03 Yanvar 2025, Cümə

“Naxçıvan” Sərhəd Diviziyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın memarı, ordu qurucu­luğunun banisidir” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı diviziyanın komandiri, general-mayor Asəf Quliyev açıb. Tədbirdə diviziyanın şəxsi heyət üzrə şöbə rəisinin müavini, polkovnik-leytenant Allahyar Allahyarovun “Heydər Əliyev müasir Azərbaycanın memarı”, Naxçıvan Özəl Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun “Heydər Əliyev ordu quruculuğunun banisidir” mövzularında məruzələri dinlənilib.
Bildirilib ki, Azərbaycanda güclü, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu prosesə məhz ulu öndərimizin rəhbərliyi ilə Naxçı­vandan başlanılıb. Xalqımızın böyük oğlu Heydər Əliyevin səyi nəticəsində 1991-ci il sentyabr ayının 7-də sovet ordusunun burada yerləşən hərbi hissəsinin bazasında ilk dəfə olaraq Naxçıvanda Milli Ordunun təməli qoyulub, Naxçıvan Müdafiə Komitəsi ya­radılıb. 1992-ci il sen­tyabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərarın qəbul edilməsi ordu quruculuğu istiqamətində böyük tarixi hadisə idi.

Vurğulanıb ki, 1994-cü il may ayının 12-də ulu öndərin təşəbbüsü ilə atəşkəsin əldə edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verilib. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırılıb. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edilib və Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradılıb. Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılı idi. Ona görə də Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sistemi formalaşdırılıb. Ümummilli liderimiz hələ Azərbaycana birinci rəhbərliyi dövründə azərbaycanlı gənc­lərin hərbi məktəblərdə təhsil almalarını təmin edib, müstəqillik dövrü üçün kadr potensialının, hərbi təmayüllü məktəblərin yaradılmasına nail olub.
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı əsasını qoyduğu tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd olunub ki, ölkəmizdə aparılan ordu quruculuğu muxtar respublikamızda da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin şəxsi heyəti üçün yeni əsgəri-məişət-yaşayış kompleksləri tikilir, hərbçilərin mənzil şəraiti yaxşılaşdırılır. Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan Ordusunun muxtar respublikadakı birləşmələri istənilən hücum əməliyyatını icra etməyə qadirdir.
Konfransa general-mayor Asəf Quliyev yekun vurub.

*    *    *

Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatında ümummilli lideri­miz Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov açaraq məruzə etmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan xalqının dövlət müstəqilliyinin ideya rəhbəri də, müstəqilliyin möhkəm əsaslarını yaradıb onu əbədi bir sərvətə çevirən də görkəmli dövlət xadimi Heydər Əliyev olmuşdur. Məhz ulu öndər Heydər Əliyevin böyük dühasının, dəmir siyasi iradəsinin, dövlətçilik qüdrətinin sayəsində Azərbaycan xalqı XX əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini yenidən qazana bilmiş və bu dövləti qoruyub möhkəmləndirmək, daha da inkişaf etdirmək imkanı əldə etmişdir. Ona görə də dahi şəxsiyyət Heydər Əliyev yeni epoxada Azərbaycanın dövlət müstəqilliyi ideyasının yaradıcısı, müstəqil dövlət quruculuğu hərəkatının böyük təşkilatçısı və rəhbəridir. Dahi rəhbər hələ keçmiş sovet rejimi dövründə bütün çətinliklərə baxmayaraq, ölkəmizdə milli istiqlal düşüncəsinin əsaslarını formalaşdırmaq kimi məsuliyyətli və şərəfli bir vəzifəni böyük bacarıqla həyata keçirmişdir.
Bildirilmişdir ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görən, bununla bağlı tarixi proseslərə təsir göstərə bilən görkəmli dövlət xadimi Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi, müdrik şəxsiyyətdir. Azərbaycan tarixinin son 40 ildən artıq bir dövrü ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çağdaş tariximizə Heydər Əliyev epoxası kimi daxil olan həmin dövrdə Azərbaycan böyük uğurlara imza atmışdır. Belə uğurlar Şahbuz rayonunu da müasir rayona çevirmişdir. Bölgədə geniş vüsət alan quruculuq təbdirləri hesabına bu dağlıq rayon bu gün özünün yeni inkişaf mərhələsini yaşayır.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyevin, partiya veteranı Təmleyxa Cəbi­yevin, YAP Şahbuz Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Vüqar Muradovun çıxışları olmuşdur.
Sonda ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

*    *    *

Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi Naxçıvan Biznes Mərkəzində tədbir keçirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov “Heydər Əliyev iqtisadi modeli müasir tərəqqinin əsasıdır” mövzusunda məruzə edib. Qeyd olunub ki, ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın bütün sahələri üzrə inkişafında, xüsusən iqtisadiyyatın dirçəlişində, sosial vəziyyətin yaxşılaşdırılmasında, dövlət müstəqilliyinin möhkəmləndirilməsində ümummilli liderin xidmətləri ölçüyəgəlməzdir. Dahi rəhbər Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində Azərbaycanın gələcək inkişafı, tərəqqisi, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması və cəmiyyətin firavanlığı naminə yorulmaq bilmədən çalışmış, uzaqgörənliklə Vətənimizin gələcək müstəqilliyinə hesablanmış tədbirlər həyata keçirmişdir. Görkəmli dövlət xadimi sonralar həmin illəri xatırlayaraq deyirdi: “…1970-ci illərdə görülən işlər, yaradılan böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görən zaman mən əmin idim ki, vaxt gələcək, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradacaqdır”.
Bildirilib ki, bu gün müstəqilliyinin 22-ci ilini yaşayan suveren Azərbaycan inkişaf tempinə görə nəinki regionda, hətta Müstəqil Dövlətlər Birliyi ölkələri arasında öncül yerlərdən birini tutur. Dünya birliyinə inteqrasiya prosesinin digər respublikalarla müqayisədə daha uğurla həyata keçirilməsi onu göstərir ki, müstəqilliyimizin iqtisadi bünövrəsi möhkəm qurulmuşdur. İkinci dəfə siyasi hakimiyyətə qayıdan dahi rəhbərimiz həmin bünövrə üzərində yeni bir Azərbaycan qurmuş, onu qoruyub saxlamış, dirçəltmiş, sabit inkişaf tempi ilə etibarlı əllərə təhvil vermişdir. Bu gün ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev respublikanın davamlı inkişafına, milli maraqlara, xalqın rifahının yaxşılaşdırılmasına xidmət edən sosial-iqtisadi strategiyanı uğurla davam etdirərək onu ardıcıl, məqsədyönlü və praqmatik siyasət sayəsində müvəffəqiyyətlə reallaşdırmaqdadır.
Sonra Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Abbas Babayevin, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları Vəfa Məmmədovanın və Elnur İbrahimovun çıxışları olmuşdur.


Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR