyildiyi kimi: “Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır”.
Ümummilli liderimiz Heydər Əliyev ideyalarının tükənməz, yaradıcı gücü xalqımızın nurlu gələcəyi üçün sönməz məşəldir. Ulu öndərimiz Azərbaycan xalqının qəlbində DAHİ İNSAN, XİLASKAR RƏHBƏR kimi yaşayır və yaşayacaqdır.
Xalqın qəlbində, yaddaşında, tarixində və taleyində Onu əbədiləşdirən isə Heydər Əliyevin cəsarəti, prinsipiallığı və çətinliklərdən çıxış yolu tapmaq kimi fitri istedadı olmuşdur. Əsl siyasi liderlər öz cəsarəti, prinsipial qərarları, ən çətin şəraitdə çıxış yolu tapmaq məharəti ilə seçilən fitri istedada malik insanlardır. Heydər Əliyev liderliyinin, Heydər Əliyev öndərliyinin fərqləndirici xüsusiyyəti isə yuxarıda sadaladığımız üç cəhəti təkcə öz xarakterində əks etdirməsi deyil, onları şah əsəri olan müstəqil Azərbaycan dövlətinin bugünkü varlığına hopdurmasıdır. Ulu öndər Heydər Əliyev prinsipial qərarları ilə Azərbaycanın daxili və xarici siyasətini müəyyənləşdirən dövlət başçısına, cəsarəti ilə bu Vətəni qorumağa cavabdeh olan Silahlı Qüvvələrə, ən çətin şəraitdə çıxış yolunu tapmaq məharəti ilə, bütövlükdə, Azərbaycan xalqına nümunə göstərmişdir. Xalq isə yolunu 2003-cü ildə birmənalı şəkildə seçmişdir. Bu yol ulu öndər Heydər Əliyevin yoludur və Azərbaycanın müstəqilliyi qədər əbədidir, dönməzdir.
“Şərq qapısı”