03 Yanvar 2025, Cümə

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Mətbuat Şurası tərəfindən elan olunmuş “Heydər Əliyev və insan hüquqları” mövzusunda yazı müsabiqəsinin nəticələrinin açıqlanması və qaliblərin təltif olunması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov muxtar respublikamızda jurnalist yazı müsabiqələrinin keçirilməsinin artıq ənənə halını aldığını, lakin insan hüquqları mövzusunda elan olunmuş bu müsabiqənin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq- mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hüquq islahatlarından, insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışıb, qalibləri təbrik edib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova bildirib ki, müsabiqənin keçirilməsinin əsas məqsədi ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin, dövlətçiliyimizin əbədiyaşarlığının təmin olunması, demokratik hüquqi dövlət quruculuğu, ölkəmizin müstəqilliyi dövründə insan hüquq və azadlıqları sahəsində reallaşdırılan islahatların daha da dərindən öyrənilməsindən, jurnalistlərin bu istiqamətdə yazılar hazırlamasını stimullaşdırmaqdan ibarət idi. Ulu öndərimizin 90 illik yubileyini qeyd etdiyimiz bir dövrdə insan hüquqlarının ən böyük müdafiəçisi ümummilli liderimizin bu sahədə həyata keçirdiyi tədbirlərin təhlil olunmasını özümüzə mənəvi borc saydıq. Ona görə də belə bir təşəbbüslə çıxış etdik. Müsabiqənin nəticələri onu deməyə əsas verir ki, qarşıya qoyulan məqsədə tam nail olunub.
Müsabiqənin münsiflər heyəti üzvlərindən “Şərq qapısı” qəzetinin Baş redaktoru Tural Səfərov, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev müsabiqənin keçirilmə şərtləri, müsabiqəyə təqdim olunan yazıların hansı meyarlara görə dəyərləndirildiyi haqqında məlumat veriblər. Vurğulanıb ki, təqdim olunan yazılar münsiflər heyətinin bir neçə mərhələdə keçirilən müzakirələrinin nəticəsi olaraq qiymətləndirilib.
Sonra müsabiqə qaliblərinin adları açıqlanıb. AMEA Naxçıvan Bölməsinin elmi işçisi Elxan Məmmədovun müsabiqəyə təqdim etdiyi yazı birinci, “Şərq qapısı” qəzetinin əməkdaşı Elnur Kəlbizadənin müəllifi olduğu yazı ikinci, “Nuh yurdu” qəzetinin redaktoru Qafar Qəmbərovun yazısı üçüncü yerə layiq görülüb. Qaliblərə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) diplomu, Naxçıvan Mətbuat Şurasının fəxri fərmanı və mükafatlar təqdim olunub. Qaliblər çıxış edərək ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqənin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR